Milli Məclisin komitə iclasında kitab və kitabxana sahəsindəki durumdan narahatlıq ifadə edilib
“Elektron kitabxanaya kimdir gedən? Elə evdə internetdə oxuyar da… İnsan kitabı sinəsinin üstündə oxumaq istəyir”.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, dövlətin çap etdirdiyi kitablar kitabxanaya çatdırılır, digər kitablar isə kitabxanalarda olmur:
“Cəmi üç rayonda kitabxana qalıb, digərlərində yoxdur. Ancaq elektron kitabxanalar var ki, onların da qapıları bağlıdır, heç biri işləmir. Mən özüm rayona gedəndə kitablar alıb aparıram ki, bu kitablar da kitabxanada olsun, bəlkə kimsə oxumaq istəyir. Ad çəkmək istəmirəm, küsürlər, rayonların əksəriyyətində kitab mağazası da yoxdur. Bu sahə canlandırılmalıdır”.
O bildirib ki, kəndlərdə fəaliyyət götərən kitabxanalar tamailə bağlanıb:
“Kəndlədə kitabxanalar bağlanıb, kitablar da hara atılıb, bilinmir. Nə var ki, orada işləyənlərə 120 manat maaş verilirdi…”
Çap məhdulları ƏDV-dən azad edilməlidir
Deputat Novruz Aslan da deyib ki, bu məsələyə sistemli, köklü yanaşma lazımdır. O bildirib ki, bəzi yerlərdə kitabxanalar qalsa da, ora üz tutan yoxdur, çünki çox bərbad vəziyyətdir.
Deputat Əflatun Amaşov kitabların qiymətinin çox baha olmasından şıkayətlənib. O, bunu xaricdən gətirilən kitrablara ƏDV tətbiq edilməsi və gömrük rüsumları ilə əlaqələndirib:
“İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir. Burada 18 faiz əlavə dəyər vergisi, 7-8 faiz gömrük və digər xərclər kitabı 60-70 faiz bahalaşdırır. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir”.
Ə.Amaşov ümumilikdə çap məhsullarının, əsasən də elmi jurnalların vergidən azad olunmasını təklif edib.
Komitə sədri Rafael Hüseynov kitabların qiymətlərinin baha olması ilə bağlı deyib ki, bu, bazar iqtisadiyyatının tələbləri üzündən yaranır, ona görə də müəyyən imtiyazların, güzəştlərin nəzərdə tutulması vacibdir.
Prezidentin frərmanının kitabxanların bağlanması kimi təqdim etmək yanlışdır
R.Hüseynov da kitabxana sahəsinin canlandırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bir neçə gün əvvəl ölkə prezidentinin kitabxanlarla bağlı fərmanı ilə bağlı yanlış fikirlər səsləndirilib. Komitə sədri deyib ki, bəziləri bunu kitabxanların ləğvi kimi izah etməyə çalışır, amma əslində belə deyil:
“Bu, əslində kitabxanların fəaliyyətinin daha da yaxşılaşdırılması deməkdir. Eyni zamanda, kitabxana işi haqqında qanunumuz var ki, onun da qəbulundan uzun vaxt keçir. Odur ki, onun da yeniləşdirilməsinə, situasiyaya uyğun olaraq, ona ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Bu məsələ də gündəmimizdədir”.
Prezidentin fərmanında kitabxanaların ləğv edilməsi qeyd edilib
Yanvarın 15-də Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin tabeliyindəki kitabxanalar ləğv edilir.
Fərmanda qeyd edilir ki, Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün komissiya təşkil olunur.
Fərmana əsasən, yaradılan Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Buraya informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili və s. daxildir.
Fərmana əsasən, təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək nazirliyin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirəcək.