“Kəndlərdə mal əti 13 manatdan 14 manata, qoyun əti 14 manatdan 15 manata yüksəlib”
“Bazar günü Bərdə mal bazarında diri heyvanlar bahalaşıb. Ötən həftə 67 kiloluq erkək dananı 600 manata almışdım, indi 65 kiloluq heyvanı 700 manatdan aşağı vermirdilər”.
Bunu Meydan TV-yə Bərdədə ət kəsimi ilə məşğul olan Elvin Abbasov deyib. Onun sözlərinə görə, son bir həftədə quzu da kəskin bahalaşıb. İndi 15 kiloluq quzunu 220 manatdan ucuz tapmaq çətindir.
Bərdə ilə yanaşı Ağdaşda da həm ət, həm də diri heyvan bahalaşıb. Ağdaşda qəssab kimi çalışan Səməd Süleymanov isə deyib ki, kəndlərdə mal əti 13 manatdan 14 manata, qoyun əti 14 manatdan 15 manata yüksəlib. Halbuki digər bölgələrdə ətin bahalaşması müşahidə edilsə də, Ağdaşda qiymət sabit olub.
“Ot qiyməti ötən ilin qışı ilə müqayisədə kəskin artmayıb. Buna baxmayaraq mal bazarında diri heyvanı bahalaşdırdılar, biz də ətin qiymətini artırmağa məcbur olduq”,- S.Süleymanov əlavə edib.
Hazırda Ağdaşda otun qiyməti 5 manat 50 qəpik-6 manat arasında dəyişir.
Heyvandarlıqla məşğul olan fermerlər isə deyirlər ki, son bir-iki ildə otu hətta 7 manatdan alıblar. Onların fikrincə, qiymət çox da dəyişməsə də, hazırda heyvan saxlamaq sərfəli deyil. Üstəlik, əhalinin alıcılıq qabiiyyəti də azalıb.
Ağdaşlı fermer Habil Məmmədov deyib ki, heyvandarlıqda xərclərin təxminən 70 faizi yemin payına düşür. Pandemiyadan bu günə kimi zərərlə işləyirlər.
“Son 4-5 ilə kimi 500-dən çox iribuynuzlu heyvanım vardı. Otlaq sahəsi yoxdur, yemə də pul çatdırmaq olmur. Bir inək günə bir bağlama yeyir. Bizi düşünən yoxdur”, – fermer deyib.
İqtisadçılar isə deyirlər ki, Ukraynadan 4 min tona yaxın mal əti idxal edilirdi, idxalın çətinləşməsi də bir tərəfdən ətin bahalaşmasına səbəb olub. Buna görə də ətin ucuzlaşmayacağı, amma qiymətlərin Novruz bayramından sonra sabitləşəcəyi gözlənilir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Meydan TV-yə bildirilib ki, Azərbaycanda ətin qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında formalaşır.
Kənd Təsərrüfatı Nazirliyindən də qurumun qiymətlərə müdaxilə etmək səlahiyyətinin olmadığını bildiriblər.