Təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən Cəmil Məmmədli yanvarın 18-də axşam saatlarında buraxılıb. İstintaq isə davam edir. Bu barədə Meydan TV-yə Cəmil Məmmədlinin özü məlumat verib.
Xaçmazda yaşayan və əsasən şimal bölgəsində fəaliyyət göstərən jurnalist Cəmil Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən, yaxud ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Onun haqqında cinayət işinin istintaqı Xaçmaz Rayon Polis Şöbəsində aparılacaq.
Jurnalist xuliqanlıqda ittiham olunur
Xaçmazda yaşayan və əsasən şimal bölgəsində fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli saxlanılıb. O, xuliqanlıqda ittiham olunur.
İttihama əsasən, Cəmil Məmmədli dekabrın 15-də Xaçmaz sakini C.Ağabalayevlə mübahisə edib. Mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlədib, həm özünə, həm də yanında olan anasına xəsarət yetirərək, xuliqanlıq edib.
Mübahisə isə onların avtomobillərinin toqquşmasından sonra yaranıb.
Cəmil Məmmədli baş verənləri özünə qarşı təxribat sayır. O iddia edir ki, qarşı tərəf onu davaya təhrik edib, nəticədə özünü müdafiə etməli olub.
Cəmil Məmmədli hesab edir ki, ona qarşı baş verənlərin arxasında Qubanın icra başçısı dayanır. O, yada salıb ki, bir müddət əvvəl onun şikayəti əsasında məhkum edilib – barəsində islah işləri cəzasına dair hökm çıxarılıb:
“Onda mənim həbsimə nail olmaq istədi, o zaman alınmadı, indi də bu yolla işi saxtalaşdırıblar”.
Cəmil Məmmədlinin saxlanmasını Daxili İşlər Nazirliyindən də Meydan TV-yə təsdiqləyiblər. Nazirliyin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, Cəmil Məmmədli başlanmış cinayət işi üzrə saxlanılıb:
“Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.