Boksçu İlham Əliyevin qaldığı otelin önündə aksiya keçirib

“Prezidentə Azərbaycandakı vəziyyəti çatdırmaq istəyirəm”

Source:



“Prezidentə Azərbaycandakı vəziyyəti çatdırmaq istəyirəm”

Azərbaycanlı Avropa çempionu Ağəli Alışov prezident İlham Əliyevin Berlinə səfəri zamanı onun qaldığı otelin önündə aksiya keçirib.

İdmançı bunu etməklə ölkə başçısının diqqətini çəkmək, Azərbaycandakı məmur özbaşınalığını onun nəzərinə çatdırmaq istəyib.

Başına gələnlər haqqında Meydan TV-yə danışan idmançı deyir ki, boks üzrə ilk azərbaycanlı Avropa cempionudur, IBO- İnternational dunya kəmərinin sahibidir: “Ukrayna cempionu olmuşam. Həm də 11 ay ərzində Almaniyada peşəkarlar arasında Almaniya çempionu oldum. 2014-cü ilə qədər bütün döyüşlərimi öz gücümə və dostlarımın dəstəyi ilə etmişəm. Yarışlarda Azərbaycanı təmsil edib, bayrağımızı yüksəltmişəm. Ukraynanın Donetski vilayətində yaşayırdım. Donetski Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsində oxuyurdum. Bununla yanaşı Kiliçko qardaşlarının yaratdığı “K2 promotions” klubunda vuruşurdum. Bütün nailiyyətlərimi də məhz həmin vaxt əldə etmişəm”.


Nazirlə görüşmək istədi, polisə düşdü

2014-cü ildə Donetskidə gedən savaşla əlaqədar Azərbaycana dönən idmançı deyir ki, elə problemləri də bundan sonra başlayıb:

“Ölkəyə döndükdən sonra həm bir fəal gənc, həm də idmançı kimi gənclər və idman naziri Azad Rəhimovla görüşmək istədim. Həm şifahi, həm də yazılı şəkildə müraciətlər etdim. Ancaq cavab ala bilmədim. Nəticədə dayanmadan teleqramlar vurmağa başladım. Mənə cavab olaraq yazdılar ki, Boks Federasiyasına müraciət edim. Bundan sonra Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşmək üçün yollar axtardım. Lakin bütün cəhdlərim boşa çıxdı. Yenidən üz tutdum Gənclər və İdman Nazirliyinə. Onlara bildirdim ki, etdikləri bu özbaşınalığa görə prezidentə şikayət edəcəm, aksiya keçirəcəm. Mənə hədə-qorxu gəldilər, polis vasitəsilə oradan uzaqlaşdırdılar. Nərimanov Polis İdarəsinə gətirib bir müddət orada saxladıqdan sonra məni buraxdılar”.

Uğur qazandım, amma…

Ağəli Alışov deyir ki, dəfələlə cəhd etdikdən sonra Bakı Baş Gömrük İdarəsini rəisi Vüsal Novruzovla görüşə bilib: “O, həm də “Gilan” Boks Klubunun prezidentidir. Ukraynanın Odessa şəhərində bir yarışın keçirilməsinə dəstək oldu və o yarışda 3 raunda rəqibimə qalib gəldim. Ondan sonra ölkəyə döndüm və bir daha Vüsal Novruzovu görə bilmədim. Müavini ilə görüşüb, karyeramın davamının necə olacağını soruşdum. Cavabı “Vüsal müəllim bilər” – oldu. Bütün cəhdlərimə baxmayaraq, Vüsal Novruzovla görüşə bilmədim”.


Prezidentə gedən məktublar cavabsız qalıb

Bundan sonra boksçu çıxış yolunu İlham Əliyevə yazmaqda görüb:

“Dəfələrlə başıma açılan oyunlarla bağlı İlham Əliyevə məktub yazdım. Məktublara cavab verilmədi. İki dəfə də anam prezidentə teleqram vurub, başıma açılan oyunlardan danışıb. Amma cavab olmayıb. Qəzet və saytlar vasitəsilə etdiyim açıq müraciətlər də nəticəsiz qaldı. Prezident Administrasiyasından mənə dedilər ki, bura idman nazirliyi deyil, get onlara müraciət et. Mən də başa salmağa çalışdım ki, bu səbəbdən bura üz tutmuşam. Hətta dedim ki, jurnalistləri çağırıb aclıq aksiyasına başlayacam. Mənə dedilər ki, “başın bədəninizə ağırlıq etməsin”. 10 dəqiqə sonra polis gəlib məni apardı Nəsimi rayon Polis İdarəsinə. Bir müddət saxlayandan sonra dedilər: “Get, başını aşağı salıb işinlə məşğul ol. Cavan oğlansan, özünə problem yaratma. Get Ukraynada, Rusiyada döyüş”. Bu sözləri mənə Gənclər və İdman Nazirliyində də demişdilər”.

Mənə Leyla Əliyeva kömək edirdi

Mənim peşəkar karyeramda 31 döyüşüm olub, onların 9-da prezidentin qızı Leyla Əliyeva dəstək verib. Keçirdiyim 10 görüşdə nokautla qalib gəlmişəm. Lakin sonradan, bugünə qədər mənə aydın olmayan səbəbdən bir daha Leyla xanımı görə bilmədim. Tapşırdığı adam mənə bircə kəlmə söylədi: “Krizisdir, daha kömək edə bilmərik”. Mən yenə cəhdlər etdim ki, səsimi ölkə başçısına çatdırsınlar, əngəl oldular. İdmana aidiyyatı olan orqanların mənə qarşı etdikləri haqsızlıqlardan, təhdidlərdən cana doyub ölkəni tərk etmişəm. Hazırda Almaniyada müqaviləm var və karyerama davam edirəm. Aksiya keçirməyimin isə məqsədi İlham Əliyevə ölkədəki vəziyyəti çatdırmaq, məktubumun cavabını almaq idi. Bildirmək istəyirdim ki, onu aldadaraq, neçə-neçə gəncin həyatını Azərbaycanda məhv edirlər. Mənim arzum öz ölkəmi təmsil etmək, bayrağını ucaltmaq idi. Amma qoymadılar. Bundan sonra da cəhdlər edəcəm və səsimi prezidentə çatdırmağa çalışacam.


“Gilan” Boks Klubundan Meydan TV-yə məsələni şərh etmək istəmədiklərini bildiriblər.

Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səmayə Məmmədova isə dedi ki, Ağəli Alışov siravi idmançılarımızdan biridir: “Peşəkar boks nazirlik tərəfindən dəstəklənmir. Peşəkar boksçuların özlərinin sponsurları olur. O, özünə sponsur tapmalıdır”.

Ana səhifəXəbərlərBoksçu İlham Əliyevin qaldığı otelin önündə aksiya keçirib