Böhranda vətəndaş davranışı

Heç olmasa bu gündən sonra ilk olaraq seçici olun ki, vətəndaş da ola biləsiniz

Source:


Heç olmasa bu gündən sonra ilk olaraq seçici olun ki, vətəndaş da ola biləsiniz.


ReAL İdarə Heyətinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli öz Facebook səhifəsində  böhranda vətəndaşların davranma qaydaları ilə bağlı şərh verib:

Son illər hökumətin nəyi-necə etməli olduğu haqqında yüzlərlə yazılar yazdıq, proqram qəbul edib yaydıq, dinləmədilər, ölkəmizin sürətlə böhrana getdiyini görmədilər, heç bir islahat etmədilər, bunun ən böyük zərbəsi isə, təbii ki, ölkə vətəndaşlarına dəyir, insanlar iş yerlərini, gəlirlərini, gələcəyə olan ümidlərini itirirlər, yoxsullaşırlar. Bu yazıda vətəndaşın böhranlı vəziyyətdə davranış qaydaları haqqında öz fikirlərimi yazacağam, sonra bir yerdə müzakirə edək.

Çox maraqlıdır ki, Çin dilində böhran sözü elə yazılır ki, həm “böhran” kimi, həm də “fürsət” kimi oxunur. Dünyanın bir çox ölkələrində böhranlı vəziyyətlər müəyyən fürsətlər də açır. Sadəcə, bu fürsətlərdən yararlana bilmək üçün azad iqtisadi mühit lazımdır. Azərbaycanın timsalında problemin kökündə bu durur. Böhran vəziyyəti iş adamları üçün münbit şərait deməkdir ki, öz ideyalarını həyata keçirsinlər, həm də əlavə iş yerləri açsınlar. Bunun üçün isə onlara zəmanət lazımdır. İndiki halda Azərbaycanda heç bir iş adamının sabaha ümidi yoxdur ki, onun gəlirləri hansısa məmur tərəfindən mənimsənilməyəcək. Azərbaycanda da bu fürsətlər var, lakin hökumətin hayata keçirməli olduğu tədbirlər də var. Ədalətli iqtisadi mühit olmadığından sahibkarların hər hansı uğurlu addım atması mümkünsüzdür. İnsanlar həmişə yeni fürsətləri dəyərləndirməyə çalışacaqlar, təbii ki, bunun üçün gömrükdə, vergidə, qanunvericilikdə, məhkəmə sistemində islahatlara ehtiyac var. Azərbaycanın coğrafi baxımdan əlverişli mövqeyi var, insanları işgüzardır, başqa ölkələrdə uğur qazana bilirlər. Avropa ölkələrində, Rusiyada ABŞ-da böyük uğurlar qazanan yüzlərlə həmyerlimiz var. Onlar Azərbaycanda özlərini reallaşdıra bilməyiblər və xaricə üz tutmağa məcbur olublar. Bu cür insanların Azərbaycanda fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlərə ehtiyac var. Bura qədər yenə hökumətə aid olan məsələlərdir, etməlidirlər, etməyə məcbur olacaqlar, ya da, başqa hökumət gəlib, yenə də bunları etməlidir. Bunları etmək üçün isə siyasi azadlıqlara, rəqabətli mühitə ehtiyac var.

Yığımı olan vətəndaşların davranış qaydaları. Əhalinin bir qismində sərbəst vəsait var, əksəriyyət artıq vəsaitlərini dollara, ya avroya çeviriblər, ölkədə də normal şərait olmadığı üçün, onlar vəsaitlərini burada işlətmək istəmirlər. Əlində vəsait olan vətəndaşlar əvvəlki illərdəki kimi daha daşınmaz əmlaka yönəlmirlər, çünki daşınmaz əmlakın qiymətləri ölkədə şar kimi şişmişdi, heç bir iqtisadi əsası yox idi, buna görə də, bizdə daşınmaz əmlak qiymətləri sürətlə enəcək, 1,5-2 ilə normal səviyyələrə qədər düşəcək, ucuzlaşacaq. Bunu nəzərə alaraq əlində sərbəst vəsait olan vətəndaşlarımız ölkədən deyil, yaxın ətraf dövlətlərdən daşınmaz əmlak almağa meyillənəcək. Əsasən, Türkiyə və Gürcüstandan daşınmaz əmlak almaq məqsədəuyğundur, bu ölkələrdə daşınmaz əmlak qiymətləri hər il, ortalama, 10% civarında artır. Yəni, bu ölkələrdə yatırım etmək olar, digər istiqamət isə Bolqarıstan və Yunanıstan olacaq, bir qism vətəndaşların da oradakı daşınmaz əmlak bazarına yönəlməsi qazanclı olacaq.

Kiçik biznes açmağa az, amma yetərli qədər vəsaiti olan vətəndaşların davranış qaydaları. 1) Böhranda ən çox önə çıxan sahə “Fast food” olur, yəni, tez, ayaqüstü, ucuz yemək bişirib-satan kiçik obyektlər qazanclı olacaq. Ona görə də, bu sahəyə yatırım edənlər uduzmayacaq, təbii ki, söhbət işini keyfiyyətlə görənlərdən gedir. Məsələn, təqribən 1-2 manata ayaqüstü normal yemək düşünüb-satan kiçik işlətmələr karlı çıxacaqlar. Bu yeni növ yeməklər də ola bilər, fantaziyalar işə düşməlidir, 2) Küçə alveri geri dönəcək, bunsuz mümkün deyil, hökumət anlamalı, buna mane olmamalıdır. Küçə alverinə tez və müvafiq uğurlu yerdə başlaya bilən kiçik sahibkarlar karlı çıxacaqlar, 3) Kənd təsərrüfatı mallarına təlabat artacaq, ucuz mal qazanc gətirəcək. Havayı neft pulu ilə tikinti bumunu yaradan hökumət regionlardan insanların Bakıya axmağına səbəb oldu, həm də regionlarda ciddi infrastruktur problemləri var idi: qaz, işıq, yol, su. Son illərdə bu sahədə az da olsa irəliləyiş var, ona görə də, Bakıda kirayə, və ya qohum-dost evlərində qalan region əhalisinə məsləhətim budur ki, geri dönsünlər, torpağa bağlansınlar, əksinlər-becərsinlər, məhsul istehsal etsinlər, həm özlərini, həm şəhər əhalisini dolandırsınlar. Bilirəm ki, bunu oxuyan bir qism insan deyəcək ki, bu nə danışır, işləməyə qoyurlar ki? Qoyacaqlar. Quzu kimi olacaqlar, başqa yolları yoxdur, ya onlar siyasətini dəyişəcək, ya siyasət onları.

Banklara kredit borcu olan vətəndaşların davranış qaydaları. İlk öncə Rusiyada, Qazaxstanda olduğu kimi, mütləq borclular təşkilatlanmalı, öz ictimai qurumlarını yaratmalı, kütləvi şəkildə banklara məhkəmələrdə iddialar qaldırmalıdırlar. İlkin addım kimi bunu etməli, zaman qazanmalı, güzəştlər qoparmalıdırlar.

Dəyərli vətəndaşlar, bütün bunlar olmaya da bilərdi, əgər vətəndaşlarımız seçkilərdə aktiv olub, özlərinə hökumət seçsəydilər, bütün bu problemlər daha az ağrılı olar, daha tez həllini tapardı. Olan olub, keçən keçib, heç olmasa bu gündən sonra ilk olaraq seçici olun ki, vətəndaş da ola biləsiniz. Seçici olmayan vətəndaşın problemi həmişə çox olur. Allah hamımıza kömək olsun, məmləkətimiz bu ağır durumdan tezliklə çıxsın. Amin!

Ana səhifəXəbərlərBöhranda vətəndaş davranışı