Yadigar Sadıqlı

Mənbə: meydan tv

Başlıq: Yadigar Sadıqlı

Bodyguard əməliyyatı

Bu əməliyyat 3 hissədən ibarət idi

Nasist Almaniyasının rəhərliyi amerikan-britaniya qüvvələrinin bir gün Avropaya dəniz desantı çıxara biləcəklərini anlayırdı. Buna görə də Norveçin ən şimal nöqtəsindən tutmuş Fransa-İspaniya sərhədinə qədər 5000 kilometrlik sahil zolağında "Atlantik səddi" (Atlantikwall) deyilən istehkamlar yaratmışdı.

Lakin resurslar yetərincə deyildi və nəzərdə tutulan bütün işləri bitirmək üçün zamana ehtiyac vardı. Buna görə də almanlar ilk növbədə desant çıxarılmasını daha çox ehtimal etdikləri ərazilərə önəm verirdilər. Fransanın İngiltərəyə ən yaxın sahilləri (Kale şəhəri ətrafı) və Belçika sahilləri, Brest, Dyep və Loryan kimi limanlar daha yaxşı hazırlanmışdılar. Digər ərazilərdə isə planlaşdırılan işlərin daha az hissəsi həyata keçirilmişdi.

Atlantik səddinin ümumən zəif cəhəti isə dərinliyinin olmaması idi. Bütün istehkamlar demək olar ki, sahil zolağında yerləşir və ərazilərin içərilərinə doğru dərinliyi 2-4 kilometrdən ibarət idi. Bu o demək idi ki, sahildəki istehkamların tutulması ilə almanların müqaviməti qırılacaqdı. Müqayisə üçün göstərək ki, Majino xəttindəki istehkamların dərinliyi 90-100 kilometr idi.

Qərb cəbhəsinin Ali Baş komandanı feldmarşal fon Rundştedt idi. Desantın çıxarılacağı daha çox ehtimal edilən ərazilərə nəzarət edən "B" ordular qrupuna 1944-cü ilin yanvarından Üçüncü reyxin ən bacarıqlı sərkərdələrindən biri olan feldmarşal Ervin Rommel, Fransanın cənubunda məskunlaşan "G" ordular qrupuna isə general-polkovnik fon Blaskoviç rəhbərlik edirdi.

Resursların məhdud olduğu halda almanlar üçün desantçıxarma yerini və gününü müəyyən etmək olduqca önəmli idi. Bu zaman əldə olan qüvvələrdən maksimum effektlə istifadə etmək olardı.

Aydındır ki, ingilislər və amerikanlar üçün də "D günü" adlandıracaqları əməliyyat gününü və yerini gizlətmək, bundan da daha yaxşısı, düşməni yanlış günə və yanlış yerə inandırmaq olduqca önəmli idi. Bunun üçün "Bodyguard" (Cangüdən) adı verilən xüsusi əməliyyat hazırlanmışdı.

***

İngiltərədə toplanan müttəfiq qoşunlarına ABŞ generalı Duayt Eyzenhauer komandanlıq edirdi. Desant əməliyyatında əsas iştirakçı olacaq 21-ci ordular qrupunun komandiri isə britaniyalı Bernard Montqomeri idi.

Müttəfiqlər desant çıxarmaq üçün əsasən üç ərazini gözdən keçirirdilər: Fransanın Pa-de-Kale sahillərini, Normandiya və Bretan vilayətlərini. Kale daha yaxın idi, burada Almaniya sərhədlərinə doğru irəliləmək üçün məsafə də az idi, lakin güclü müdafiə olunurdu. Normandiya Kaledən daha uzaq idi, lakin Bretandan yaxın idi. Buradakı istehkamlar da Kaledəkilərdən zəif idi. Müzakirələrdən sonra üstünlük Normandiyaya verildi.

İngilislər almanların "Eniqma" şifrələmə aparatı vasitəsilə apardıqları gizli danışıqları 1941-ci ilin yazından oxumağa başlamışdılar. "Ultra" adı verilən bu əməliyyat sayəsində onlar hərbi əməliyyatların bir çox teatrında almanların planları barədə məlumatlı idilər.

İndi də alman siyasi və hərbi rəhbərliyinin müttəfiq desantın yeri barədə diskussiyaları, gördükləri əks-tədbirlər, Fransadakı qoşunların sayı, döyüş qabiliyyəti barədə bilirdilər. Feldmarşal Rundştedtin Berlinlə danışıqlarından aydın olurdu ki, alman diviziyaları yalnız 50% komplektləşiblər, tank, artilleriya cəhətdən ciddi çatışmazlıqları var. Rommelin danışıqlarında isə sahilboyu istehkamlardakı nöqsanları öyrənmək olurdu.

Lakin bu məlumat axını arasında bir detal - desantın yeri barədə almanların ehtimalları - müttəfiqlər üçün xüsusən önəmli idi. Rundştedt müttəfiqlərin Kaleyə çıxacaqlarına əmin idi. Rommel və Hitler isə Normandiya ehtimalını da istisna etmirdilər. Belə olan halda müttəfiqlərin vəzifəsi almanları desantın yeri və günü barədə yalan məlumatlara inandırmaqdan ibarət idi.

***

Müttəfiqlərin "Overlord" (Hökmdar) adı verdikləri desant əməliyyatı iki hissədən ibarət idi. "Neptun" adlanan birinci hissədə bilavasitə desantçıxarma və sahildə platsdarm əldə etmək planlaşdırılırdı. "Kobra" adlı ikinci hissə isə almanların müdafiə xəttini yararaq Fransa ərazisində irəliləməyi nəzərdə tuturdu.

1943-cü ilin payızında Böyük üçlüyün (Çörçill, Ruzvelt və Stalin) Tehranda keçirilən konfransında Çörçill hərbi sirlər barədə belə bir fikir söyləmişdi: müharibə dövründə həqiqət o qədər qiymətli sərvətdir ki, onu bütöv bir yalan dəstəsi mühafizə etməlidir. "Overlord" əməliyyatını da belə yalanlar müşayiət edirdi. Yəqin ona görə də dezinformasiya əməliyyatı Cangüdən adlanırdı.

"Bodyguard" üç hissədən ibarət idi: - müttəfiq desantının çıxacağı yer və gün barədə ikili agentlər və diplomatik kanallar vasitəsilə yalan məlumatların yayılması; - vizual hiylə məqsədilə Britaniya adalarındakı bəzi ərazilərdə yalançı qoşun hissələrinin, texnikanın, aerodromların, quru və dəniz nəqliyyat vasitələrinin konsentrasiyası; - Düşməni dezinformasiya etmək məqsədilə sovet ordusunun Baş qərargahı ilə əməkdaşlıq.

İngiltərə kəşfiyyatının xüsusi uğuru öz ərazisindəki alman casus şəbəkəsini demək olar ki, tamamilə ifşa etməsi idi. Həmin casusların bir hissəsi öz tərəfinə çəkilmiş və onlar vasitəsilə almanlara dezinformasiya ötürülürdü. Həmin informasiyalarda müttəfiqlərin hərbi qüvvələrinin sayı olduğundan xeyli çox göstərilir, təkcə bir yerdə deyil, bir neçə yerdə desant çıxarıla biləcəyi qeyd olunurdu. Əsas nöqtə kimi isə Kale göstərilirdi.

***

"Bodyguard"ın ən önəmli hissəsi isə ayrıca "Fortitude" (Mətanət) əməliyyatı adlanırdı. "Fortitude" öz növbəsində iki hissəyə - cənub (əsas) və şimal (köməkçi) hissələrə - bölünürdü. Birinci hissə almanlarda müttəfiqlərin həqiqətən də Kale sahillərində desant çıxaracaqları təəssüratını gücləndirməli idi. Bunun üçün İngiltərənin Kale ilə üzbəüz ərazisində - Kent qraflığında yalançı 1-ci ordular qrupu yaradılmışdı.

Kent ərazisində xeyli tanklar, təyyarələr, artilleriya, yığılmışdı, sahillərində isə desant qayıqları vardı. Lakin onların hamısı maket idilər. Tanklar üfürülən rezindən ibarət idilər, lakin arxalarında tırtıl izləri belə buraxılmışdı. Bu izlər olmazdısa, kəşfiyyat aparan alman pilotları onların maket olduğunu anlaya bilərdilər. Ərazidə qızğın hərəkətlilik təmin olunurdu, minik və yük avtomobilləri aramsız hərəkət edirdilər.

İnandırıcı olması üçün yalançı ordular qrupunun tərkibinə azsaylı hərbçilər də verilmişdi. Üstəlik onun komandanı almanların ən yaxşı ABŞ generalı saydıqları Corc Patton təyin olundu. Halbuki, Patton Siciliya əməliyyatı zamanı qorxaqlıqda günahlandırdığı (əslində isə əsəb sarsıntısı keçirən) iki əsgəri şillələdiyi üçün cəzalı durumda idi və komandanlıqdan uzaqlaşdırılmışdı.

1-ci ordular qrupu ilə rəhbərlik arasında qızğın yazışmalar, müzakirələr və mübahisələr imitasiya olunurdu. Bir plan qəbul olunmur, başqası hazırlanırdı. Hansısa zabitə töhmət verilirdi, başqası təriflənirdi. Bütün bunlar almanları inandırmaq üçün edilirdi.

"Fortitude"nin şimal hissəsi isə Şotlandiyanın Edinburq şəhəri ətrafında həyata keçirilirdi. Bu zaman müttəfiqlərin havada böyük üstünlüyə malik olduqları üçün alman təyyarələrinin Edinburqa qədər gələcəkləri ehtimal olunmurdu. Buna görə də burada maketlər düzəltməyə ehtiyac duyulmadı, yalnız radiotrafik vasitəsilə dezinformasiya ötürülürdü.

Şimali "Fortitude"nin əsas məqsədi mttəfiqlərin Norveçə qoşun çıxara biləcəkləri görüntüsünü yaratmaq idi. 1944-cü ilin yazında Britaniya kommandosları Norveç sahillərindəki bəzi obyektlərə hücum etməklə müdaxiləyə hazırlıq imitasiyasını yaratdılar. Əməliyyat o qədər uğurlu oldu ki, başqa cəbhələrdə hərbi hissələrə kəskin ehtiyac duyan Almaniya Norveçdə 13 diviziya saxlamaqda idi.

***

"Bodyguard" əməliyyatı irili-xırdalı, müxtəlif yönlü 35 dezinformasiya əməliyyatını birləşdirirdi. Məsələn, "İronside" əməliyyatı müttəfiqlərin Fransanın qərbindəki Biskay körfəzi sahillərinə qoşun çıxara biləcəklərinə almanları inandırmalı idi.

"Graffham" əməliyyatı isə bir qədər başqa yönlü idi. Bu zaman müttəfiqlərin Norveçə qoşun çıxaracaqlarına bitərəf İsveç hölumətini müxtəlif yollarla inandırmaq planlaşdırılırdı və hesab olunurdu ki, həmin məlumat mütləq almanlara sızacaq. Bunlardan əlavə, "Zeppelin", "Royal Flush" və digər əməliyyatlar keçirilirdi ki, onların hamısını işıqlandırmaq mümkün deyil.

"Copperhead" özünəməxsus əməliyyat idi və İngiltərənin ən tanınmış generalı Bernard Montqomerinin yeri haqqında almanları aldatmağa hesablanmışdı. Generala bənzəyən aktyor Klifton Ceyms hərbi mundirdə Cəbəllütariqə və Şimali Afrikaya səfər etdi. İngilislər bununla müdaxilənin Aralıq dənizi üzərindən ola biləcəyini imitasiya edirdilər.

Bu əməliyyatların bir çoxunu almanlar səthi yoxlamadan sonra kələk olduğunu aşkar edirdilər. Çünki bəzi əməliyyatları yalançı görüntülərlə dəstəkləmək mümkün olmurdu. Məsələn, əgər Şimali Afrika sahillərində yalançı ordular və texnika görüntüsü yaradılsaydı, Klifton Ceymsin Montqomeri obrazında səfəri daha inandırıcı ola bilərdi. Lakin müttəfiqlərin də imkanları qeyri-məhdud deyildi.

Sovet tərəfi ilə əməkdaşlıq isə əsasən iki hissədən ibarət idi. Bunlardan biri sovetlərin ingilis və amerikalılarla birlikdə Bolqarıstana qoşun çıxaracağı görüntüsü yaratmaqdan ibarət idi. Bunun üçün Qara dənizin Poti və Batumi limanlarında hazırlıqlar imitasiya edilirdi.

Bodyguard əməliyyatı

Bodyguard əməliyyatı

Mənbə: google.az

Əməkdaşlığı ikinci hissəsi isə üç ölkənin birlikdə Norveçə qoşun çıxara biləcəyi görüntüsü idi. Burada SSRİ-nin Şimal donanması təkcə görüntülərlə kifayətlənmədi, bəzi gerçək addımlar da atdı. Dəniz desantı çıxarmaq üçün təlimlər keçirildi, Norveçin sahil istehkamları havadan bombalandı və s.

"Bodyguard"ın son əməliyyatlarından biri isə "Titanik" adlanırdı və iyunun 5-dən 6-na keçən gecə həyata keçirildi. Bu əməliyyat Fransanın müxtəlif ərazilərinə paraşütlə manekenlərin atılmasını və hava desantını imitasiya etməyi nəzərdə tuturdu. Nəticədə almanların qüvvələri dəniz və həqiqi hava desantının yerlərindən yayınmalı idi.

***

Ultra əməliyyatı çərçivəsindəki dinləmələr almanların desantçıxarma əməliyyatının yeri barədə xəbərsiz olmalarını ortaya qoyurdu. Bu dövrdə alman generalları və Hitler arasında ehtiyat tank korpusunun harada yerləşdirilməsi barədə diskussiya yaranır. Rommel hesab edirdi ki, düşmənin müdaxiləsinin qarşısını yalnız sahil zolağında almaq olar. Buna görə də ehtiyat korpusunu sahil zolağına yaxın yerləşdirməyi təklif edirdi.

Rundştedt, Quderian, Şveppenburq isə korpusu Paris və Ruan ətrafında saxlamağı, desantın yeri dəqiq məlum olanda həmin əraziyə göndərməyi təklif edirdilər. Afrika kampaniyasından aldığı dərslər nəticəsində Rommel cavab verirdi ki, müttəfiqlərin aviasiyadakı böyük üstünlüyü tankların hərəkətinə mane olacaq.

Hitler kompromiss qərar qəbul etdi. Üç diviziyanı Rommelin, üç diviziyanı Şveppenburqun ixtiyarına verdi, daha dördünün üzərində isə şəxsən öz nəzarətini saxladı. Bu ən pis qərar oldu. Bir tərəfdən qüvvələr parçalandı. Digər tərəfdən isə müdaxilə günündə Hitleri səhər saatlarında oyatmağa kimsə cəsarət etmədiyindən dörd tank diviziyası yerindən tərpənmədi.

Bütün bu mübahisələr, eləcə də digər əlamətlər göstərirdilər ki, almanlar desantın harada çıxarılacağından xəbərsizdirlər. Eyni şeyi "D günü" deyilən əməliyyatın başlanması günü barədə də söyləmək olar. Ultra almanların bu barədə də məlumatsız olduğunu ortaya qoyurdu. Nəticədə, almanların gözləmədiyi gün (1944-cü il iyunun 6-da) və gözləmədiyi yerdə (Normandiyada) müttəfiqlər quruya qoşun çıxarmağa başladılar.

***

Gözləmək olardı ki, desantçıxarma əməliyyatının başlanması ilə Bodyguard yekunlaşdırılacaq. Çünki hədəflərinə çatmış kimi görünürdü: almanlar desantın həm yeri, həm də günü barədə yanlış məlumatlara inanmışdılar. Lakin müttəfiqlərin planı daha zərif və daha çoxgedişli idi.

İndi ikili agentlər Berlini Normandiyada baş verənlərin yayındırıcı əməliyyat olduğuna inandırmalı idilər. Onların göndərdiyi xəbərlərdə Normandiyaya çıxan desantın əsas məqsədinin alman hərbi qüvvələrinin Kaledən yayındırmaq olduğu bildirilirdi. Guya alman qoşunları Kaledən Normandiyaya doğru hərəkət edən kimi əsas desant Kaledə çıxacaqdı.

Bu dezinformasiyada müttəfiqlərin məqsədi Normandiyaya çıxan qüvvələrin işini asanlaşdırmaq, almanların öz qüvvələrinin hamısını onlara qarşı yönəltməyə mane olmaq idi. Ən nikbin planlarda almanların iki həftə ərzində aldatmaq və Normandiyaya qoşun göndərmələrini ləngitmək nəzərdə tutulurdu.

Reallıq isə daha uğurlu oldu. Müttəfiqlərin günü-gündən Normandiyaya nəhəng qüvvələr çıxarmasına baxmayaraq, almanlar yeddi həftə ərzində əsas zərbənin hələ də Kale sahillərindən endiriləcəyini düşünürdülər. İyulun sonlarında Kale ətrafında alman qoşunlarının sayı D günündə olduğundan daha çox idi. Yalnız bundan sonra almanlar Kaleyə hücum olmayacağını anladılar.

Müttəfiqlər istifadə etdikləri ikili agentlərə almanların inamını saxlamaq üçün də əfsanə fikirləşmişdilər. Bu agentlər Normandiyaya desantın əvvəlcə diversiya kimi planlaşdırıldığını, lakin həddən artıq uğurla getdiyinə görə əsas əməliyyata çevrildiyini almanlara xəbər verdilər.

Nə qədər qəribə olsa da, almanlar bu hərbi də uddular. Onlar öz agentlərinə inanmaqda davam edirdilər. Hələ bu azmış kimi onları hətta mükafatlandırdılar. Almanlara ən çox yalan sırıyan ispan Xuan Puxol ikinci dərəcəli Dəmir xaç ordeninə layiq görüldü.

Beləliklə, hərb tarixinin ən böyük yalanı olan Bodyguard əməliyyatı inanılmaz uğurla baş çatdı və müttəfiqlərin mümkün itkilərini əhəmiyyətli dərəcədə azaltdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cj0tx0

Ən çox baxılan