Bobby və Majida

Suriyalı olduğunu gizlətmək üçün özünü lallığa vuran Əlinin hekayəti

Source: Facebook

Yəhudi əsilli Fransız filosof (Litva 1906-1995) Emmanuel Levinas əsirlikdə olduğu nasis Almaniyasının həbs düşərgəsində dostlaşdığı heyvanı “Almaniyanın son kantçısı” adlandırırdı. Əsirliyindən təxminən 30 il sonra qələmə aldığı “Nom d un chien ou ledroit naturel” (“Bir itin adı və ya təbii haqlar”) başlıqlı qısa yazısında Levinas zorla işlədildiyi, işgəncəyə məruz qaldığı düşərgə günlərini və orda bir canlının xəyali də olsa hörmətiylə üzləşməyin verdiyi ümiddən bəhs edir: “Düşərgədə təxminən yetmişə yaxın yəhudi əsir bir dəstə nasist əsgərinin əmrinə tabe idik. Bizi insan cildimizdən çıxarmışdılar. İnsandan da aşağı məxluq, bir dəstə meymun idik onlar üçün. İrqinə həbsolunmuş canlılar idik…”

Bir gün sahibsiz bir it bu əsirlərə yiyə durdu və hər gün onların işdən qayıtmağını gözləməyə, bir növ onlara keşik çəkməyə başladı. Əsirlərin sevgiylə “Bobby” adı qoyduğu bu itə Levinas “Kantçı baxışı” şamil edib. Çünki bu küçə iti əsirlərin ləyaqətinə şahidlik etmiş tək və son canlıdır. Bobby, mülksüzləşdirilmiş, hər cür insani haqlardan yoxsul əsirlər qarşısında həm heyvandır, həm də deyil. Bu, insan olmayan canlı insanlıqdan çıxarılmış Levinasın və digər bütün əsirlərin surətidir. Eyni zamanda Bobby digər canlılara qarşı hörmətiylə “azad insanların” insanlıqdan çıxmış halından daha çox insan olmuşdur. Bu həbs təkcə onların fiziki məhkumiyyətlərini deyil, eyni zamanda “azad insanlarla” da simvolik olaraq ünsiyyətlərinin tam kəsilməsi deməkdir. Başqasının zorakılığı insanı bir sinfə məhkum edir, özlərini ifadə etməkdən məhrum qoyub, onları “obrazsız ifadələrə” (signifinas sans signifiés) çevirir, – deyə Levinas yazırdı.

Müasirimiz sayılan italyan filosofu Aqamben (1942) xüsusilə biopolitika nəzəriyyəsini ortaya atan Mişel Fukodan ilhamlanaraq insanlıqdan çıxarılma və heyvanlaşdırmanın totalitar dövlət siyasətinin təməl daşlarından biri olduğunu deyir. “Çlıpaq Həyat” (“Homo Sacer”) adlandırdığı bu konsepti dövrə və bölgəyə görə dəyişən, insandan daha az insan və ya təkcə bioloji varlığıyla insan fərzedilən şəxs və ya qruplardır. Bioiqtidarın funksiyası Fukonun idda etdiyi kimi, həyatı tənzimləmək deyil, onu mühasirəyə almaqdı. İqtidar həyatı həyat olaraq adlandırır, yaşanmağa layiq olub-olmadığını müəyyənləşdirir və onun sərhədlərini cızır. Məsələn, yəhudilər, romanlar, xristianlar, mühacirlər, müsəlmanlar, qadınlar, homoseksuallar bir növü bioloji həyata endirilimiş bu insanlar demək olar ki, hər cürə zorakılığa, istismara, həbsə məruz qala, hətta öldürülə biləndir. Eynən heyvan həyatı kimi ucuzdur həyatları. Judit Batler (ABŞ-1956) “Precarious Life” kitabında (“Kırılqan Hayat”) Emmanuel Levinasın üz nəzəriyyəsi və əxlaq fəlsəfəsindən yola çıxaraq zorakılığa qarşı həyatın müqəddəsliyinin vacibliyi arqumenti ilə çıxış edir. Eyni fövqəladə vəziyyətə fərqli perspektivdən yaxınlaşaraq “Yası tutulmayacaq qədər dəyərsiz bir həyat” deyir “Çılpaq həyatlar”a.

J.Batler sözügedən kitabında yas saxlamağın,yəni bir ölümün dəyəri və dəyərsizliyinin siyasi tərəfini ortaya qoyur. Xüsusilə, “11 sentyabr” hadisəsindən sonra dünyada baş verən zorakılıq və müharibələrin qurbanları insanların ölümünün dəyərsizliyini daha da aktuallaşdırdı. Matəm insanlığın kriteryalarından biriykən diqqətə alınmayan, yası tutulmayan ölümlər onları insanlıqdan çıxaran zorakılıq siyasətinin bir parçasıdır, deyir. Batler eyni zamanda bu problemin, yəni zorakılıq kimi qəbul edilməyən zorakılığın, cinayət olmayan can almağın hər gün sistematik şəkildə öldürdüyümüz, əmək və bədənlərini istismar etdiyimiz, yurd-yuvalarından didərgin saldığımız heyvanların fəryadı, hıçqırığı, dilə gəlməyən əzabı qarşısındakı əxlaqi məsuliyyətimizi xatırladır.

İnsanın ontologiyası, yəni insanı insan edən şeylərin ən başında gələn dil heyvanlaşdırılan insandan geri alınır. Bioiqtidarlar insanların təkcə yaşamağa layiq olub-olmadığını deyil, eyni zamanda necə yaşamalı olduqlarına da qərar verir. Bir tərəfdən bir dəstə insanı dilsizləşdirib onları kölgə fiqura çevirərkən, bir tərəfdən də yaşamağa layiq gördükləri insanların ağzına yeni dil verir. Zaman-zaman bəzi topluluqları təhlükəli elan edib onları hədəf göstərən bir növ sivil ölümə məhkum edən iqtidarlar tez və mütləq bir şəkildə təsir rıçaqlarını işə salaraq qurbanları haqqında zorakılıq məzmunlu çağırışlar tirajlamağa başlayır. Bu baxımdan mətbuat 21-ci əsr biopolitikaların ən təsirli silahlarındandır. Əslində 21-ci əsrdə müharibələr məzmun, məqsəd, məkan və tərəflər baxımından əvvəlki müharibələrdən tamamən fərqlidir. Əsrin əvvəllərində bir simulasiya kimi izlədiyimiz müharibələr artıq öz zaman və məkanlarının çölünə daşdı və demək olar ki hər kəsi müharibənin bir parçasına çevirdi. Bu gün dünyanın dörd bir yanında, xüsusilə də yaxın şəqrdə Dostoyevskinin təbirincə desək, “şampan kimi qan axır”.

Müharibələr artıq leqal dövlətlərin orduları arasında getmir. Biopolitikaların yaratdığı şəraitə (coğrafiyaların parçalara ayrıldığı, havanın, torpağın mühasirəyə alındığı, suların kirlədildiyi, açıq havanın həbsxanaya çevrildiyi, gündəlik həyatın hərbləşdiyi, mütləq bir idarəetmə sistemi) adaptasiya olan parçalanmış paramillitar icmalar tərəfindən icra edilən müharibə makinaları ilə baş verməkdədir. Bu müharibələrdəki istifadə olunan texnoloji silahların obrazlı dillə desək, qəlpələrinin günlük həyatımızın arasına necə yayılmasını üçüncü dünya müharibəsinin cəbhələrindən birində keçən Əli, Majida və mənim ortaq hekayəmizlə diqqətinizə çatdırmağa çalışacam.

Keçən ay gecəyarı bir küçə pişiyi gəlib qapımızdakı ayaqqabı şkafının içinə girib (2-ci mərtəbəyə) doğurdu. Miyoltusuna qapıya çıxdanda məndən utandığını, həm də qorxduğunu hiss etdiyim üçün evə girib gözlədim. Hava dəhşət soyuq idi. İstanbulun iliyə işləyən soyuğu öz yerində, yeni il qabağı aramsız yağan qar, boran, şaxta 2020-nin amansız olacağının anonsunu verirdi sanki. Birazdan çıxıb baxdım ki, gözəlçə üç bala doğub. Balalardan biri elə doğuş zamanı ölmüşdü. (Deyəsən boğularaq). Bir qutuya yun adyal sərib apardım, nə qədər cəhd eləsəm də, balalarına zərər verəcəyim qorxusuyla ana pişik məni özlərinə yaxın buraxmadı. Mən yaxınlaşdıqca, baxışlarındakı təlaş, altına yığdığı balalarını məndən qorumaq çabasından mütəəssir oldum. Təəssüflər olsun ki, heyvan insanın iradə və iqtidarının nəsnəsi olaraq daima onun mərhəmətindədir. Yəqin ki, ona məndə yaranan təəssüratın da adı elə mərhəmətiydi. Ana pişik bir az kənarda qalmış ölü balasını belə götürməyimə icazə vermədi. Balalarının üstünə yatdığı yerdən ayağının birini qaldırıb pəncəsini halsızca “lütfən dəymə” deyərcəsinə mənə tərəf uzatdı. Qoruma instinktiylə altındakı balalarını basıb boğar deyə qutunu və yeməyi yaxınına qoyub içəri qayıtdım. Birazdan çıxanda balalardan ikincisinin də (deyəsən soyuqdan) öldüyünü gördüm. Heç nə edə bilməməyin ağrısıyla çarəsizcə girib evə səhərin açılmasını gözlədim. Səhər çıxıb baxdım ki, yeməyi yeyib, sağ qalan yeganə balasını da yaxınına qoyduğum qutuya qoyub əmizdirir. Amma yenə ölü balalarını götürməyimə icazə vermədi. Günboyu tez-tez balasını eləcə buraxıb 1-ci mərtəbəyə enib-qalxırdı. Nə isə etmək istəyirdi. Anlamağa çalışırdım, heç cürə anlaya bilmirdim. Hətta arada insanlığıma salıb “Lan kaltak yavrunu bırakıp nereye gidiyorsun” deyə söydüm də. (Burdakı heyvanları da türkcə sevib-söyməyim də ayrı bir katastrofik mövzudu).

Üstündə yaraları filan vardı. Gigiyenik vəziyyətinə və oğlumla səhhətimizdəki bəzi həssas faktorlara görə evimizin içinə buraxa bilmirdim. Günorta pişiyə yemək alıb gətirib verəndən sonra getdim şəhərə.

Axşam gec qayıtdım. Saat 00:00-dan sonra. Qapıya çatanda baxdım ki, qapımızda pişiklərdən əsər-əlamət yoxdur. Blokdakı qonşular yəqin çölə atıb qorxusuyla ən üst mərtəbədən başlayıb bütün qapıları döyüb soruşdum. Hamısı xəbərsiz olduqlarını dedilər. Ən sonda panika vəziyyətində 1-ci mərtəbədə yaşayan qonşunun qapısını döydüm. Qapı açılanda gördüyüm mənzərədən gözlərim yaşardı. Sevinclə “Lan sən nasıl bir kralsın” deyərək Əlinin boynunu qucaqladım. Burda bir az sizə Əli haqqında danışmaq istəyirəm.

Əli (33 yaş) Suriya qaçqınıdır. Qaçqın insan bir dövlətə mənsub bir vətəndaş olaraq görülmədiyi təqdirdə həyatı hər cürə təhlükəsizlik təminatından məhrumdur. Türkiyədəki milyonlarla suriyalı qaçqının insan haqları Türkiyə dövləti tərəfindən asqıya alınıb. Onlar sivil ölümə məhkum, dövlət sərhədləri daxilində olmaqlarına baxmayaraq dövlətsiz, yurdsuz və hüquqsuz yaşamağa çalışan ölü canlardır. Əli də o milyonlardan biridir.

Əliylə binanın dəhlizində ilk dəfə qarşılaşanda salam verib tanış olmaq üçün əlimi uzatmışdım. Çəkinərək əlimi sıxmışdı. Sonralar dostlaşmışdıq. Çox fərqli dünyagörüşlərə sahib olmağımıza baxmayaraq, elə də çətin olmamışdı Əliylə dostluq qurmaq. Əli çox mədəni və gözəl ürək sahibi biridir. Bütün bunlardan ziyadə haqqımız olan bir qismət insan ömrünu yaşamaq üçün mübarizə aparan iki nəfər bərabər hüquqsuz, yurdsuz və ümidsiz insan. Dostluq etməməyimiz üçün səbəb yox idi. Suriyada odun-alovun içindən götürüb qaçdığı başını soxduğu bu birotaqlı balaca dünyasında necə çürüdüyünün yeganə şahidi mənəm. İlk dəfə evinin kandarından içəri ayağımı qoyanda Əlinin həyəcandan əli-ayağı əsərək necə qonaqpərvərlik nümayiş etdirməsi heç yadımdan çıxmır. Tələsik, həm də yatağı olan divanın örütüyünü qaydaya salaraq mənə yer göstərib özü bir az sınıq-salxaq kresloda oturmuşdu. Oturduqdan sonra arxamca örtdüyümü xatırladığım evin qapısının yarıaçıq qaldığını görüncə sualdolu baxışla Əlinin üzünə baxmışdım. Əli narahat olma, deyərcəsinə gülümsəmişdi. Heç nə başa düşməmişdim. Yarıaralı qapı arxasında Əlinin dəmlədiyi qəhvədən içə-içə xeyli söhbətləşmişdik. Əlinin yatağının başında divara asılmış şərqin bütün ecazkarlığını üz cizgilərində daşıyan bir qadın şəkli diqqətimi çəkmişdi. Əli sualımı qabaqlayıb “aşkımdır” demişdi. Majida. Majidanı divarda öz gözəlliyilə baş-başa qoyub keçmişdik başqa mövzulara… Söhbətimizin ortasında oturduğum yerdən qalxıb qapını bağlayıb Əlinin qarşısında oturub əllərini əlimin içinə almışdım. Ona demək istədiyim o qədər şey vardı ki… Amma ona demək istədiklərimin insanlıq adına nə qədər utancverici olduğunu fərqetmişdim o an. “Black Lives Matter” hərəkatındakı protestoçulardan birinin belə bir fikri vardı: “Amerikan neqrosunun həyatındakı dəhşətləri anlatmaq üçün demək olar ki, heç bir dil mövcud deyil”.

İllərdir Əli sadəcə ən təbii haqqı olan yaşamaqdan başqa heç nə istəmədiyi bu meqapolisin arxa bir küçəsində həyatda qalma mübarizəsi aparmaqla bərabər hər addımda tanımadığı, adlarını belə bilmədiyi məhlə sakinlərinə, avtobusda qarşılaşdığı, yolda yanından keçdiyi insanlara, seksual manyak, terrorist, təcavüzkar, vəhşi, murdar olmadığını sübut etmək məcburiyyətində hissedir özünü. Çünki bioiqtidarın tənzimləyici yaşam texnologiyaları qaçqınları “təhlükəli olanlar” adıyla kodlayaraq onların həyatını Allahın ümüdünə buraxıb. Buna yavaş terror da deyə bilərik. Əli Türkiyədəki total irqçiliklə bacara bilmək üçün çox ağır bir metod seçib. Bu məhləyə köçdüyü zaman suriyalı olduğunu gizlətmək üçün ilk üç ili özünü lallığa vurub. Təcavüzçü, manyak, mədəniyyətsiz, barbar münasibəti görmək qorxusuyla bir yerə gedib-gələrkən ictimai nəqliyyatda gözlərini yumduğunu deyir. Qapının yanını açıq qoyması mənə də təhlükədə olmadığıma inandırmaq cəhdiymiş… Yaşamaq bu qədər məşəqqətli ola bilirmiş…

Sonra Əli qəhvəmizi təzələyib ortaya çökmüş matəm havasını pozmaq üçün telefonunda şən bir ərəb musiqisi açmış, sevgilisinin əlini tutmuş kimi əlində tutduğu telefonun ekranını üzümə yaxınlaşdıraraq “bax aşkıma”, demişdi. Majidanın səsi özündən də füsunkar idi həqiqətən.

Qayıdaq hekayəmizin digər qəhrəmanının həyatına. Sən demə, Əli nə vaxtdır bu pişiklə dost imiş. Qabyuyan işlədiyi kafedən hər axşam evə gələndə mütləq bu balaca dostuna yemək (kafedəki yemək artıqlarını) gətirirmiş. Əlinin bu məhlədəki yeganə ünsiyyət qurduğu canlıymış bu pişik. Taa ki, mən qonşuluğuna köçənəcən…

Əlinin pişiklə dostluğunu da o gecə pişikləri axtararkən öyrənmiş oldum. Əlinin o ankı həyəcanını təsvir edə bilmirəm. “Kızım doğurmuş, benim haberim yok” deyirdi. Ana-balanı necə sarıb-sarmalayırdı, sevib-oxşayırdı… “Majidam” deyib az qala yalayırdı ətcə balanı. Ən az təəccübləndiyim qismi, tezbazar bala pişiyə Majida adı verməsiydi. Əli pişiklə dostluq hekayəsini danışandan sonra mənə aydın oldu, niyə əsərimizin qəhrəmanı doğmaq üçün Əlinin yaşadığı binanı seçibmiş. Və nəhayət, pazılları bir araya gətirə bilirdim deyəsən. Günboyu pişiyin dəli kimi iki dəqiqədə bir 1-ci mərtəbəyə enib-qalxması da Əlini axtarmaq üçünmüş. Ona xəbər vermək istəyirmiş doğduğunu. Əlinin evi 1-ci mərtəbədə olduğuna görə ayaqaltında doğmamaq üçün bir mərtəbə yuxarı, yəni bizim qapını seçib.

İki gün əvvəl getmişdim, onlardaydım. Bir aylıq Majida əməlli-başlı böyüyüb, papıllanmışdı. Ana-bala evin ortasına sərilmiş xalçanın üstündə keflə oynayırdılar. Əlinin də həmişə kölgəli görünən baxışlarındakı buludlar dağılmışdı sanki.

Dünən axşam, internetdə, bütün sinirlərim ayaq üstünüdə, Əliyev hökumətinin rejissorluğu ilə çəkilmiş seçki pornoqrafiyası videolarını izləyirdim. Əli zəng elədi ki, gəl bizə söhbət edək, danışmağa ehtiyacım var. Dedim incimə, bu dəqiqə heç yaxşı hiss etmirəm özümü.

“Hadi gel nargile içelim, mırra (ərəb üsuluyla hazırlanmış qəhvə) yapayım sana, iyi gelir falan” dedi. “Təkid etmə, gələ bilməyəcəm”, deyib telefonu söndürdüm. Birazdan bir də zəng eləyib dedi ki, “Bəs ev sahibi kirayə haqqına 70/100 artım eləmək istəyir. Telefonda mübahisə elədik, dedi, filan qədər ödəməsən çıx evdən, yoxsa gəlib özüm atacam səni bayıra”. “Kirayə müqaviləniz var, heç nə edə bilməz. Saat gecə 00:00 dır. Çöldə qar yağır. Durub bu saatda sizə gələsi deyil. Sabah danışarıq” – deyib, açığı, bir az da yola verib söndürdüm telefonu. Üstündən bir saat keçməmişdi, tappıltı səsi eşitdim. Qapıya çıxdım ki, ana pişik qapımızda ora-bura vurub özünü birnəfəsə miyovlayır. Aşağıdan da boğuq səslər gəlir. Düşdüm aşağıya, gördüm Əlinin qapısı açıqdı. Evdəki hər şey qırılıb-dağılıb. Əli evin ortasında, dizləri üstündə oturub, əl-ayağı qan içində başını əllərinin arasına alıb hıçqıraraq ağlayır. Yaxınlaşanda gördüyüm mənzərədən dəhşətə düşdüm. Əlinin evi bir anda Suriyaya çevrilmişdi. Ev sahibi ilə Əli əlbəayaxa olarkən ev sahibinin altında qalıb əzilən Majidanın cəsədi… Gördüklərimi təsvir etməyə nə türk, nə Azərbaycan, ümumiyyətlə dil imkanlarım yetərli deyil. Dilin quruduğu yerə gəlmişdim. Dilin eşiyinə. Dilin eşiyində düşünmək, varolmaq mümükünsüzdür. Dilin eşiyi ölümdür. Majida bizi də ölmüşdü o savaşda. Bu, ilk ölümümüz deyildi. Sonuncu da deyil, dəqiq. Üçüncü dünya müharibəsi iştirakçıları hər gün bu və ya başqa bir formada ölür, asta-asta,yavaş-yavaş…

Şairin də dediyi kimi:

Bir mısra daha söylesek, sanki her şey düzelecek

İki adım daha atmıyoruz bizi tutuyorlar

Böylece bizi bir kere daha tutup kurşuna diziyorlar

Zaten bizi her gün sabahtan akşama kadar kurşuna diziyorlar

Bütün kara parçalarında

Afrika dahil

Ana səhifəXəbərlərBobby və Majida