Bobbi Fişer – ekssentrik dahi

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

Mən şahmat dahisi deyiləm. Mən şahmat oynayan dahiyəm. Bobbi Fişer

(birinci hissə)

Şahmat üzrə dördüncü dünya çempionu Aleksandr Alexin 1946-cı ilin martında qəfildən vəfat etdi. Bununla da onun sovet şahmatçısı Mixail Botvinniklə artıq təyin edilən çempionluq qarşılaşması baş tutmadı, şahmat tacı isə sahibsiz qaldı.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) çempionu müəyyən etmək üçün son illərdə ən yüksək nəticələr malik olan şahmatçılardan ibarət turnir keçirməyi qərara aldı: Botvinnik, Smıslov, Keres (SSRİ), Reşevski, Fayn (ABŞ) və Maks Eyve (Niderland). Fayn son anda imtina etdiyindən turnirdə beş nəfər iştirak etdi. Həmin turnirin qalibi və yeni dünya çempionu Botvinnik oldu. Bununla da sovet şahmatçılarının təxminən əsrin ¼ qədər davam edən hegemoniyası başladı.

Yeni çempion müəyyənləşəndən sonra FİDE çempionatın daimi keçirilməsini nəzərdə tutan qaydalar tərtib etdi. Zonalararası turnirdə ilk 8 yeri tutan şahmatçılar dairəvi sistemlə yarışırdılar və birinci yeri tutan dünya çempionu ilə qarşılaşmaq hüququ qazanırdı. Çempionluq uğrunda matç üçün 24 oyun nəzərdə tutulurdu. Daha çox xal toplayan şahmatçı qalib elan olunacaqdı. Hesab 12:12 olduğu təqdirdə çempion öz titulunu qoruyurdu. Məğlub olduğu halda çempionun matç-revanş hüququ vardı (1963-cü il qarşılaşması zamanı bu hüquq ləğv edildi).

İddiaçıların birinci turnirində sovet şahmatçısı David Bronşteyn qalib gəldi və Botvinniklə oynamaq hüququ qazandı. Matç bərabər səviyyədə keçdi. Rəqiblərdən biri digərindən 1 xaldan çox üstün olmurdular. İyirmi oyundan sonra Botvinnik 10,5:9,5 hesabı ilə öndə idi, amma 21 və 22-ci partiyaları Bronşteyn uddu və hesabda irəli çıxdı. Botvinnik çempion adını qorumaq üçün ağlarla oynadığı 23-cü partiyada mütləq qalib gəlməli idi və o, bunu bacardı. Son oyun isə heç-heçə bitdi – 12:12. Beləliklə, Botvinnik titulunu qorudu.

Növbəti illərdə də şahmat tacının nəinki sahibi, elə iddiaçılar da yalnız sovet şahmatçıları olurdu. 1954-cü ildə Botvinnik Smıslovla yenə heç-heçə etməklə titulunu qorudu. 1957-ci ildə ona məğlub oldu (9,5:12,5), amma bir il sonra revanş götürdü – 12,5:10,5.

1960-ci ildə Mixail Tal Botvinniki ağır məğlubiyyətə uğradaraq (12,5:8,5) cəmi 23 yaşında ən gənc dünya çempionu oldu. Amma o da bir il sonra revanşı daha böyük hesabla (8:13) uduzaraq 24 yaşında ən gənc eks-çempion oldu. 1963-cü ildə Tiqran Petrosyana uduzan (9,5:12,5) Botvinnik daha şahmat tacı uğrunda mübarizə aparmadı.

Növbəti iki çempionat isə iki başqa sovet şahmatçılarının, Petrosyan və Boris Spasskinin mübarizəsinə çevrildi. Birinci dəfə Petrosyan öz titulunu qoruya bildi (12,5:11,5). Amma 1969-cu ildə Spasski daha güclü oldu – 12,5:10,5.

Elə görünürdü ki, sovet şahmatçılarının bu hegemoniyası sonsuza qədər, ya da SSRİ-nin sonuna qədər davam edə bilərdi. Amma bu ənənə ilə barışmayan, bunu pozmağa gücü çatacaq bir nəfər vardı – Robert Ceyms Fişer.

***

Robert və ya Bobbi Fişer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində dünyaya gəlib. 1949-cu ildə ailələrində iki önəmli hadisə baş verir: Nyu-Yorka köçürlər və özündən beş yaş böyük bacısı Coan Bobbiyə şahmat oynamağı öyrədir və tezliklə öz şagirdinə məğlub olmağa başlayır. Bacısının onunla oynamağa həvəsinin itməsi səbəbindən Bobbi öz-özü ilə oynayır, əlinə keçən şahmat kitablarındakı oyunları öyrənir.

1951-ci ilin yanvarında o, Maks Peyvi adlı şahmatçının birdəfəlik seansında iştirak edir. Məğlub olsa da, Bobbinin oyunu Bruklin şahmat klubunun prezidenti Karmin Niqronun diqqətini cəlb edir və 8 yaşlı uşağı öz klubuna dəvət edir. Niqro 1956-cı ildə Floridaya köçənə qədər Fişerə məşqçilik edir.

Bobbi hələ yeniyetmə ikən ABŞ-ın ən güclü şahmatçılarından birinə çevrilir və artıq 1958-ci ildə, 14 yaşında ölkə çempionatının qalibi olur. O, 13 görüşdə 8 qələbə və 5 heç-heçə  ilə (+8-0=5) 10,5 xal toplayır. ABŞ çempionatı həm də dünya çempionluğu uğrunda zona turniri olduğu üçün Fişer zonalararası turnirdə iştirak etmək hüququ əldə edir.

Həmin turnirdə iştirakı uğurlu alındı. O, 5-6-cı yerləri bölüşdürərək iddiaçıların turnirinə vəsiqə qazandı. Ən əsası isə 15 il 6 aylığlnda qrossmeyster normativini yerinə yetirdi və Spasskinin rekordunu 3 ildən çox qabaqladı. Onun bu rekord 33 il ərzində yenilənmədi. Yalnız 1991-ci ildə yeniləndi, özü də bir qız tərəfindən: Yudit Polqar kişilər arasında qrossmeyster balını toplayarkən Fişerdən 1 ay kiçik idi.

1959-cu ildə keçirilən, səkkiz şahmatçının iştirak etdiyi və dörd dövrədən ibarət iddiaçılar turnirində isə Fişer 6-cı yeri tutdu. O, 29 görüşdə yalnız 8 qələbə qazandı, 11 dəfə məğlub oldu və 9 dəfə heç-heçə etdi (+8-11=9). Xüsusən turnirin qalibi Mixail Tala qarşı uğursuz oynadı, dörd görüşün dördündə də məğlubiyyətə uğradı. Bu turnir Fişerin şahmat hazırlığındakı zəiflikləri aşkar etdi, onun xüsusən debüt repertuarı çox kasad idi. Bununla belə, iddiaçılar turnirində iştirakının özü fantastik nəticə idi.

***

Bobbi qanunun imkan verdiyi minimum yaşda, 16 yaşında məktəbi tərk etdi. O, yalnız şahmatla məşğul olmaq arzusunda idi. Şahmatdan başqa bir də xarici dillərə həvəsi vardı, çünki həmin dillərdə şahmat partiyalarının təhlili ilə tanış olmaq istəyirdi. Buna görə də rus, alman, ispan və serb-xorvat dilini öyrənmişdi.

Fişerin şahmata aludəçiliyi heyrətamiz idi. Mixail Talın məşqçisi olan Aleksandr Koblents xatırlayır ki, 1959-cu ildəki iddiaçılar turniri zamanı Tal Fişerdən həmin vaxt qadınlar arasında SSRİ çempionu olan Larisa Volpertin oyunu haqqında rəyini soruşur. Fişer “Çox ehtiyatlıdır. Sizdə başqa birisi var, Dmitriyeva, onun oyunlarını bəyənirəm”,- deyir. Tal heyrət içində qalır, çünki Flora Dmitriyeva sadəcə idman ustası idi və Tal onun yalnız adını eşitmişdi. Fişer isə oyun tərzinə bələd idi.

Bobbi yeniyetməlik yaşlarından ambisiyası, ekssentirkliyi və ötkəmliyi ilə seçilirdi. Cəmi 15 yaşı olarkən şahmat olimpiadasında iştirak etməkdən imtina edir, çünki ən güclü üçün nəzərdə tutulan birinci lövhədə oynamağı tələb edirdi. Birinci lövhəyə isə Samuil Reşevski təyin olunmuşdu. Halbuki o, ABŞ çempionatında Fişerdən sonra ikinci yer tutmuşdu.

Bobbi Fişer, Mənbə: https://www.biography.com/

Olimpiadaya Fişersiz yollanan amerikalılar SSRİ, Yuqoslaviya və Argentinadan sonra dördüncü yeri tutaraq medalsız qaldılar. Sonralar Fişer dörd dəfə (1960, 1962, 1966, 1970) olimpiadalarda iştirak etdi və hər dəfə birinci lövhədə oynadı. Bunları ikisində (1960 və 1964) ABŞ komandası ikinci, digər iki olimpiadada isə dördüncü oldu.

ABŞ çempionatları mövzusuna yenidən qayıtmamaq üçün qeyd edim ki, Fişer isə iştirak etmədiyi 1962-ci il istisna olmaqla dalbadal daha 7 dəfə, yəni ümumən 8 dəfə ABŞ çempionu oldu. Onun altıncı çempionluğu xüsusilə möhtəşəm idi: 11 oyunda 11 qələbə və 100 faizlik nəticə.

***

1960-cı il ölkə çempionatındakı qələbə17 yaşlı  Fişerə yenə dünya çempionluğu uğrunda zonalararası turnirdə iştirak etmək hüququ qazandırdı. 1962-ci ilin yanvar-mart aylarında Stokholmda keçirilən turnir Fişerin parlaq qələbəsi ilə yekunlaşdı. O, 22 oyunda +13-0=9 nəticə ilə 17,5 xal topladı və ən yaxın izləyicisini 2,5 xal qabaqladı.

Zonalararası turnirdə ən yaxşı nəticə göstərən altı nəfər (Fişer, Geller, Petrosyan, Korçnoy (hər üçü SSRİ) Miroslav Filip (Çexoslovakiya)  və amerikalı Benko), eləcə də ötən iddiaçılar turnirinin iki ən yaxşı şahmatçısı (sovet şahmatçıları Keres və Tal) növbəti iddiaçılar turnirində iştirak etdilər. Turnir dörd dövrədən ibarət idi.

Mütəxəssislərin və şahmatçıların əksəriyyəti qalibin ya Fişer, ya da keçmiş dünya çempionu Mixail Tal olacağını proqnozlaşdırırdılar. Amma Tal səhhətindəki problemlər üzündən zəif çıxış etdi və üçüncü dövrədən sonra iştirakını ümumiyyətlə dayandırdı. Fişer isə zonalararası turnirdəki özünü heç xatırlatmadı. O, 27 oyunda 14 xal toplayaraq yalnız dördüncü yeri tutdu. Zonalararası turnirdə xalların 79,5 faizini toplamışdısa, iddiaçılar turnirində bu nəticə 50 faizdən bir qədər çox idi.

Fişer uğursuzluğunun səbəbini sovet şahmatçılarının bir-birləri ilə razılaşdılmış heç-heçələr etməsindən gördü. İlk üç yeri tutan Petrosyan, Keres və Geller öz aralarındakı 12 oyunun hamısını həqiqətən də heç-heçə etmişdilər. Amma Fişer daha yaxşı oynasaydı, bu heç-heçələr onun xeyrinə ola bilərdi. O zaman sovet şahmatçıları onun qarşısını almaq üçün özlərindən birinə uduzmalı olacaqdılar ki, Fişerdən daha çox xal toplasın.

Bobbi elan etdi, nə qədər ki, iddiaçılar turniri dairəvi sistemlə keçirilir, daha bu yarışlarda iştirak etməyəcək. Onun iddiaları haqlı idi, deyildi, hər halda FİDE növbəti çempionatdan etibarən iddiaçılar turnirini olimpiya sistemi (pley off) keçirməyi qərara aldı. Buna baxmayaraq, o, yenə də iştirak etmədi.

***

1967-ci ildə səkkizinci dəfə ABŞ çempionu olan Fişer yenə də zonalararası turnirdə iştirak etmək hüququ qazandı. Amma Tunisin Sus şəhərində keçirilən bu turnir onun həyatında ən qalmaqallısı oldu. O, dini görüşləri səbəbindən cümə günü axşamdan şənbə günü axşama qədər oynaya bilməyəcəyini söylədi.  Təşkilatçılar onun və Reşevskinin bu şərtini qəbul etdilər.

Amma Fişer bununla qane olmayaraq, başqa şahmatçıların da həmin qrafiklə oynamasını tələb edəndə rədd cavabı aldı və baş hakimə “Siz kommunistsiniz” ittihamını irəli sürdü. Beləliklə, elə alındı ki, digər şahmatçılar oyunlarını altı günə oynayırdılarsa, Fişer və Reşevskinin bunun üçün beş günləri vardı. Reşevski bunun öhdəsindən gələ bildi, Fişer isə yox.

Yeddi görüşdən sonra Fişerin aktivində 5 qələbə və 2 heç-heçə vardı. Amma növbəti turda oyuna gəlməyərək texniki məğlubiyyət aldı. Bununla razılaşmayaraq turniri tərk etdiyini açıqladı. Təşkilatçılar əsas favoritlərdən birinin getməsini istəməyərək onu dilə tutdular və texniki məğlubiyyət qərarına FİDE prezidentinin yenidən baxa biləcəyini söylədilər.

Geri dönən Fişer Reşevski ilə qarşılaşmalı idi. O, oyuna xeyli gecikdi. Saatı artıq işə düşmüşdü. Qaydalara görə, 1 saat keçdikdə şahmatçıya texniki məğlubiyyət verilir. Fişer son dəqiqələrdə özünü yetirdi və qalan vaxt ərzində Reşevskini çox ağır vəziyyətə saldı. Vaxt bitdikdə təxirə salınan oyun (indi təxirə salmaq yoxdur), ertəsi gün davam etdirilməli idi. Amma indi Reşevski oyuna gəlməyərək Fişeri 1 saat gözləməyə məcbur etdi.

Onun daha bir heç-heçə və bir qələbəsindən sonra FİDE prezidenti texniki məğlubiyyət qərarını təsdiqlədi. Fişer bundan sonra daha bir oyunu buraxdı və ikinci texniki məğlubiyyətini aldı. İşə qarışan ABŞ səfirliyi ona Amerikanı təmsil etdiyini xatırladanda Bobbi “Mən burada yalnız Robert Fişeri təmsil edirəm” cavabını verdi.

Bununla belə o, turnirə qayıtmağa razılıq verdi, amma yetişə bilməsi üçün növbəti görüşün vaxtını axşam 6-dan 7-yə keçirilməsini istədi. Onun rəqibi, turnirin lideri Bent Larsen razılaşdı. Amerika səfirliyi onun üçün xüsusi avtomobil ayırdı, yola nəzərət etmək üçün havaya polis helikopteri qaldırıldı.

Fişer isə saat 6-da yola düşmək əvəzinə təşkilatçılara zəng edərək texniki məğlubiyyət aldığı oyunları yenidən oynamaq barədə 1 saat nəticəsiz danışdı. Sonra da oyunun başlanğıcının saat 8-ə keçirilməsini istədi. Səbri tükənən Larsen bu dəfə razılaşmadı. Beləliklə, Fişer üçüncü texniki məğlubiyyətini alaraq turnirdən xaric edildi, oyunlarının nəticələri isə ləğv edildi.

Fişerin tərcümeyi-halına o qədər də bələd olmadığım zamanlar onun dünya çempionluğunu istedadına görə xeyli gec, 29 yaşında qazanmasına təəccüblənirdim. Sonra aydın oldu ki, istər 1966-cı, istərsə də 1969-cu ildə daha gənc yaşda dünya çempionu olmasına yalnız bir nəfər mane olub  – Robert Ceyms Fişer.

(ardı var)

Ana səhifəMənim FikrimcəBobbi Fişer – ekssentrik dahi