Bobbi Fişer – çempion

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

İllər ötəcək və Fişer öz ölkəsinə qarşı ağlagəlməz ittihamlar irəli sürəcək

SSRİ-də idman yarışlarına xüsusi önəm verilirdi və sosialist quruluşunun üstünlüyünü sübut etmək üçün təbliğat vasitəsi hesab edilirdi. İstənilən uğursuzluq ciddi narazılıq doğururdu. Məsələn, 1964 və 1968-ci il yay olimpiadalarında qızıl medalların sayına görə ABŞ-dan geri qalmaq dövlət rəhbərliyinin narazılığına səbəb olmuşdu.

Bu sırada şahmatın əlahiddə yeri vardı. Son 24 il ərzində nəinki təkcə dünya çempionlarının, eləcə də onlarla görüşən iddiaçıların yalnız SSRİ-ni təmsil etməsi sovet insanının intellektual üstünlüyünün sübutu kimi təqdim olunurdu. İndi başqa birisi, özü də Finlandiya və ya Argentina, hətta Fransa deyil, əsas düşmən olan ABŞ nümayəndəsi bu ada iddialı idi və qarşısına çıxanı darmadağın edirdi.

Şahmat üzrə dünya çempionuluğunu heç cür əldən vermək olmazdı, xüsusən də ABŞ-dan olan birisinə. Bunun yanında olimpiadaların komanda hesabında ikinci yer tutmaq, hətta İkinci Dünya Müharibəsindən cəmi 27 il sonra futbol üzrə Avropa çempionatının finalında almanlara 0:3 hesabı ilə uduzmaq heç nə idi.

Buna görə də sovet hökuməti şahmat tacının SSRİ-də qalması üçün bütün qüvvələri səfərbər etdi. Spasskinin hazırlığı hərbi əməliyyat məxfiliyi şəraitində keçirilirdi. Prosesə cəlb olunan adamlar sirri qoruyacaqları barədə iltizam verirdilər. Fişerin son 15 ildə oynadığı 500-dən çox partiyadan ibarət xüsusi kartoteka yaradıldı.
SSRİ-nin aparıcı şahmatçılarının üzərinə Fişerin zəif və güclü tərəflərini hərtərəfli təhlil edən hesabat yazmaq və İdman Komitəsinə təhvil vermək öhdəliyi qoyuldu. Beş aylıq təlim-məşq toplantısını keçirmək üçün dövlətin ən komfortlu sanatoriyaları və bağ evləri Spasskinin ixtiyarında idi. Dünya çempionunu həvəsləndirmək üçün ona dördotaqlı yeni mənzil verildi, özünün və məşqçilərinin maaşı artırıldı.

Fişer isə Katskill dağlarındakı Qrossinger kurortunda tək hazırlaşırdı. O, burada şahmatdan əlavə həm də fiziki hazırlıqla məşğul idi, qaçır, üzür və boks oynayırdı. Getdiyi hər yerdə əlində qırmızı rəngli, Spasskinin oyunlarından ibarət kitab olurdu. Bəzən yemək yeyərkən belə cib şahmatını çıxarır, kitabdakı oyunlardan birini oynayırdı.

Yalnız yaxın dostları, şahmatçılar Larri Evans, Robert Birn, Uilyam Lambardi, Antoni Seydi və başqaları ona baş çəkə bilərdilər. Jurnalistlər demək olar ki, yaxın buraxılmırdılar, yalnız Petrosyanla görüş zamanı Buenos-Ayresdə dostlaşdığı şotland fotoreportyor Harri Bensona güzəşt edildi. Bensonun sayəsində Fişerin həmin dövrdə çəkilən bir neçə fotosu mövcuddur. Bir də populyar “60 Minutes” verilişinə müsahibə verildi.

***

Çempionluq matçını keçirməyə bir neçə şəhər iddialı idi. Həm Spasski, həm də Fişer üstünlük verdikləri bir neçə şəhərin adını FİDE-yə göndərdilər. Bu zaman Spasski birinci yerə Reykyaviki, Fişer isə Belqradı qoydu. Martın 20-də FİDE, eləcə də ABŞ, SSRİ, İslandiya və Yuqoslaviya şahmat federasiyalarının Amsterdamda imzaladıqları sənədə əsasən matçın birinci yarısı Belqradda, ikinci yarısı isə Reykyavikdə keçiriləcəkdi.

Amma bir neçə gün sonra Fişer əlavə tələblər irəli sürdü, bu tələblər həm yuqoslav, həm də island təşkilatçılar tərəfindən rədd edildikdən sonra bildirdi ki, nə Belqradda, nə Reykyavikdə oynamaq fikrində deyil.

Razılaşmanı imzalayan üç federasiyanın tələbi ilə FİDE martın 31-də ABŞ şahmat federasiyasına ultimatum göndərərək Fişerin aprelin 4-ə kimi Amsterdam razılaşmasının şərtlərini qəbul etməli olduğunu, əks halda iddiaçılıq hüququndan məhrum ediləcəyəni bildirdi. Amma göstərilən vaxt Fişerdən xəbər çıxmadıqda, FİDE ultimatumunu yerinə yetirmədi. Əvəzində Yuqoslaviya öz təklifini geri çəkdi.

Növbəti ultimatum sovet şahmat federasiyasından FİDE-yə gəldi. Moskva şahmat tacı uğrunda matçın Amsterdam razılaşması və mövcud qaydalar çərçivəsində Reykyavikdə keçirilməsinin təmin olunmasını tələb etdi. Əgər Fişer bununla razılaşmazsa, çempionla görüşmək üçün yeni iddiaçı müəyyən olunmalı idi.

Nəhayət, mayın 2-də FİDE prezidenti, keçmiş dünya çempionu Maks Eyve elan etdi ki, matç iki ay sonra, iyulun 2-də başlayacaq. Qaydalar əvvəlki kimi idi: maksimum 24 oyun, tərəflərdən biri 12,5 xal topladıqda matç erkən dayandırılır, 12:12 olduğu təqdirdə çempion öz titulunu qoruyur. Mükafat fondu 125 min dollar idi.
Mükafat məbləğini eşidən sovet qrossmeysteri Paul Keres “bu şərtlərlə lap Şimal qütbündə də oynamaq olar” söylədi. Amma bütün şərtləri qəbul etməyə məcbur qalan Fişer bununla razı deyildi. O, fondun iki dəfə artırılmasını tələb etdi.

İddiaçı iyulun 1-də püşkatma mərasiminə gəlib çımadı. O, İslandiyaya yola düşmək üçün gəldiyi Nyu-Yorkun Kennedi hava limanında fotoreportyorları görən kimi dönüb qaçdı. FİDE yenə də bu hadisəyə yumşaq yanaşdı. Amma daha maraqlısı dünya çempionu Boris Spasskinin mülayim mövqeyi idi.

Statusunun Fişerin statusundan yüksək olmasına baxmayaraq Spasski bundan istifadə etməyə, öz şərtlərini diktə etməyə çalışmadı. Sonralar o bildirirdi ki, sovet rəsmiləri dəfələrlə oyundan imtinasını tələb ediblər, o isə Fişerə şahmat taxtası arxasında qalib gəlmək istəyib. Kənar müşahidəçilər isə Spasskinin o dövr üçün görünməmiş mükafat fonduna görə oyundan imtina etmək istəmədiyini söyləyirlər.

Hava limanından qaçan Fişer dostu Antoni Seydinin atasının Nyu-Yorkdakı evində gizlənir. Məsələyə o zaman ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer qarışmalı olur. O, şahmatçıya zəng vuraraq “biz sənin ruslara qalib gəlməni, Amerika üçün savaşmağını istəyirik”,- deyir.

Kissinecerin zəngimi, yoxsa iş adamı Cim Sleyterin mükafat fonduna daha 125 min dollar ianə etməsimi (indi fond 250 min dollar idi, onun 156250 dollarını qalib, 93750 dollarını məğlub alacaqdı) həlledici oldu, söyləmək çətindir, hər halda Fişer iyulun 4-də Reykyavikə gəldi və jurnalistlərə “anladım ki, ölkəmin maraqları mənim maraqlarımdan üstündür” söylədi. İllər ötəcək və Fişer öz ölkəsinə qarşı ağlagəlməz ittihamlar irəli sürəcək.

***

Matçla bağlı proqnozlar haçalanırdı. Bir yandan Fişer son dövrdə olduqca güclü görünürdü və onun reytinqi 1972-ci ilin iyulunda 2780 bal kimi rekord göstərici təşkil edirdi (bu rekordu 1990-cı ildə Kasparov yenilədi) və Spasskinin reytinqini 90 bal qabaqlayırdı. Digər tərəfdən, o vaxta qədər keçirdikləri oyunlarda Fişer Spasskidən zəif idi – beş görüşün üçündə məğlub olmuş, ikisində heç-heçə oynamışdı.

Amma hər iki şahmatçını yaxşı tanıyan Viktor Korçnoy İdman komitəsinə göndərdiyi hesabatda yazırdı:

“Fikrimcə, Spasski indi böhran keçirir. Hazırda Spasskinin oyununda əsas çatışmazlıq – debüt geriliyidir. Onun debüt bilikləri orta səviyyəli qrossmeysterdən geri qalır”.

Harri Kasparov sonralar “Mənim böyük sələflərim” adlı kitabında yazırdı: “Fişer hiss edirdi ki, yüksəlişdədir, Spasski isə, etiraf etmək lazımdır ki, aşağı gedirdi. Zirvəni fəth etdikdən sonra, görünür, motivasiyanı itirmişdi, az oynayırdı, keçmiş məqsədyönlülüyü, həvəsi azalmışdı”.

O zaman parıldamağa doğru gedən Anatoli Karpov hazırlıq dövründə Spasskinin sparrinq-partnyoru kimi cəlb olunmuşdu və çempionun “heç nə etməməsini heyrətlə” izləyirdi: “Spasski sonda mənimlə bir neçə partiya oynamağı qərar verdi. Birincidə ispan partiyasını sifariş verdi, mən ağlarla oynayırdım və tezliklə uduşlu vəziyyət əldə etdim, ancaq çaşdım və uduzdum. Spasski qərara gəldi ki, əla formadadır və daha oynamağa ehtiyac yoxdur”.

Matç öncəsi Spasskini məşqçisi İqor Bondarevski tərk etdi. Sovet şahmat funksioneri Viktor Baturinski sonralar yazırdı: “İqor Zaxaroviç öz addımını mənə səmimi izah etdi: Spasski matça qeyri-ciddi hazırlaşır və o, Bondarevski, qarşılaşmanın nəticəsinə görə məsuliyyət daşımaq istəmir”.


Fişerin qalmaqalları Reykyavikə gəlməklə bitmədi. Oyun yerinə baxarkən nə oynayacaqları stolu, nə lövhəni bəyəndi, onları tələsik düzəltmək lazım gəldi. Nəhayət, püşkatma mərasiminə özü gəlməyərək sekundantını göndərdi, halbuki qayadalara görə, şəxsən iştirak etməli idi. Bu zaman artıq Spasski etiraz püskürdü. O bildirdi ki, rəqibi yazılı üzr istəməyənə qədər matça başlamayacaq. FİDE prezidenti də çempionun tərəfini tutdu. Çarəsiz qalan iddiaçı məktub yazaraq Spasskidən üzr istədi.

İlk oyun iyulun 11-nə təyin olundu və ağlarla Spasski oynayırdı. Fişerin 6 dəqiqə gecikdiyi oyunda 28 gedişdən sonra qəti heç-heçə vəziyyəti yaranmışdı. Amma qaralar 29-cu gedişdə şahmata yenicə başlayanlara xas səhv etdilər və uduzdular – 0:1. Həmin gedişin səhvən, yoxsa bilərəkdən edildiyi barədə fikirlər 50 ildir ki, davam edir.

Məğlubiyyətdən sonra Fişer zaldan telekameraların yığışdırılmasını tələb etdi. Amma ona bildirildi ki, çəkiliş aparılması onun nümayəndələrinin də razılaşdığı reqlamentlə təsdiq olunub. Belə olduqda, iddiaçı ikinci oyuna gəlmədi və ona texniki məğlubiyyət verildi – 0:2

Uzun mübahisələrdən sonra Spasski üçüncü partiyanı izolə olunmuş otaqda və kameralarsız keçirməyə razı oldu. Karpov, Kasparov və bir çoxları əmindirlər ki, bu, Spasskinin həlledici psixoloji səhvi idi. “O, əvvəlcə şahmat taxtasından kənarda öz şərtlərini diktə etməyə başladı, sonra da taxta arxasında davam etdi”, – Kasparov yazır. Elə Spasski də bunu inkar etmirdi: “Üçüncü partiyanı oynamaqla mən Fişeri xilas etdim. Mahiyyətcə, mən həmin partiyada bütün matçın kapitulyasiyasını imzaladım”.

Əsl matç üçüncü partiyadan başladı və Fişer xarüqələr göstərdi. Növbəti səkkiz oyunda o, 6,5 xal, çempion isə 1,5 xal topladı (3, 5, 6, 8 və 10-cu partiyalarda qalib gəldi, digərlərində heç-heçə oynadı). Bu inanılmaz nəticə idi. On partiyadan sonra hesab onun xeyrinə 6,5:3,5 idi (dördüncü partiyadan başlayaraq oyunlar Spasskinin istəyi ilə əsas səhnədə və Fişerin istəyi ilə kamerasız keçirilirdi).

Spasskinin 11-ci partiyada qələbə çalması və qaralarla dalbadal üç məğlubiyyətdən sonra 12-ci partiyada heç-heçə etməsi matça intriqanın qayıtması kimi qiymətləndirildi. Amma çempion daha qələbə qazanmadı. Fişer 13-cü partiyanı udandan sonra yeddi oyun heç-heçə bitdi.

Matçın sonu yaxınlaşdıqca və Spasskinin vəziyyəti dəyişəcəyinə ümid azaldıqca sovet qəzetlərində qarşılaşma haqqında informasiyalar da kiçilirdilər. Nəhayət, 21-ci partiya Spasski üçün ağır vəziyyətdə təxirə salındı və o, ertəsi gün, sentyabrın 1-də davam etdirmədən təslim oldu. Bununla da Fişer matçda 12,5 xal topladı və sona üç oyun qalmış dünya çempionu oldu.

Sentyabrın 3-də yeni dünya çempionunun təltif mərasimi keçirildi. Robert Ceyms Fişer təkbaşına, yalnız öz dühası hesabına böyük bir şahmat mexanizminə qalib gəldi. Niderlandlı qrossmeyster Yan Timman bunu “bütöv imperiyaya qalib gələn tənha qəhrəmanın hekayəsi” adlandırırdı.

Yeni çempion İslandiya televiziyasına müsahibəsində söylədi: “Mən ruslara qalib gəldiyimə görə şadam. Boris Spasski əleyhinə bir şey demirəm, o, yaxşı adamdır, amma dünya çempionu titulunu ruslardan aldığıma şadam. Onlar uzun müddət şahmatı öz şəxsi mülkiyyətləri sayırdılar, onlar darıxdırıcı oyun tərzi ilə, özlərinin darıxdırıcı ölkələrində darıxırıcı matçlarla şahmat sənətini öldürürdülər”.


Spasski-Fişer qarşılaşması Amerikada böyük maraqla izlənilirdi. “Dünənə qədər at ilə fili ayıra bilməyən insanlar indi Fişerin növbəti gedişinin nə olacağı barədə mərcə gəlirdilər”, – “Nyu York Tayms” qəzetinin müxbiri Harold Şonberq yazırdı.

Qələbə isə son dərəcə böyük coşğu doğurdu. Şahmat komplektləri ən çox satılan mallardan birinə çevrildilər, şahmat klublarına axın yaşandı. Robert adı yeni doğulan uşaqlara ən çox qoyulan ada çevrildi. İslandiyadan qayıdan çempion milli qəhrəman kimi qarşılandı.

Nyu-York meri 1972-ci il sentyabrın 22-ni “Bobbi Fişer günü” elan etdi. Həmin gün merin tərif dolu çıxışına cavab verən çempion “Düşünmürdüm ki, gün gələcək, şahmat xəbərləri bizdə manşet başlığına çıxacaq, “Pravda”da isə kiçik materiala çevriləcək”.

Fişer prezident Nikson tərəfindən Ağ evə ziyafətə dəvət olundu, amma qəbul etmədi: “Xörək yeyəndə kiminsə ağzıma baxmasına xoşum gəlmir”. Müxtəlif istehsalçılar ona milyonluq reklam müqavilələri təklif etdilər, amma Fişer onlardan da imtina etdi. O, bunu şahmatın nüfuzuna zərbə olacağını iddia etdi, halbuki tamamilə əksi ola bilərdi.

Əvəzində sentyabr-oktyabrda Skopyedə keçirilən növbəti şahmat olimpiadasında iştirak etmək üçün 150 min dollar, onun şöhrətinin şüası altında qızınan Lombardi və Evans isə 20 min dollar istədilər. Sponsorlardan çox şey qoparmaq, əvəzində heç nə verməmək cəhdi bu dəfə faydasız oldu. Nəticədə ABŞ komandası onlarsız yola düşdü və o dövrə qədərki tarixində ən zəif nəticə göstərərək 9-cu yeri tutdu.

Fişer çempion olduqdan sonra öz titulunun müdafiəsi barədə “Mən harada gəldi və hər bir layiqli iddiaçı ilə oynamağa hazıram. Lap hər il. Mübarizə aparmağa və öz titulumu qorumağa hazıram” söyləmişdi. Əslində isə 1972-ci il avqustun 31-də Spasskiyə qarşı oynadığı 21-ci partiya onun son rəsmi oyunu oldu.


FİDE-nin 1971-ci ildə keçirilən konqresində növbəti, 1975-ci ildə keçiriləcək çempionluq matçının formatında dəyişiklik etmək qərara alınmışdı. Yeni formata görə matç heç-heçələr nəzərə alınmadan tərəflərdən birinin 6 qələbəsinə qədər davam edəcəkdi.

Dünya çempionu olduqdan sonra Fişer bu formatın bir qədər başqa, Steynits modelini təklif etdi: heç-heçələr nəzərə alınmadan 10 qələbəyə qədər. İlk dünya çempionu Vilhelm Steynitsin çempionluq uğrunda beş görüşündən üçü 10 qələbəyə qədər keçirilmişdi.

Amma nəzərə almaq lazımdır ki, Steynits zamanında xeyli az heç-heçə edilirdi. Sözügedən üç matçda (Zukertortla, Çiqorinlə ikinci və Laskerlə) ümumilikdə 62 oyun oynanılmış, bunlardan yalnız 14-ü heç-heçə nəticələnmişdi. Müasir dövrdə isə hətta Fişerin Spasski üzərində parlaq qələbəsi ilə nəticələnən matçda 21 oyundan 11-i heç-heçə bitmişdi. Belə olduqda, 10 qələbəyə qədər matç olduqca uzana bilərdi.

Üstəlik, Fişerin tələbinə görə, hesab 9:9 olduğu halda çempion öz titulunu qoruyacaqdı (mükafat fondu isə tən bölünəcəkdi). Bu müddəa isə Steynitsin matçlarında yox idi. Yalnız Çiqorinlə ikinci matçda belə bir şərt vardı ki, 9:9 olduqda matç 12 qələbəyə qədər davam edəcək. Fişerin tələbinin qəbulu o demək idi ki, iddiaçı çempion olmaq üçün iki qələbə fərqi ilə (10:8) qalib gəlməlidir, bu da böyük ədalətsizlik idi.

FİDE-nin 1974-cü ildə keçirilən konqressində dünya çempionunun tələbi qismən qəbul edildi. Matç 10 qələbəyə qədər oynanılacaqdı, amma maksimum 36 partiya olmaqla. 36-cı partiyadan sonra hesabda irəli olan çempion olacaqdı, heç-heçə təqdirində çempion titulunu qoruyurdu. İkinci tələb isə (9:9 hesabı ilə bağlı) rədd edildi.

Bobbi Fişer, Mənbə: https://www.biography.com/

Bu arada yeni iddiaçılar turnirinin qalibi gənc sovet şahmatçısı Anatoli Karpov oldu. Zonalararası turnirdə 1-2-ci yerləri bölüşdürərək iddiaçılar turnirinə vəsiqə qazanan Karpov burada ardıcıl üç həmyerlisini – Poluqayevskini, Spasskini və Korçnoyu məğlub edərək Fişerlə görüşmək hüququ qazandı. FİDE çempionluq matçının aprelin 1-də Filippinin paytaxtı Manilada keçiriləcəyini elan etdi. Mükafat fondu ötən matçla müqayisədə iyirmi dəfə çox idi – 5 milyon dollar.

1975-ci ilin martında amerikalılar 30 ölkənin şahmat federasiyasının dəstəyini alaraq FİDE-nin növbədənkənar konqresini çağırmağa nail oldular və Fişerin tələblərini yenidən müzakirəyə çıxardılar. Bu dəfə matçın limitsiz olması təklifi qəbul olundu, amma hesabın 9:9 olduğu təqdirdə çempionun titulunu qoruması müddəası yenə rədd edildi.

 FİDE-nin qərarını eşidən Fişer “Mən şahmat dünyasını cəzalandıracağam. Onlar mənim partiyalarımı daha görməyəcəklər” söyləyir. O, bəlkə də inana bilmirdi ki, iddiaçı olarkən az qala bütün tələblərini qəbul etdirdiyi halda, indi bunu bacarmır. Bəlkə də FİDE-nin prinsipiallığına inanmırdı.

Amma bu dəfə hər şey başqa cür oldu. Şahmat dünyası Fişerin ərköyünlüyündən daha bezmişdi. Bu qədər sürprizlər, naməlumluqlar heç kimə, xüsusən də elə Fişerin sayəsində şahmatda reklam imkanlarını kəşf edən sponsorlara lazım deyildi. Onlar hər şeyin daha proqnozlaşdırılan olmasını arzulayırdılar.

Fişer aprelin 1-də Manilaya gəlib çıxmadı. Ertəsi gün FİDE prezidenti Maks Eyve dünya çempionuna daha bir şans verdi: “Əgər mən 1975-ci il aprelin 3-ü saat 11:00-a qədər Fişerdən heç bir izahat almasam, Karpova yeni çempion olması barədə teleqram göndərəcəyəm”. Fişerdən heç bir xəbər çıxmadı və Karpov 12-ci dünya çempionu elan edildi.

***

Harri Kasparov özünün “Mənim böyük sələflərim” adlı kitabında Fişerin 1970-ci il zonalararası turnirdə çıxışından bəhs edən fəsli “Şaquli qalxış” adı ilə verir. Fişerin çempion titulunu itirdiyi dövrdən sonrakı bütün həyatını da “şaquli eniş” adlandırmaq olar.

O, 17 il ərzində gözdən uzaq həyat keçirdi. Yalnız 1981-ci ildə yenidən mətbuata düşdü. Yaşadığı Pasadena şəhərinin polisi onu axtarışda olan bank qarətçisinə oxşayaraq həbs etdi. Fişer dünya çempionu olduğunu söyləyərək polislərə müqavimət göstərməyə çalışdı, nəticədə onlar tərəfindən döyüldü. İki gün sonra azad edilsə də, polisə müqavimət və təcridxana əmlakına vurduğu zərərə görə 1000 dollar cərimə olundu.

Fişerin 1992-ci ildə yuqoslaviyalı bir bankirin Spasski ilə matç-revanş təklifinə razılıq verməsi hamı üçün gözlənilməz oldu. Qarşılaşma Fişerin təklif etdiyi formatda – 10 qələbəyə qədər – keçirildi və +10-5=15 hesabı ilə onun qələbəsi ilə yekunlaşdı. 5 milyon dollarlıq mükafat fondunun 3,35 milyonu qalibə çatdı.

Mütəxəssislərin fikrincə, hər iki şahmatçı 20 il əvvəlkindən zəif oyun nümayiş etdirdilər.

Qarşılaşma Belqradda keçirilirdi, halbuki Yuqoslaviyaya qarşı ABŞ tərəfindən sanksiyalar tətbiq olunurdu. Matç öncəsi Dövlət departamenti Fişerə bu barədə xəbərdarlıq məktubu göndərdi. Keçmiş çempion həmin məktuba mətbuat konfransı zamanı ona tüpürməklə cavab verdi. Bundan sonra Fişerin ABŞ-a yolu qapandı.
Özü yəhudi olan Fişer ömrünün son illərində qatı antisemitə, Hitlerin fanatına və sui-qəsd nəzəriyyələrinin tərəfdarına çevrilir. 11 sentyabr terroru ilə əlaqədar Filippin radiosuna müsahibə verən Fişer bu cinayəti alqışlayır və əlavə edir: “Ümid edirəm ölkəni (ABŞ-ı) hərbçilər tutacaq, bütün sinaqoqları bağlayacaqlar, bütün yəhudiləri həbs edəcəklər, yüzminlərlə yəhudi başçılarını öldürəcəklər”.

ABŞ tərəfindən pasportu ləğv edilən və buna görə səkkiz ay Yaponiya həbsxanasında keçirən Bobbi Fişerə vaxtilə çempion olduğu İslandiya 2005-ci ildə vətəndaşlıq verdi. İslandiyaya gələn keçmiş şahmatçı 2008-ci il yanvarın 17-də böyrək çatışmazlığından vəfat etdi.

Ana səhifəMənim FikrimcəBobbi Fişer – çempion