Mənbə: Meydan.TV

BMT-yə şikayətnamə

Məqalə yeniləndi:  29 İyul 2019

Bizim hakim siyasi sinfin əxlaqı və zəkası, yumşaq desək, kamillikdən uzaqdır. Cəmiyyətdə belə bir fikir dolaşır ki, bu əxlaqı naqis hakimiyyəti zəka və əxlaq baxımından daha kamil müxalifət əvəz etməlidir. Məhz buna görə əhali seçkilərdə müxalifətə səs verir, etiraz nümayişlərinə çıxır, hərçənd bilir ki, hakimiyyət bu zaman xalqı döyəcək və hətta öldürəcək. Keçən əsrin əvvəlində azadlıqsevərlər rus çarizminin zülmünə qarşı şüurlu surətdə kazak qırmanclarının və əsgər süngülərinin üstünə getdikləri kimi, azərbaycanlı kişilər və qadınlar demokratiya və vətən naminə polis zopalarına və məhbəs təhlükəsinə qarşı cəsarətlə qalxırlar. Pisləri istəmirik! Yaxşıları istəyirik!

Lakin hakimiyyət hər dəfə xalqa qarşı zor işlədir və seçkiləri saxtalaşdırır. Bir dəfə, iki dəfə... Nəhayət, müxalifət anlayır ki, döyülən uşaq olmaq ayıbdır. Axı hər dəfə döyüləndən sonra müxalifətin olan-qalan hörməti isti günəş şüalarının altında olan buz kimi əriyir. Onda Rəsul Quliyevin-Sərdar Cəlaloğlunun Demokrat Partiyası müxalifətə təklif verdi ki, birləşib Birləşmiş Millətlər Təşkilatına bir dənə şikayətnamə yazaq! Yazaq ki, Kofi Annan baba, imdadımıza çat, hakimiyyətimiz xalqların hüquqları haqqında bütün mövcud beynəlxalq qanunları imzalamasına rəğmən seçkilərin nəticələrini saxtalaşdırır. Etiraz edənləri isə başından rezin dəyənəklə vurur, məhbəsə salır və onların ac ailələrini məcbur edir ki, yekəqarın polislərə rüşvət verib məhbəsdəki əzizlərinə ərzaq sovqatı çatdırsınlar. Bəli, əziz Kofi baba, vəziyyət beləcə fənadır, odur ki, qoy BMT gəlsin Azərbaycana və dünyada ən təmiz, ən ədalətli və ən şəffaf seçkiləri keçirsin. Çünki biz bu Prezident Aparatında və Mərkəzi Seçki Komissiyasında işləyən dələduzlara və fırıldaqçılara dəxi inanmırıq!

…Bu qəziyyə 2000-ci ilin isti yayında baş vermişdi. Həmin vaxtda da bizim partiyalar bir-birini sevmirdi, lakin qarşılıqlı nifrət hələ indiki yüksək həddə çatmamışdı. Bu olmayan məhəbbətə rəğmən qərara alındı ki, 21 müxalifət partiyası bu şikayətnaməni ən yüksək səviyyədə, yəni partiya sədrləri səviyyəsində imzalasınlar və Nyu-Yorka üç nəfəri ezam etsinlər: bir sağçını, bir solçunu, bir dənə də lap sağçını.

Nyu-Yorka səfəri mənə təklif edəndə bəndəniz qəti etiraz etdi: niyə mən? Mənim pul kisəm boşdur, Abşeron bağlarına getməyə çatar, fəqət Amerikaya çatmaz. Lakin siyasi cəmiyyət üstümə düşdü və dedi ki, “məsələnin maddi cəhəti qoy səni qayğılandırmasın, bilet alarlar, qarşılayarlar, yerləşdirərlər, suyunu-çörəyini verərlər, geriyə yola salarlar”.

Hamı bilir ki, mənim zəif damarım haradır. Deyəndə ki, cəmiyyətin mənafeyi tələb edir, mən özümü unudub lap tankın üstünə gedərəm. Beləcə də məni inandırdılar ki, Nyu-Yorka səfər millətə fayda gətirəcək. Naəlac razılaşıb soruşdum ki, “bəs, müsafirlərim kimdir”? Dedilər ki, bu ən yaxşı insanlardır, istibdada qarşı mətin mübariz Sərdar Cəlaloğlu və jurnalistlərin dostu Nazim Müzəffərlidir.

2000-ci ilin iyun ayının 14-də 21 partiyanın lideri təntənəli şəkildə bu şikayətnaməni imzaladı, ayın 16-da isə bəndəniz artıq hava limanında əlində oraya və geriyə uçuş bileti tutan Sərdar Cəlaloğlu ilə görüşdü. “Bəs Nazim bəy hanı?”-bəndəniz soruşdu. Sərdar bəy cavab verdi ki, “Onun ABŞ-da təcili işləri var idi, ona görə dünən uçub Amerikaya”. Mən təəccübləndim və düşündüm: “Qəribədir. Nazim bəyin Amerikada təcili işləri var. Mənim isə hətta Bakıda təcili işim yoxdur. İşimi-gücümü atıb qəlbən inanmadığım adamların işi üçün dünyanın o biri başına uçuram”.

Sözün düzü, müxalifətin BMT-yə ərzi-halı və bunun nəticəsində Kofi Annanın müstəqil Azərbaycana seçki komissiyası göndərməsi məsələsi sırf siyasi təbliğat gedişi idi. Müxalifət bunu çox gözəl anlayırdı. Bilirdik ki, BMT müstəsna bürokratik və hədsiz rüşvətə bulaşmış təşkilatdır, bilirdik ki, oranın ağası beş fövqəldövlətdir və bu beş dövlət 190 dövləti istədiyi kimi oynadır. Bilirdik ki, BMT-də qərarları müxalifət deyil, hökumətlər qəbul edir. Bilirdik ki, Çilidə seçkiləri BMT Auqusto Pinoçetin razılığı ilə keçirmişdi, Kampuçiyada isə seçkiləri BMT ona görə keçirmişdi ki, ölkə felən dağılmışdı. Bizim Pinoçet belə bir razılığı heç vaxt verməz, bizim ölkə isə, baxmayaraq ki, millətin bir hissəsinin və əcnəbilərin işğalı altındadır, fəqət neft sərvətinin ucbatından sabit və gələcəyi olan ölkə sayılır.

Lakin biz də sadəlövh deyildik və anlayırdıq ki, bu qanunla uzlaşmayan müraciət bizim həyasız hakimiyyətin seçkilərimizin ədalətliliyi haqqında bütün dünyaya danışdığı nağılın mahiyyətini ifşa edəcəkdi.

Müxtəsər, on bir saat təyyarədə uçandan sonra Nyu-Yorkda endik, oradan Vaşinqtona yollandıq, Kapitoliy təpəsindəki binaların dəhlizlərini dolaşdıq, ağsaç senator və konqresmenlərlə görüşdük, bir çox mötəbər və nüfuzlu misterlərə və misslərə, fondlara və qəzet redaksiyalarına dəyib bizim dələduz hakimiyyətin xəcalətindən çıxdıq. Xudahafizləşəndə də təvəqqe etdik ki, onlarla görüşəndə onlara əl verməsinlər və salamlarını almasınlar, zira bizim hakimiyyət buna layiq deyil. Qoy Azərbaycan hakimiyyəti anlasın ki, Konstitusiyamızın birinci bəndində yazılmış “hakimiyyətin mənbəyi xalqdır” məfhumunu pozanda, hansı cəzaya layiqdir.

Bəli, Vaşinqton dəhlizlərində bizim pisləri onların yaxşılarına satandan sonra geriyə, Nyu-Yorka qayıtdıq. Mən sabiq sovet vətəndaşı kimi həyəcan keçirməyə başladım. Axı mən 21 partiyanın tapşırığını hələ yerinə yetirməmişdim. Belə də iş olar? Məktubu BMT-yə çatdırmaq dəmidir! Və mən mətbuatın ən yaxşı dostu Nazim bəydən soruşuram ki, “Ə bə BMT-yə nə vaxt gedirik?” Nazim bəy nə desə yaxşıdır? “Mən BMT-yə gedə bilməyəcəyəm, təcili işlərim var, siz Sərdar bəylə gedərsiniz”.

Müxtəsər, BMT-yə Sərdar bəylə ikilikdə gedəsi olduq. Görüş təyin olunmuşdu. Mühafizə xidməti bizi İst-Riverin sahilində yerləşən möhtəşəm göydələnin hansısa yuxarı mərtəbəsinə çatdırdı və biz... bizə çox oxşayan bir kəslə görüşdük. Nə xoş təsadüf! Sən demə, BMT-də demokratiya və seçki məsələlərinə Dondar soyadlı bir türk kökənli diplomat baxırmış! O qədər sevindim ki, ona bizim Tovuz rayonunda Dondar kəndinin olması barədə bilgi verə bilmədim.

Əlim həyəcandan əsə-əsə qovluqdan şikayətnamənin mətnini çıxardım və BMT məsuluna verdim. Sözdə də izah etdim ki, Azərbaycanın 21 partiyası hakimiyyətə inanmadığına görə BMT-dən seçkiləri təçkil etməyi və keçirməyi xahiş edir.

Dondar bəy məktubu diqqətlə oxudu, nədənsə imzaları çox diqqətlə öyrəndi və sonra dinmədən masasının sağ siyrməsindən bir vərəq kağız çıxarıb qarşısına qoydu və mən verdiyim kağızla bu kağızı tutuşdurmağa başladı. Nədənsə bu müqayisə zamanı onun qaşları təəccüb ifadəsi kimi hərdən yuxarı qalxır, hərdən yerinə qayıdırdı. Nəhayət, öz müqayisəli təhlil işini qurtardı və masasının siyirməsindən çıxardığı kağızı kəmali-ehtiramla mənə uzatdı. Mən onun əlindən hansısa mühüm BMT sənədini aldım və oxumağa başladım.

Möhtərəm oxucu, sizi başınızdan kərpic ilə, yaxud, zorba dəyənəklə vurublarmı? Əgər belə bir xoşbəxtlik sizə nəsib olmayıbsa, siz mənim nələri, hansı hissləri keçirdiyimi bilməzsiniz.

Əlimdə tutduğum kağızda Azərbaycanın 18 partiyasının imzası var idi. Bu məktubda onlar xahiş edirdilər ki, BMT Azərbaycan hakimiyyətinin təşkil edəcəyi və keçirəcəyi seçkilərə nəzarətini gücləndirsin. 18 imza, həmin partiyalar çıx üç partiya: Sosial-Demokrat, Vəhdət və İslam partiyaları.

Mən qızardım. Baxışlarımı yerə zillədim. Dinməzcə ayağa qaxdım və təzim edib sağollaşdım. Ardımca tatar-monqol sifətinin ifadəsi əsla dəyişməmiş Sərdar Cəlaloğlu çıxdı. Bu istibdada qarşı mətin mübarizin sifəti dəyişmədi, heç halına təfavüt etmədi.

Azərbaycan mətbuatının ən yaxşı dostu bizimlə geriyə uçmadı. Görünür, onun Amerikadakı təcili işləri hələ sona yetməmişdi.

Məni təəccübləndirən bizim müxalifətin liderlərinin əxlaqi qıvraqlığı deyil. Məni heyran edən Prezident Aparatının yüksək çevikliyi deyil. Məni bu iqtidara və müxalifətə bölünüb 25 ildir ki, xalqımızı ələ salan dələduz dəstəsinin yüksək intizamı və iş qabiliyyətidir. Məni bu dələduzlara inanıb aldanan xalqımızın sadədilliyi heyrətə gətirir.

Həmin günə qədər mən Heydər Əliyevin müxalifət liderlərinə həqarətlə yanaşmasının sirrini anlamırdım. Mərhum Ümummilli lider onları daş dövrünün insanları adlandırırdı. Həmin gün mən onun bu həqarətli yanaşmasının sirrini anladım.

Bu mütəşəkkil dələduz dəstəsinin intizamı ordumuzda olsaydı, qaçqınlarımız çoxdan yurdlarına qayıtmış olardı.

P.S.: Mən daima Məmmədov Sərdar Cəlal oğlunun vicdan deyilən bir nəsnəyə müraciət etmədən yaşamasına heyrətlə baxmışam. Tam əminəm ki, bu adam öz övladına eyni tərbiyəni verib.

Bir dəfə eşitdim ki, vətənimizi ağ günə çıxardandan sonra Sərdar bəy oğlunu yaşamaq üçün Norveçə göndərib. Oğlu da orda sosial şəbəkələrdə türk millətçisi kimi çıxış edir. Barmağımı dişləyib düşündüm: “ bu abad Norveçin bəxtəvər günlərinin sonu yaxınlaşır”.

Bəli, bir gün eşitdim ki, sakit və lal-dinməz Breyvik soyadlı bir norveç kişisi gəlmə şərqlilərin təhlükəsindən öz millətini xəbərdar etmək məqsədilə paytaxtda partlayış törədib, sonra isə bir adaya gedib oradakı günahsız gəncləri güllələyib. Məhkəmədə məlum oldu ki, gəlmələrin böylə müxtəlifliyindən onun başına yüngülcə hava gəlib. Bu havanın təsirindən Breyvik gəlmə miqrantların yerli xalqın bənzərsiz mədəniyyətinə qarşı törətdiyi təhlükə barədə elmi bir əsər də yazıb.

İndi mən düşünürəm: bəlkə bu zavallı Breyvik möhtəşəm Məmmədovlar sülaləsinin şanlı nümayəndəsi ilə tanış olandan sonra başına hava gəlib?

Mənə gəldikdə, mən öz xalqımın içində yaşadığıma görə belə-belə bədii hərəkətlərə qarşı dözümüm yaranıb, zira öyrəncəliyəm və adətkərdəyəm. Elə bilin ki, məni uşaqlıqdan ilan o qədər çalıb ki, ta bədənim zəhərə öyrənib.

Mən sadəcə hamının bizdə siyasət dediyi sahədən bilmərrə üzülüşmüşəm.

P.P.S: Birdən ürəyinizə nə isə gələr ha-a-a. Bu ikinci sənədə imza atmamş üç partiyanı deyirəm. Prezident Aparatı öz səmərəli fəaliyyəti ilə bu üç partiyanı da digərlərinin halına saldı, indi ölkəmizdə “konstruktiv” mövqe tutmayan ənənəvi müxalifət partiyası qalmayıb.

Ümid qalıb yalnız yeni qüvvələrə.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 İyul 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j1b6gm

Ən çox baxılan