BMT Təhlükəsizlik Şurasının iclası bitdi, yekun bəyanat qəbul edilmədi 

Foto: BMT

ABŞ Laçın dəhlizi ilə yanaşı, alternativ marşrutları da qəbul edir 

Ermənistanın müraciəti ilə çağırılan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası başa çatıb. İclasda Ermənistan tərəfi Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağda yaşayan etnik erməniləri “blokada” və ya “humanitar böhran”la üz-üzə qoymaqda ittiham edib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bu iddiaları rədd edib. 

Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır”, – Yaşar Əliyev deyib.  

O bildirib ki, Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb. Yaşar Əliyev həmçinin qeyd edib ki, Azərbaycan Qarabağda yaşayan erməni sakinlər üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir.

Yaşar Əliyev. Foto: “Azərtac”

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən olan ABŞ-ın nümayəndəsi Laçın dəhlizi ilə yanaşı, alternativ marşrutları da qəbul etdiyini qeyd edib. BMT Təhlükəsizlik Şurasının iclasında hər hansı yekun bəyanat və ya qətnamə qəbul edilməyib.  

Sərhəd-buraxılış məntəqəsi nə vaxt qurulub? 

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib. Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib. Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb. 

 Münaqişənin qısa xronikası 

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb. Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətBMT Təhlükəsizlik Şurasının iclası bitdi, yekun bəyanat qəbul edilmədi