“Daha çox tədbirlərin görülməsi mümkündür”
Birləşmiş Millətlər Təşkilatı Suriyanın şimal-qərbinə yardımı axınını artırmaq və təcili tibbi yardıma ehtiyacı olanların, məsələn, inkubatorlarda olan körpələrin evakuasiya edilməsinə imkan yaratmaq üçün Türkiyəylə danışıqlar aparır,- “Reuters” xəbər verir.
Suriyanın şimal-qərbində irəliləyən Suriya hökumət qüvvələri ilə Türkiyə sərhədi arasında müharibədən qaçan üç milyondan çox insan ilişib qalıb.
BMT-nin Suriya böhranı ilə əlaqədar regional humanitar koordinator müavini Mark Cutts deyib: “Döyüşlər milyondan çox insanın yaşadığı çadırlara və müvəqqəti sığınacaqlara yaxınlaşır və təhlükəli hal alır”.
“Biz Türkiyə sərhədindən Suriyanın şimal-qərbinə yardım göndərməyin yolları ilə bağlı Türkiyə hakimiyyəti ilə danışıqlar aparırıq”,- Cutts jurnalistlərə deyib.
Hər gün təxminən 50 yük maşını Türkiyənin Bab əl-Hava sərhədindən keçir. BMT humanitar agentliyi OCHA bunu 100-ə çatdırmaq istəyir.
“Türkiyə yardımların müalicə üçün oraya göndərilməsinə icazə verir və daha çox tədbirlərin görülməsi mümkündür”,- Cutts deyib.
OCHA deyir ki, 77 sağlıq müəssisəsi dekabrın 1-dən etibarən Suriyanın şimal-qərbindəki fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb. Onların bəziləri hava zərbələri ilə dağıdılıb. Cutts bir anbarın keçən həftə talan edildiyini təsdiqləyib və deyib ki, digəri bu yaxınlarda bombalanıb.
Yanvar ayında BMT Təhlükəsizlik Şurası Türkiyə vasitəsilə Suriyaya yardım aparılmasına icazə verib. Rusiya və Çinin etirazı ucbatından beynəlxalq təşkilat İraq və İordaniyadan yardım keçid məntəqələrini bağlayıb.
Türkiyə hazırda 3,7 milyon suriyalı qaçqına ev sahibliyi edir. Ankara daha artıq qaçqın ala bilməyəcəyini və müharibədən qaçanları yerləşdirmək üçün sərhəd boyunca “təhlükəsiz zona” yaratmağa ümid etdiyini demişdi, lakin müharibənin yeni dalğası bu planı təhlükə altına alıb.