İşçi Qrup Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər, siyasi rəqibləri susdurmaq məqsədilə cinayət mühakiməsinin alətə çevrilməsi tendensiyasını müşahidə edi
BMT-nin Qanunsuz Saxlana üzrə İşçi Qrupu həbsdə olan gənc fəallarla da görüşüb
“Biz bu yaxınlarda həbs olunan iki tələbə ilə istintaq təcridxanasında görüşdük. Görüş zamanı onların üzərində, xüsusən, əllərində və ayaqlarında zədələr, xəsarət izləri gördük. Biz həmin izlərin nədən yarandığını deyə bilmərik. Amma tələbələr həmin izlərin polis idarəsində işgəncədən yarandığını bildirdilər. Onlar bunu vəkillərinə də deyiblər, öz məktublarında da göstəriblər”.
Bunu BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupunun mayın 25-də Bakıda keçirdiyi mətbuat konfransında məruzəçi Setonçi Roland Adcovi bildirib.
Bu barədə məlumatı Azadlıq Radiosu yayıb.
Mayın 16-dan Bakıda səfərdə olan dörd nəfərlik İşçi Qrup həbs yerlərində, internatlarda saxlanılan 80-ə yaxın şəxslə, eləcə də rəsmilərlə görüşüb. Bu görüş və söhbətlərin nəticəsi olaraq, İşçi Qrup Azərbaycanda xüsusən psixo-sosial və əlilliyi olan şəxslərin müvafiq müəssisələrə yerləşdirilməsi, ölkədə cinayət-mühakimə sistemindən narahatlığını ifadə edib.
“İşçi Qrup qanunçuluq prinsipi, ittihamlar barədə dərhal məlumatlandırılmaq hüququ, şəxsin özünün seçdiyi vəkillə təmin olunmaq hüququ, saxlanılmaya qarşı etiraz vermək hüququ, işgəncə və pis rəftarın qadağan olunması kimi hüquqların pozulmasını müşahidə edib”, – Setonçi Roland Adcovi bildirib.
İşçi Qrup qanuna zidd davranan uşaqlara qarşı rəftardan da narazı qalıb: “Onların həbsdə saxlanılması ən son vasitə olmalıdır. Buna baxmayaraq, bir çox yetkinlik yaşına çatmayan şəxslər, hətta az ağır cinayətə görə də sanki avtomatik qaydada həbsə alınma ilə üzləşir. Həbs yerlərində məruz qaldıqları bərbad saxlanılma şəraiti onların sonrakı reablitasiyasına və yenidən təhsilə qayıtmasına mənfi təsir göstərə bilər”.
Məruzəçi deyir ki, İşçi Qrup Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər, siyasi rəqibləri susdurmaq məqsədilə cinayət mühakiməsinin alətə çevrilməsi tendensiyasını müşahidə edib:
“Bu sırada ilk ağlagələn İlqar Məmmədov, Xədicə İsmayıl, Zeynalabdin Bağırzadədir. Rəşad Ramazanov, Nicat Əliyev də bu siyahıya daxildir. Bu gün Xədicə İsmayıl şərti azadlığa buraxılıb və bu hal tərəfimizdən təhlil olunacaq. Bu siyahı həmçinin Vəkillər Kollegiyasının intizam tədbirləri də daxil olmaqla, müxtəlif hədə-qorxulara məruz qalan vəkilləri də əhatə edir”.
Adcovi əlavə edib ki, İşçi Qrupun Azərbaycana dəvət olunması təşəbbüsünü Azərbaycan hökumətinin nəzərdə tutduğu islahatların başlanğıc nöqtəsi hesab edir. Qrup bu gün səhər dövlət məmurları ilə görüşərək, səfərin ilkin nəticələri, narahatlıq doğuran məsələləri onların nəzərinə çatdırıb.
İşçi Qrup Azərbaycana səfərin nəticələrinə dair yekun hesabatı gələn ilin sentyabrında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.