BMT-nin xüsusi nümayəndələri Səmədovu və Əbilovu azadlığa buraxmağa çağırıb

İqbal Əbilov və Bəhruz Səmədov

BMT mədəniyyət və azlıqlar üzrə xüsusi nümayəndələri Azərbaycan hakimiyyətinə müraciət edərək artıq bir ildən çoxdur həbsdə saxlanılan iki tədqiqatçı – İqbal Əbilov və Bəhruz Səmədovun azadlığa buraxılmasını tələb ediblər. Onlar bu şəxslərin elmi fəaliyyətlərinə, hökumət siyasətinə sülh yönümlü və dinc tənqidlərinə, eləcə də azlıqların hüquqlarını müdafiə etmələrinə görə təqib olunduqlarını bildiriblər.

“Biz çox narahatıq ki, məhkəmələr Əbilov və Səmədovun akademik araşdırmalarını, sülhü müdafiə etməyini və azlıqların mədəni kimliyinin təbliğini dövlətə xəyanətlə eyniləşdirib”.

Onlar qeyd ediblər ki, İqbal Əbilovun Cənubi Qafqazdakı etnik azlıqlarla bağlı elmi araşdırmaları onun dövlətə xəyanət, “xaricdən idarə olunan dövlət əleyhinə çağırışlar” və “milli, irqi, sosial və ya dini ədavət və düşmənçiliyin qızışdırılması” ittihamları ilə təqsirləndirilməsinə əsas kimi istifadə olunub.

İqbal Əbilov 2025-ci ilin mayında “dövlətə xəyanət” və “etnik nifrəti qızışdırmaq” ittihamları ilə 18 il həbs cəzasına məhkum olunub. O, Talış dilinin, tarixinin və mədəniyyətinin qorunması uğrunda fəaliyyət göstərən alim kimi tanınır. 

“Bu ittihamları dəstəkləmək üçün heç bir əsaslı sübutun təqdim edilməyib. Bu da akademik azadlıqlar haqqında ciddi narahatlıqlara səbəb olur”.

Siyasi analitik və fəlsəfə doktoruna namizəd Bəhruz Səmədov Azərbaycanda baş verən siyasi prosesləri və hərbi əməliyyatları tənqid etdiyinə görə vətənə xəyanətdə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bəhruz Səmədov 2025-ci ilin iyununda “dövlətə xəyanət” ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Səmədov Ermənistanın kəşfiyyat orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunub. 

“Akademik azadlığı, azlıqların kimliklərini və sülhə çağıran səsləri boğmaq üçün geniş milli təhlükəsizlik müddəalarından istifadə Azərbaycanda məhkəmə təqibi və hədə-qorxusunu əks etdirir. Bu cür təcrübələr insan hüquqlarını pozur və bütün ölkədəki akademiklərə, tədqiqatçılara və insan haqları müdafiəçilərinə soyuq mesaj göndərir”.

Ekspertlər Azərbaycanın səlahiyyətli orqanlarını hər iki işə operativ və qərəzsiz baxmağa və ittihamlar sübuta yetirilməsə, iki tədqiqatçını təxirə salınmadan azad etməyə çağırıblar.

“Azərbaycan hökuməti alimlərin, yazıçıların və fəalların öz işlərini təhlükəsiz mühitdə, hədə-qorxu və repressiyalardan azad şəkildə həyata keçirə bilməsini təmin etməli, öz qanunlarını və təcrübələrini beynəlxalq insan hüquqları öhdəlikləri, o cümlədən mədəni hüquqlara, akademik azadlıqlara və hamı üçün ifadə azadlığına təminat verməlidir. Azərbaycanda mədəni hüquqların, fikir, ifadə azadlığının və akademik azadlığın azad şəkildə həyata keçirilməsini sıxışdırmaq və cəzalandırmaq üçün milli təhlükəsizlik qanunvericiliyindən sui-istifadə kimi görünən şeylərdən narahat olduğumuzu bir daha bildiririk”.

Ekspertlər vəziyyəti yaxından izləməyə davam edəcəklərini vurğulayıblar.

Ana səhifəXəbərlərBMT-nin xüsusi nümayəndələri Səmədovu və Əbilovu azadlığa buraxmağa çağırıb