Təşkilat faktaraşdırıcı missiya yaratmaq təklifini müzakirə edir
Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə komissarı noyabrın 24-də İnsan Haqları Şurasında çıxışı zamanı İran hakimiyyətinə səslənib.
O, İranı etirazçılara qarşı “qeyri-mütənasib” güc tətbiqini dayandırmağa çağırıb.
BMT hazırda 50-yə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə yeni istintaq faktaraşdırıcı missiya yaratmaq təklifini müzakirə edir.
Missiyanın tərkibi isə əsasən Almaniya və İslandiyadan olan nümayəndələrdir.
Faktaraşdırıcı missiya 22 yaşlı kürd gəncin – Məhsa Əmininin həbsdə öldürülməsi ilə bağlı başlanan etiraz aksiyaları zamanı iddia edilən sui-istifadə hallarını araşdırmağı hədəfələyib.
İranda sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölümü etirazlara səbəb olub.
Etirazlar aylardır ki, davam edir və bunun araşdırılması da plandadır.
İnsan Haqları Ali Komissarı Volker Turk keçən aydan bəri şuraya etdiyi ilk müraciətində belə deyib:
“Biz indi tamhüquqlu insan haqları böhranı içərisindəyik”.
O əlavə edib ki, İranda gücdən gərəksiz və qeyri-mütənasib istifadəyə son qoyulmalıdır:
“İndiyədək etirazlarda 40-dan çoxu uşaq olmaqla 300-dən çox adam öldürülüb. 14 minə yaxın insan isə həbs edilib”.
Tehranın iclasdakı nümayəndəsi debatı “biabırçı və dəhşətli” adlandırıb.
Son zamanlar İranın müxtəlif bölgələrində, əsasən də azərbaycanlıların sıx yaşadığı Təbrizdə də etiraz aksiyaları keçirilib.
Bu ölkədə insan haqlarını monitorinq edən qurumların yaydığı məlumatlara əsasən, etirazçılar saxlanılıb, həbs edilib və onların arasında 350-yə yaxın şəxs öldürülüb.
Etirazlara səbəb kimi hicab qaydasını pozduğu iddiası ilə Tehranda əxlaq polisinin saxladığı Məhsa Əmininin ölümü göstərilir.
O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və üç gün sonra xəstəxanada ölüb.
Bundan sonra ölkənin müxtəlif bölgələrində aksiyalar başlayıb.
Məhsa Əmininin ölümünə etiraz edən qadınlar meydanlarda saçlarını kəsib, baş örtüklərini açıblar.
Bu gün də İranda aksiyaların davam etdiyi bildirilir.