Nümayəndəliyin bu gün son iş günüdür
BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb.
Bu barədə məlumatı “Report” yayıb.
“Bu gün BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində son iş günüdür. Sabahdan etibarən fəaliyyət göstərməyəcəyik”,- qurumdan bildirilib.
Bu il martın əvvəlində yerli mətbuatda BMT-nin bəzi qurumlarının Azərbaycandan çıxarılacağı ilə bağlı iddialar səsləndirilirdi.Hökumətyönlü “Caliber.az” saytı yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.
Bu təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.
Bu iddialara Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət bildirilməmişdi.
Azərbaycan BMT-yə 1992-ci il martın 2-də qəbul edilib.