Təşkilat itkilərlə bağlı real rəqəmlərin daha yüksək olduğunu ehtimal edir
Müharibə Ukraynanın 30 illik inkişaf naliyyətlərini sıradan çıxarıb, ölkə əhalisinin dörddə birindən çoxunu yoxsulluğa sürükləyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında belə deyilir.
Hesabatda qeyd edilir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi dünyanı şoka salıb.
Bu savaş İkinci Dünya müharibəsindən sonra Avropada insanların ən böyük kütləvi köçü ilə nəticələnib.
“Şəhərlər və icmalar məhv olub, mülki əhali, körpə uşaqlar ölüb”, – BMT vurğulayıb.
8500 mülki şəxs həyatını itirib
BMT Rusiyanın Ukraynaya hücumu zamanı 8500-ə yaxın mülki şəxsin öldürüldüyünü təsdiqləyib.
Hələ minlərlə təsdiqlənməmiş ölüm faktı olduğu da bildirilir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) işğalın başlanmasından bu yana 14 244 nəfərin yaralandığını bildirib.
Hesabata görə, çoxsaylı itkilər daha çox Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luhansk vilayəti) və başqa yerlərdə qeydə alınıb.
Açıqlamada deyilir ki, Ukrayna hökumətinin nəzarətində və Rusiya qüvvələrinin atəşi altında olan ərazilərdə 18 min 280 ölən və yaralanan (ölü sayı 6596) olub.
Bundan əlavə, Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində 1894 nəfər həlak olub və 2560 nəfər xəsarət alıb.
BMT bildirib ki, 7011 mülki şəxs bilavasitə artilleriya və aviasiya bombardmanlarında həlak olub.
Bu hücumlar zamanı xəsarət alanların sayı isə 13 min 495 nəfərdir.
BMT real rəqəmlərin daha yüksək olduğunu ehtimal edir.
Bildirilir ki, açıqlananlar, sadəcə, dəqiqləşdirilə bilən məlumatlardır.
Ukraynada erkən bərpa səyləri
BMT işğaldan sonra ilk altı ayda Ukraynaya humanitar yardımı önə çəkib.
Bu məsələ QHT-lər, yerli hakimiyyət orqanları və hökumətlə birgə işlənilib.
Araşdırmalardan məlum olub ki, müharibə nəticəsində həyatı alt-üst olmuş 16 milyon insan var.
2022-ci ilin iyulunda İsveçrənin Luqano şəhərində Ukraynanın Bərpası Konfransında Ukrayna hökuməti milli bərpa planının layihəsini təqdim edib.
Plana əsasən, BMT və Ukrayna hökuməti 2022-2023-cü illər üçün “Keçid çərçivəsi haqqında” birgə razılığa gəliblər.
Bərpa səylərinə 2022-ci ilin sentyabrında başlanıb.
Hərbi cinayətlər də olub…
Rusiya qoşunları müharibənin ilk günlərindən indiyədək Ukraynanın nəzarəti altında olan şəhər və kəndləri, yaşayış məskənlərini, habelə mülki enerji infrastrukturunu atəşə tutmaqda ittiham edilir.
Rusiya isə bu barədəki açıqlamalarında dəfələrlə, sadəcə, hərbi obyektləri hədəf aldığını, mülki obyektlərə zərbələr endirilməsi ilə bağlı xəbərlərin yalan olduğunu açıqlayıb.
Bu ayın əvvəlində BMT-nin İnsan Hüquqları Şurası əksəriyyətin səs çoxluğu ilə müdaxilə zamanı törədilmiş hərbi cinayətləri araşdıran qurumun mandatının uzadılması barədə qərar qəbul edib.