Təkcə 2023-cü il dekabrın sonu 125 mülki vətəndaş həlak olub, 550 dinc sakin yaralanıb
2022-ci ilin fevralında Rusiya silahlı qüvvələri Ukraynaya zorla girəndən bəri artıq 10 200 dinc sakin həlak olub.
“Novaya qazeta. Baltiya” yazır ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin direktoru Edem Vassornu çərşənbə axşamı Nyu-Yorkda məlumat verib.
Təşkilatın məlumatlarına görə, təkcə 2023-cü il dekabrın sonu Ukraynaboyu Rusiya hava zərbələrinin güclənməsi nəticəsində 125 mülki vətəndaşın həlak olması qeydə alınıb, 550 dinc sakinsə yaralanıb.
BMT-nin Təhlükəsizlik Şurasının iclasında Ukraynada müharibə üzrə məruzə ilə çıxış edən Vassornu həmçinin xəbər verib ki, iki ilə yaxın sürən müharibə dövründə 19 300 mülki vətəndaş yaralanıb, Rusiya silahlı qüvvələrinin havadan son hücumu nəticəsində isə geniş miqyasda ev, məktəb, xəstəxana, enerji təchizatı sistemi və digər mühüm vətəndaş infrastrukturu dağılıb.
BMT həmişə qeyd edir ki, Ukraynada müharibə qurbanlarının real sayı qeyd olunmuş rəqəmlərdən qat-qat çoxdur.
Rusiya qoşunlarının Xarkov şəhərinin mərkəzində yerləşən mehmanxanaya endirdiyi zərbə nəticəsində minimum 13 adam həlak olub.