BMT-nin İnsan Hüquqları Şurasının Araşdırma Komissiyası İsrailin Qəzza sektorunda törətdiyi hərəkətləri soyqırımı kimi qiymətləndirib.
Bu, təşkilatın hesabatında əks olunub.
Hesabatda bildirilir ki, İsrail hakimiyyəti Qəzza sektorundakı fələstinlilərin reproduktiv imkanlarını qismən məhv edib, o cümlədən doğumun qarşısını almağa yönəlmiş tədbirlər həyata keçirib. Bundan əlavə, İsrail tərəfi sakinlərin ölümünə səbəb olan şərait yaradıb.
Bütün bu hərəkətlər sənəddə soyqırımı aktı kimi göstərilir. BMT Komissiyası bu qənaətə gələrkən Roma Statutu və Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya istinad edib.
Hesabatdan bəlli olur ki, İsrail Qəzza sektorunda soyqırımı cinayətini davam etdirir. Sənəddə qeyd olunur ki, 1948-ci ildən bəri ən amansız olan bu hərəkətləri yalnız İsrailin baş naziri Benyamin Netanyahu deyil, digər siyasi xadimlər də təşviq edir.
BMT Komissiyasının versiyasına görə, Tel-Əviv fələstinlilərə qarşı soyqırımın qarşısını almaqda və məsul şəxsləri cəzalandırmaqda məsuliyyət daşıyır.
İsrailin Xarici İşlər Nazirliyi isə BMT Komissiyasının hesabatını rədd edib. Nazirlik bunu “HAMAS-ın yalanı” adlandırıb və sənədi hazırlayan komissiyanın ləğv edilməsini tələb edib.
BMT Komissiyasının hesabatına baxmayaraq, Netanyahu Qəzzaya hücumun başladığını təsdiqləyib.
Sentyabrın 16-na keçən gecə KİV-lər İsrail hərbçilərinin Qəzza sektoruna hücuma başladığını və 20 dəqiqə ərzində 37 zərbə endirdiyini xəbər verib. Zərbələrin bəziləri “Apache” döyüş vertolyotlarından vurulub.
Gələn həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında Böyük Britaniya, Fransa, Avstraliya, Kanada və digər ölkələrin Fələstin dövlətinin müstəqilliyini tanıyacağı gözlənilir. Artıq 100-dən çox ölkə Fələstin dövlətini tanıyıb. Bu addım münaqişənin gələcəyi ilə bağlı beynəlxalq müzakirələri dəyişə bilər.
İsrailin Baş naziri Benyamin Netanyahu bu tanımanı “antisemitizm” və “Həmas terroruna mükafat” kimi qiymətləndirib. O bildirib ki, fələstinlilər İordaniya çayı ilə Aralıq dənizi arasındakı ərazidə müstəqillik əldə etməyəcəklər, çünki bu, israillilər üçün təhlükədir. İsrailin dini millətçiləri isə bu torpağın Tanrı tərəfindən yalnız yəhudilərə verildiyinə inanır.
İsrail Qəzza zolağına qarşı hərbi əməliyyatlara 2023-cü ilin oktyabrında, HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücum etməsindən sonra başlayıb.
HƏMAS-ın hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250-dən çox insan girov götürülüb.
O vaxtdan bəri İsrailin hərbi əməliyyatları nəticəsində 63.000 nəfər həyatını itirib, ərazidəki tikililərin əksəriyyəti dağıdılıb və ya zədələnib, əhalinin demək olar ki, hamısı evlərini azı bir dəfə tərk etməyə məcbur olub.
BMT-nin Qlobal Aclıq Monitorinqi Təşkilatı ərazidə insan tərəfindən yaradılmış aclığın baş verdiyini bildirib. İsrail isə bu iddianı inkar edir.
2025-ci il sentyabrın 1-də Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzza zolağında soyqırımı törətdiyini göstərən hüquqi əsasların olduğunu bildirən qətnamə qəbul edib.