BMT işgəncə faktlarına görə Azərbaycanı tənqid edib

“Hakimiyyət Komitənin tövsiyələrinə əməl etməli, işgəncələr və amansız davranış barədə məlumatları effektiv araşdırmalıdır”

Source:


“Hakimiyyət Komitənin tövsiyələrinə əməl etməli, işgəncələr və amansız davranış barədə məlumatları effektiv araşdırmalıdır”

BMT-nin növbəti hesabatı göstərir ki, Azərbaycan hökuməti son illər işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb etməyib, baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə şikayət daxil olur.

Bu fikirlər Human Rights Watch təşkilatının bəyanatında yer alıb.

BMT Komitəsinin növbəti hesabatında hökumət ədalətsiz həbs olunmuş hüquq müdafiəçilərinin azad edilməsinə çağırılır.

BMT İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanın işgəncələr və amansız davranışla bağlı 2015-ci il 11 və 12 noyabr tarixli müraciətlərinə baxaraq dekabrın 9-da öz gəldiyi nəticələri dərc edib. 16 aydan çox həbsdə olan hüquq müadfiəçisi Leyla Yunus həmin gün azad edilib.

“Hökumət hüquq müdafiəçilərini bir-birinin ardınca həbs edir, sonra onlarla amansız davrandığını inkar edir”, – təşkilatın direktor müavini Reyçel Denber bildirib.

BMT İşgəncələr Əleyhinə Komitəsi açıq şəkildə bildirib ki, hökumət hüquq müdafiəçilərini azad etməli, həbsxanalarda amansız davranışa göz yumulmasına son qoymalıdır.

10 müstəqil ekspetdən ibarət İşgəncələr Əleyhinə Komitə vaxtaşırı monitorinq çərçivəsində Azərbaycanda vəziyyəti, hökumətin BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına əməl edib-etmədiyini öyrənir.

Komitənin yekun hesabatında heç kimin məsulyyətə cəlb edilməməsindən və hakimiyyətin bu fikirləri əsassız saymasından narahatlıq ifadə olunur.

Sənəddə hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İlqar Məmmədov, İntiqam Əliyev, Məhəmməd Əzizov, Rəşadət Axundov və Rəşad Həsənovun azadlıqdan məhrum edilməsi və onlara qarşı amansız davranışdan “dərin narahatlıq” ifadə olunur.

Komitə Azərbaycan hakimiyyətini “mühakimə olunmuş hüquq müdafiəçilərini azad etməyə və onların sərbəst fəaliyyət göstərməsi üçün QHT haqqında qanunvericiliyə dəyişikliklər etməyə” çağırıb.

“BMT İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda insan hüquqları ilə bağlı narahatlığını açıq bəyan edib”, – R.Denber qeyd edib. Onun sözlərinə görə, hakimiyyət Komitənin tövsiyələrinə əməl etməli, işgəncələr və amansız davranış barədə məlumatları effektiv araşdırmalıdır (Turan İA).

Ana səhifəXəbərlərBMT işgəncə faktlarına görə Azərbaycanı tənqid edib