BMT eksperti hakimiyyəti “əsassız kriminallaşdırma”da ittiham etdi (yenilənib)

“Azərbaycanlı fəallar azad olmalı, Bakıdakı mərasimlərə qatılmalıdırlar”

Source:


XİN: “Mişel Forst insan hüquqları məsələsində əgər belə “prinsipialdırsa…”


“Azərbaycanlı fəallar azad olmalı, Bakıdakı mərasimlərə qatılmalıdırlar”

BMT-nin Xüsusi Məruzəçisi Michel Forst “Azərbaycanda tanınmış insan haqları fəallarının amansız təqib və repressiyaya məruz qalmasını” tənqid edib. Məruzəçi iyunun 2-də ilk Avropa Oyunlarının açılış mərasimindən öncə həmin şəxslərin buraxılmasına çağırıb.

“Bakı Oyunlarına tam hazırlığın getdiyi bir vaxtda Azərbaycan hakimiyyəti insan haqları fəallarına təqibi, həbsi və nəzarəti gücləndirib, onlara səyahət qadağası qoyub və bank hesablarını dondurub”,- deyə Michel Forst söyləyib.

Cənab Forst qeyd edib ki, bu “əsassız kriminallaşdırma” dövlətə xəyanət, qanunsuz sahibkarlıq, vergidən yayınma, səlahiyyətdən sui-istifadə kimi siyasi ittihamlarla əsaslandırılıb. “Nəticədə bir çox azərbaycanlı hüquq müdafiəçiləri uzadılmış həbs qətimkan tədbirləri, həbs və ya sürgünə məruz qalıb”.

BMT eksperti hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, jurnalist Xədicə İsmayılın işlərinə diqqət çəkir.

Cənab Forst “ölkədə fundamental ifadə və birləşmə azadlıqlarının boğulması, demokratik məkanın getdikcə daralmasından” dərin təəssüfünü bildirib. O, hökuməti çağırıb ki, insan haqlarını irəlilədən və qoruyanları təqib etməsin, onlara şərait yaratsın.

BMT-nin insan haqları eksperti vurğulayır ki, Avropa Oyunları “Avropa ölkələrinə bir araya gəlmək və Olimpiya ruhunu qeyd etmək imkanı yaradır”.

O, bildirir ki, ev sahibi Azərbaycan azadlıq və birgəlik kimi Olimpiya ideyalarına sadiq qalıb insan haqları müdafiəçilərini azad etməlidir.

“Azərbaycanlı fəallar azad olmalı, Bakıdakı mərasimlərə qatılmalıdırlar,” ekspert deyib.


Michel Forst idmançılara çağırış etdi

Cənab Forst atletləri, idman pərəstişkarlarını və Oyunların tərəfdarlarını çağırıb ki, “azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəylik göstərsinlər və onların dərhal azadlığa buraxılması çağırışlarına qoşulsunlar”.

BMT-nin sərbəst toplaşma və birləşmə azadlıqları üzrə Xüsusi Məruzəçisi Maina Kiai və fikir və ifadə azadlığının irəli aparılması və qorunması üzrə Xüsusi Məruzəçisi David Kaye də bu müraciətə qoşulublar.

Hakimiyyətdən hələlik BMT ekspertlərinin bu çağırışına reaksiya verməyib. Ancaq hökumət təmsilçiləri bir qayda olaraq, beynəlxalq hüquq-müdafiə təşkilatlarının oxşar bəyanatlarını rədd edir, bu qurumları Avropa Oyunları ərəfəsində ölkəyə qarşı qərəzli kampaniya aparmaqda ittiham edir. Hakimiyyət saxlanan fərdlərin siyasi motivlərlə deyil, konkret cinayətlərə görə həbs olunduğunu bildirir.

“Azərbaycan həmişə

BMT

-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və  xüsusi proseduralar üzrə mandat daşıyıcıları ilə onların mandatları çərçivəsində tam və konstruktiv əməkdaşlıq edib”.


APA

-nın məlumatına görə, bunu Azərbaycan

Xarici İşlər Nazirliyi

nin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin

BMT

-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst açıqlamasına münasibət bildirərkən deyib.

H. Hacıyev qeyd edib ki, bu baxımdan, həmin əməkdaşlıq ruhuna xələl gətirən belə bir bəyanatın verilməsi anlaşılan deyil və Avropa Oyunları ərəfəsində bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın sifarişli tərkib hissəsidir.



BMT

 sənədlərində də qeyd olunduğu kimi, idman xalqları birləşdirməyə xidmət etməli və siyasətdən kənar olmalı olduğu halda, Mişel Forst tərəfindən idmanın siyasiləşdirilməsi cəhdi Olimpiya xartiyasının məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

Bu bəyanat Azərbaycan məhkəmə-hüquq sisteminə kölgə salaraq istinad edilən istintaq işlərinin mahiyyətini təhrif edir. Konkret cinayət əməlləri üzrə ittiham olunmuş şəxslərin azad olunmasına çağırış hüquqi baxımdan əsassızdır və qanunun aliliyinin pozulmasıdır.

Mişel Forst insan hüquqları məsələsində əgər belə “prinsipialdırsa”, ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bütün fundamental hüquqlardan məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsindən danışmalıdır”, – deyə H. Hacıyev vurğulayıb.

azadliq.org

Ana səhifəXəbərlərBMT eksperti hakimiyyəti “əsassız kriminallaşdırma”da ittiham etdi (yenilənib)