“Azərbaycan hökuməti Hüseyn Abdullayevi dərhal azad etməlidir”
BMT-in Əsassız Həbslərlə bağlı İşçi Qrupu Azərbaycanda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, onun hüquq və azadlıqları pozulub. İşçi Qrup hesab edir ki, o, azadlığa buraxılmalıdır.
H.Abdullayev özü BMT-nin Əssasız Həbslər üzrə İşçi Qrupuna müraciət edərək, onun işi ilə bağlı araşdırma aparılmasını istəmişdi. Təxminən bir il davam edən araşdırmalardan sonra İşçi Qrupu bu qənaətə gəlib ki, onun İstanbulda saxlanması da, Bakıya təhvil verilib, burada barəsində həbs qərarı çıxarıılması da qanunsuz olub: “Azərbaycan hökuməti Hüseyn Abdullayevi dərhal azad etməlidir. Türkiyə və Azərbaycan hökumətləri ona beynəlxalq hüquqa uyğun olaraq, icra edilə bilən kompensasiya və digər təzminat hüququ verməlidir”.
İşçi Qrup həmçinin hər iki hökuməti H.Abdullayevlə bağlı halların tam və müstəqil araşdırılmasını təşkil etməyə, onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirlər görməyə çağırıb.
Sənəddə yada salınıb ki, H.Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılıb. Türkiyə təhlükəsizlik orqanları onu 24 saat ərzində Azərbaycan hökumətinin təmsilçilərinə təhvil veriblər. Almaniyada siyasi sığınacaq almasına, bu ölkənin pasportunu daşımasına baxmayaraq, onlar onu məcburi şəkildə Bakıya gətiriblər: “Bu nə deportasiya, nə də ekstradisiya idi…”
BMT-nin qərarından sonra H.Abdullayevə siyasi mühacir statusu verən Almaniya dövlətinə də çağırış edilib: “Onun Almaniyaya qayıda bilməsi üçün bu dövlət açıq və rəsmi şəkildə Azərbaycandan BMT-nin qərarını yerinə yetirməyi, Hüseyn Abdullayevin azadlığa buraxılmasını tələb etməlidir. Almaniya Hüseyn Abdullayevin İstanbulda həbs olunmasına, onun sonradan 21-22 aprel 2018-ci il tarixlərində Azərbaycana gətirilməsinə görə Türkiyəyə rəsmi etirazını bildirməlidir. Türkiyədən 21-22 aprel hadisələrinə aydınlıq gətirməyi və ilk növbədə Türkiyə qanunlarının, beynəlxalq hüququn pozulmasında kimin məsuliyyət daşıdığını müəyyənləşdirməyi, onları məsuliyyətə cəlb etmək üçün tam bir araşdırmaya başlamağı tələb etməlidir”.
H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
H.Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb – 4 min manat cərimə cəzasına məhkum edilib..
Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir: “Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.
Oktyabrın 14-də Ali Məhkəmədə H.Abdullayev və anasının işinə baxılacaq.