Oktyabrın 20-21-də Cenevrədə BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda insan haqlarının vəziyyətinə baxıb və bəzi məsələləri müzakirə edib.
İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Xarici İşlər Nazirinin müavini Xələf Xələfov olub. Nümayəndə heyətinin tərkibində Baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini İsmət Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və daha bir neçə rəsmi iştirak ediblər. Dövlətə ünvanlanan qeyd və sualların əksəriyyətində bildirilib ki, qanunvericiliyin özündə böyük problem olmasa da, onun necə yerinə yetirildiyi suallar doğurur.
Məruzəçilərin çoxu qadın haqlarını dilə gətirib, qadınlara qarşı zorakılıq hallarının artdığını qeyd ediblər.
Azərbaycan nümayəndə heyəti cavablarında qeyd edib ki, bəzi sual və qeydlər reallıqdan uzaqdır, hətta mifdən belə uzaqdır. Polis bölmələrində və həbsxanalarda LGBT üzvlərinə qarşı zorakılıq halları barədə məlumatların olduğu bildirilib. BMT məruzəçisi ölkədə həbs olunan və ya saxlanılanların işgəncəyə məruz qalması barədə məlumatları dilə gətirib.
“Hakimiyyət bu halları qeydə almır”, – məruzəçi deyib. O, Bəhruz Əliyev, İlqar Məmmədov və Leyla Yunusun adlarını çəkib.
Hakimiyyət isə işgəncə halları barədə məlumat almadığını deyir. Çingiz Əsgərov referendum məsələsinə toxunaraq deyib ki, sentyabrın 26-da keçirilən səsvermədən sonra Konstitusiya dəyişiklikləri ötən həftə qüvvəyə minib, bu dəyişikliklər isə xüsusilə də əlilliyi olan insanların haqlarını gücləndirir.
Xarici işlər nazirinin müavini Xələf Xələfov iclasda bildirib ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur. Nazir müavini həmçinin konstitusiyaya dəyişikliyi nəzərdə tutan referendumun xalqın iradəsini əks etdirdiyini və tam şəffaf keçdiyini qeyd edib.
İclasın ikinci günündə BMT məruzəçiləri Meydan TV, Azadlıq Radiosu, “Azadlıq” qəzeti və müstəqil jurnalistlərə olan təzyiqlərdən danışıblar. Onlar çıxışlarında jurnalistlərə ölkədən çıxış qadağasına da toxunublar.
Bu iddiaya qarşı da hökumət nümayəndələrinin cavabı fərqlənməyib: “Reallıqdan uzaqdır”.
BMT məruzəçiləri son mitinqlərlə bağlı həbs olunanların adlarını çəkib və Azərbaycan hökumətini bu məsələləri diqqətdə saxlamağa çağırıblar.