Rauf Mirqədirov: ”Fərhan Haqın bəyanatı çox “dişsiz” və əhəmiyyətsizdir”
BMT Dağlıq Qarabağ üzrə danışıqların bərpa edilməsini istəyir. Bu bəyanatla BMT baş katibinin nümayəndəsi Fərhan Haq çıxış edib.
Qurum ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatlarını tam dəstələyərək, tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə çağırıb (APA).
“Biz gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayırıq və əsaslı danışıqları bərpa etmək üçün tərəfləri zəruri siyasi iradə göstərməyə çağırırıq”, – deyə Fərhan Haq qeyd edib.
Siyasi şərhçi, hazırda xaricdə siyasi mühacir kimi yaşayan Rauf Mirqədirov Fərhan Haqın açıqlamasını sıradan olan bir bəyanat kimi qiymətləndirib.
Onun sözlərinə görə, BMT-nin rəsmiləri arasında iş bölgüsü var, onlar bu və digər sahələrə cavabdehdirlər. Vaxtaşırı sahələrində davam edən problemlərlə bağlı bəyanatlar səsləndirirlər.
R.Mirqədirov hesab edir ki, məlum bəyanatın səslənməsindən daha çox mahiyyətinə diqqət yetirmək lazımdır: “Bu mənada Fərhan Haqın bəyanatı çox “dişsiz” və əhəmiyyətsizdir. Çünki BMT bu açıqlamayla özünü ikinci dərəcəli təşkilat kimi aparır. Fərhan Haqın ilk cümlələrində deyilir ki, BMT ATƏT-nin bütün səylərini dəstəkləyir. Halbuki, BMT ATƏT-dən daha statuslu təşkilatdır və bu qurum Qarabağ münaqişəsinə yad, yaxud kənarda dayanan təşkilat deyil. BMT-nin Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamısi var. Həmin qətnamələri diqqətlə oxuyanda məlum olur ki, ilk dövrlərdə ATƏT-in Minsk Qrupu bu sənədlərin yerinə yetirilməsilə məşğul olur”.
“Mən Fərhan Haqın açıqlamasını o mənada əhəmiyyətli hesab edərdim ki, o, heç olmasa ATƏT-in Minsk Qrupundan 4 qətnamənin yerinə yetirilməsi istiqamətində səylərini gücləndirməyi tələb edərdi. Əslində, ATƏT son 20 ildə münaqişənin həllilə yox, münaqişə ilə məşğuldur. Fikir verirsiniz, mən münaqişənin həllilə məşğul olduğunu demirəm. Çünki ötən müddətdə münaqişənin həlli istiqamətində kiçik irəliləyiş görmədik. Faktiki olaraq, ATƏT-nin Minsk Qrupunun bu illərdə yeganə addımı atəşkəsə nail olmasıdır. Atəşkəs də Moskvanın təşəbbüsüdür, Ona görə BMT ATƏT-in Minsk Qrupu qarşısında sual qoymalıdır ki, nə üçün 23 illik atəşkəs dövründə 4 qətnamənin gerçəkləşməsində heç bir irəliləyiş olmayıb? Elə bu həmsədrlərdən də bu suala cavabı tələbi etməlidir” – siyasi şərhçi deyir.
Rəsmi məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.