”BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı universal variant hazırlamalıdır”

Rauf Mirqədirov: ”Dövlət Departamentinin bütün bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü tanınır”

Source:
Rauf Mirqədirov
Rauf Mirqədirov


Rauf Mirqədirov: ”Dövlət Departamentinin bütün bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü tanınır”

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri

Con Bolton

oktyabrın 24-də Bakıda Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanat maraq doğurub.

Dağlıq Qarabağ münaqişəsini unikal münaqişə kimi səciyyələndirən Con Bolton bildirib ki, hər bir münaqişənin özünəməxsus xüsusiyyətləri var. Hər bir münaqişə öz xüsusiyyəti ilə seçilən bir ssenaridir:

“Ona görə mən özlüyündə müxtəlif münaqişə ssenarilərini uyğunlaşdırmaq istəmirəm. Sadəcə olaraq, Sovet İttifaqının dağılmasından sonra ABŞ illər boyudur ki, münaqişəyə daxil olan tərəflərin arasında sülh sazişinin əldə olunması, onların suverenliklərinin qorunması şərti ilə barışmasına təkan verən bir dövlətdir. Dağlıq Qarabaq münaqişəsi barədə danışarkən yenidən demək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Mən bura ABŞ-ın siyasətini dəyişmək üçün yox, məsələləri daha yaxşı anlamaq üçün gəlmişəm”.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladaraq əlavə edib ki, bu cür münaqişələrin həllində maraqlardan və imkanlardan doğan ikili standartlar tətbiq olunur.

“Yəni ABŞ-ın, Rusiyanın maraqları, təsir imkanları nədən ibarətdir və bundan çıxış edərək dövlətlər mövqelərini müəyyənləşdirib tərəflərə təsir göstərməyə çalışırlar. İdealda bütün münaqişələrin unikallığı, onların fərqləndirici cəhətləri olmasına baxmayaraq etnik, dini element olan münaqişələrə ümumi model tətbiq edilməlidir. Bu ümumi model də hamı üçün aydın olmalıdır. Əks təqdirdə proses ikili standartlara və yaxud münaqişənin sonsuza qədər davam etməsinə aparır”.

Siyasi şərhçi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildə yarandığını deyirlər, amma elə deyil.

“Bu problem tarixdən qaynaqlanır. Söhbət 1905 və 1918-ci il hadisələrindən gedir. Sovetlər də münaqişəni həll etmədi, bir variantı tapıb tərəflərə sadəcə sırıdılar. İndi BMT Təhlükəsizlik Şurası universal variant hazırlamalıdır və model tərəflərə aydın olmalıdır. Onsuz da Dövlət Departamentinin bütün bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü tanınır. Xalqların öz müqəddəratını təyin etmək hüququ isə əslində bəşəriyyəti müstəmləkəçilikdən azad etmək üçün yaradılıb, o cümlədən, ərazi bütövlüyü, problemin dinc yolla həlli prinsipləri və bunlar II dünya müharibəsindən sonra beynəlxalq hüquqa daxil edilib. Amma bu prinsiplərin tətbiqi modelləri tam şəkildə işlənib hazırlanmayıb, milli azlıqların hüququ haqqında konvensiya olsa da, bu tip münaqişələrdə hansı halda hansı modeldən istifadəsi aydın deyil”.

Onun fikrincə, ona görə də xarici diplomatlar öz bəyanatlarında suverenliyi tanımaqla bərabər xalqların öz müqəddaratını təyin etməsi ifadəsini nədənsə yalnız Dağlıq Qarabağ məsələsində yanaşı çəkirlər.

“Amma Ukrayna, Gürcüstan və Moldova variantlarında xalqların öz variantlarını xatırlamırlar. Birmənalı deyirlər ki, münaqişə Gürcüstanın, ya da Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Ana səhifəXəbərlər”BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı universal variant hazırlamalıdır”