BMT Baş katibi: İslahatların qətnamələrin icrasına aidiyyatı yoxdur

Elxan Şahinoğlu: ”Sonra da Ermənistanın BMT-nin dörd qətnaməsini yerinə yetirməməsinə şikayət edirik”

Source:
BMT baş katibi Antonio Quterreş
BMT baş katibi Antonio Quterreş
BMT baş katibi Antonio Quterreş
BMT baş katibi Antonio Quterreş


Elxan Şahinoğlu: ”Sonra da Ermənistanın BMT-nin dörd qətnaməsini yerinə yetirməməsinə şikayət edirik”

“BMT Təhlükəsizlik Şurasının qərarlarının üzv ölkələr tərəfindən icrası çox vacibdir, lakin bunun hazırki islahatlarla əlaqəsi yoxdur”.

Bunu Ötən gün BMT baş katibi Antonio Quterreş ilə Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistanın Azərbaycana ərazi iddialarından əsasında başlanan Dağlıq Qarabağ münaqişəsi haqda BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 854 (1993) və 884 (1993) saylı qətnamələrinin illərdir həyata keçirilməməsinə aid suala cavab verərkən deyib.

O, deyib ki, biz ilk növbədə ölkələrin təmsil olunduğu BMT-nin suveren orqanlarının işi ilə indi apardığımız islahatları ayırmalıyıq. Onun sözlərinə görə, islahatlar daha çox katibliyin strukturu ilə bağlıdır.

“Təbii ki, yaxşı katiblik qərarların da icrasına kömək edəcək. Lakin əsas məsələ odur ki, üzv ölkələr BMT TŞ-nin qərarlarına hörmət etsin”.

Sergey Lavrov isə qətnamələrin hərbi əməliyyatlar dövründə qəbul olunduğunu xatırladaraq deyib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib:

Sergey Lavrov
Sergey Lavrov

“Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq”.

 Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev hesab edir ki, BMT TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələri yerinə yetirilməyib və onların icrasının öz aktuallığını saxlayır.

H. Hacıyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 854 (1993) və 884 (1993) saylı qətnamələri yekdilliklə qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan “TŞ-nın 822 və 853 saylı qətnamələrinin icrası üçün “təxirəsalınmaz tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanır və təqdir olunur. BMT TŞ-nın 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının mandatı əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinə BMT TŞ-nın qətnamələrinin icrası həvalə edilib. Qəbul edilmiş 884 saylı qətnamənin sonuncu bəndində deyilir ki, BMT baş katibi Minsk Qrupu ilə məsləhətləşərək vəziyyət haqqında Təhlükəsizlik Şurasına məruzə etsin.

H. Hacıyev deyib ki, BMT baş katibinin 31 oktyabr 1994-cü il tarixli, SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir:

Hikmət Hacıyev
Hikmət Hacıyev

“BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır. BMT TŞ-nın qətnamələrinin mətnindən göründüyü kimi, icra olunmayana qədər onların vaxt məhdudiyyəti yoxdur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tamamilə aydın yanaşma nümayiş etdirir. Qətnamələr münaqişənin həllinin siyasi-hüquqi, o cümlədən beynəlxalq humanitar hüquqi əsaslarını formalaşdırır. BMT TŞ-nın qətnamələrini və həmsədr ölkələrin eləcə də BMT TŞ-nın daimi üzvləri olduğunu əsas tutaraq, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən bu qətnamələrin tələblərinin yerinə yetirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edirik”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baş katibin və xarici işlər nazirinin söylədiklərinə “Facebook” səhifəsində şərh edib.

Elxan Şahinoğlu Antonio Quterreşin suala sanki konkret cavab verdiyini düşünür:

“BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”. Ancaq bu cavabda da qüsur var. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət yox, yerinə yetirməlidirlər, yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir”.

Elxan Şahinoğlu foto Meydan TV
Elxan Şahinoğlu foto Meydan TV

Mərkəz rəhbəri Sergey Lavrovin suala cavabını ikibaşlı adlandırıb:

“O deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Necə işlədiyini 20 ildən çoxdur görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır: “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni bir kəlmə də qətnamələrin məğzinə toxunulmayıb. Lavrovun sözlərində belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu? Sonra da şikayət edirik ki, Ermənistan niyə BMT-nin dörd qətnaməsini yerinə yetirmir? Qətnaməni qəbul edən təşkilatın və qətnaməyə səs verən əsas ölkənin təmsilçiləri qətnaməni yerinə yetirməyən ölkənin adını çəkmədikləri bir yana, qətnamənin yerinə yetirilməsini də vacib saymırlar”.

Politoloq İlqar Vəlizadə bir qədər fərqli düşünür.

O, hesab edir ki, Sergey Lavrov qətnamələrin faktiki əhəmiyyətinin olmadığını demək istəyib.

İlqar Vəlizadə
İlqar Vəlizadə

“Çünki qətnamələrin mətnində göstərilib ki, tərəflər sülhə nail olmaq üçün hansı addımlar atmalıdır. Həmin addımlar indi də aktualdır və Minsk Qrupu da məqsədə çatmaq üçün, qətnamələrin yerinə yetirilməsi naminə yaradılıb. Əslində, Minsk Qrupu qətnamələrin üzərində işləməlidir. Ona görə həmin sənədlər Minsk Qrupunun siyasi-hüquqi bazasını təşkil edir”.

İlqar Vəlizadə bildirib ki, BMT baş katibi və Rusiya xarici işlər nazirinin konfransda söylədiklərində yenilik heç nə yoxdur.

“Sadəcə, qətnamələrin yada düşməsi yaxşı oldu, ancaq onlar aksentləri düzgün vurğulamayıblar. Əsas odur ki, BMT, Rusiya və digər həmsədrlər qətnamələrin münaqişənin həllinin hüquqi-siyasi bazasını təşkil etdiyini etiraf etməlidirlər”.

Ana səhifəXəbərlərBMT Baş katibi: İslahatların qətnamələrin icrasına aidiyyatı yoxdur