Blogerin apelyasiya şikayəti təmin edilmədi

Mehman Hüseynov həbsdə qaldı

Source:


Mehman Hüseynov həbsdə qaldı

Aprelin 12-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun şikayəti üzrə qərar verilib.

Qərarı hakim Vaqif Mursaqulov elan edib. Mehman Hüseynovun şikayəti təmin edilməyib.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

DİN onun bu açıqlamasını təkzib edib və blogerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Suraxanı rayon Məhkəməsi Mehman Hüseynovun 2 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apelyasiya şikayəti həmin qərardan verilib.

Məhkəmədən sonra prosesdə iştirak edən AXCP sədri Əli Kərimli hakimin qərarına münasibət bildirib:

“Bu qərar göstərdi ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur. Azərbaycan məhkəmələri ölkədəki repressiya aparatının tərkib hissəsidir. Mehman Hüseynova qarşı qərəzli qərarı qüvvədə saxlamaqla apellyasiya məhkəməsi də bunu sübut etdi. Mehman Hüseynovun qondarma ittihamla həbs olunması korrupsionerlərin ondan qisas almasıdır. Mehman bəyin məhz korrupsiyanı ifşa edən materiallara görə cəzalandırılması sübut edir ki, Azərbaycandakı hakimiyyət xalqın yox, korrupsionerlərin hakimiyyətidir. Bu hakimiyyət korrupsionerləri himayə edir. Ona görə də korrupsionerləri ifşa edənlər cəzalandırılır”.

Vəkil Elçin Sadıqov işi Avropa Məhkəməsinə aparacaqlarını deyib:

“Məhkəmənin qərarını qanunsuz hesab edirik və kassasiya şikayəti verəcəyik. Tamamilə əsassız, qanunsuz, heç bir hüquq normalarına sığmayan qərardır. Kassasiya şikayətimiz təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik. Ümumiyyətlə, Avropa Konvensiyasının 10-cu maddəsi ifadə azadlığına görə şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını qadağan edir. Azərbaycan hökuməti son zamanlar Cinayət Məcəlləsinin 147-ci maddəsindən jurnalistləri susdurmaq üçün istifadə edir”.

Ana səhifəXəbərlərBlogerin apelyasiya şikayəti təmin edilmədi