Xaricdə yaşayan bloger Tural Sadıqlının əmisi Elmir Sadıqov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökm oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədli tərəfindən oxunub.
Elmir Sadıqov bu il aprelin 24-də həbs olunub.
Məhkəmə qərarında Sadıqov Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (qanunsuz silah-sursat saxlama) ilə təqsirli bilinib. İttihama görə, bu ilin aprel ayında onun idarə etdiyi avtomobildən əl qumbarası tapılıb. Sadıqovun ailəsi və yaxınları ittihamları əsassız sayır.
Elmir Sadıqovun qardaşı Əlövsət Sadıqlı bildirib ki, məhkəmə prosesi ədalətsiz keçirilib və müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb:
“Qardaşımın müdafiə hüquqları pozuldu. Hökm oxunmazdan əvvəl ona son sözünü demək imkanı belə verilmədi” – deyə o qeyd edib.
Ailə üzvləri qeyd edir ki, Elmir Sadıqovun həbsi siyasi sifarişlidir və bu, bloger Tural Sadıqlının fəaliyyəti ilə bağlıdır.
Tural Sadıqlı Avropada yaşayır və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqidləri ilə tanınır. Bloger bu il aprelin 22-də özünün “Azad Söz” kanalında fəaliyyətini dayandırmayacağı təqdirdə valideynlərinin həbs olunacağı ilə bağlı təhdidlər aldığını demişdi. Bundan bir neçə gün sonra Sadıqlının əmisi həbs olundu. Fəaliyyətinə görə son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik alveri və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı da həbsdə olub. Tural Sadıqlı özü Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 220.2 (kütləvi iğtişaşlara çağırış) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. İyunun 3-də blogerin barəsində qiyabı həbs qərarı verilib. Tural Sadıqlı haqqında səslənən ittihamları rədd edib və bunu tənqidi fəaliyyəti ilə əlaqələndirib.
Elmir Sadıqovun yaxınları məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.