Bloger Mehman Hüseynovun apelyasiya şikayətinə baxış başlanıb

“Vəsatətlər təmin olunmasa da vecimə deyil”

Source:


“Vəsatətlər təmin olunmasa da vecimə deyil”

Martın 29-da bloger Mehman Hüseynova 2 il həbs cəzası kəsilməsi haqda Suraxanı Rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxış başlanıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova 10-dan çox vəsatət qaldırıblar.

Vəkillər məhkəmənin yerli və beynəlxalq ictimaiyyətin diqqətində olduğunu bildirərək, prosesin audio-video yazısına icazə verilməsini, müdafiə etdikləri şəxsin onların yanında oturmasını, həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsini, məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsini istəyiblər.

Bundan əlavə, vəkillər şahidlərin, o cümlədən xüsusi ittihamçı – Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin məhkəmədə dindirilməsini, Mehman Hüseynov saxlanan zaman Nəsimi Rayon Polis İdarəsindəki müşahidə kameralarının məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini, bu olmazsa, işin birinci instansiya məhkəməsinə qaytarılmasının da vacib olduğunu deyiblər.

Bildiriblər ki, Musa Musayevin böhtan saydığı fikirlər Nəsimi Rayon Məhkəməsinin qarşısındakı müsahibədə səslənib. Hadisə Nəsimi rayonu ərazisində baş verdiyindən, polis rəisinin şikayətinə Suraxanı Rayon Məhkəməsi baxa bilməzdi. Bunu ciddi pozuntu adlandıran vəkillər həmin işə baxmış hakim haqqında xüsusi qərar çıxarılması haqda da vəsatət veriblər.

Polis rəisinin nümayəndəsi Əlirza Əbilov bütün vəsatətlərə etirazını bildirərək, onların təmin olunmamasını istəyib.

Mehman Hüseynov vəkillərin verdiyi vəsatətlərə münasibət bildirərək “onlar nə deyirlərsə, düz deyirlər” – deyə, qeyd edib.

Həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə isə “təmin olunsa, lap yaxşı. Olunmasa da, heç vecimə deyil”, – deyə cavab verib.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Növbəti proses aprelin 10-a təyin olunub.

Yanvarın 9-da axşam bloger Mehman Hüseynov yoxa çıxmışdı. Bir gün sonra onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.

Nəsimi Rayon Məhkəməsi blogeri polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilərək, onu 200 manat cərimələmişdi. Mehman Hüseynov məhkəmədən sonra jurnalistlərə ona polisdə işgəncə verildiyini iddia etmişdi.

Bu açıqlamanı polisə böhtan sayan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə üz tutmuşdu.

Həmin şikayət əsasında Suraxanı Rayon Məhkəməsi martın 3-də blogerə 2 il həbs cəzası kəsmişdi.

Ana səhifəXəbərlərBloger Mehman Hüseynovun apelyasiya şikayətinə baxış başlanıb