Bloger Mehman Hüseynovla bağlı ədliyyə nazirinə müraciət edilib

Bir qrup jurnalist blogerin xəstə anası ilə görüş yaradılmasını xahiş edib

Source:
Mehman Huseynov
Mehman Huseynov


Bir qrup jurnalist blogerin xəstə anası ilə görüş yaradılmasını xahiş edib

Bir qrup jurnalist və ictimai fəal iyulun 30-da həbsdə olan bloger Mehman Hüseynovun ağır xəstə olan anası Firəngiz Hüseynova ilə görüşünə icazə verilməsi xahişi ilə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmək məqsədi ilə bu qurumda olub.

Onları Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov qəbul edib.

Mehman Sadıqov onların xahişini dinlədikdən sonra Penitensiar Xidmətə M.Hüseynovun vəkilinin də müraciət etdiyini deyib və Ədliyyə Nazirliyinə də müraciət etməyi məsləhət görüb. Bundan sonra media nümayəndələri və fəallar ədliyyə nazirinə və Penitensiar Xidmətinin rəisinə teleqramla müraciət ediblər.

İyulun 15-də M. Hüseynovun anası ürək tutması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Həkimlər F.Hüseynovanın sağlamlıq durumunu ağır qiymətləndirir.

M.Hüseynovun vəkillərinin onun anası ilə görüş üçün həbsxanadan müvəqqəti buraxılması üçün iyulun 18-də Penitensiar Xidmətə etdiyi müraciətə hələ də cavab verilməyib.

Vəkil Şəhla Hümbətova Meydan TV-yə deyib ki, iyulun 31-də Mehman Hüseynovla görüşməyə cəhd edəcək:

“Pentinsiar Xidmətdən onun anası ilə görüşməsi barədə müraciətə Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin baxmalı olduğunu söylədilər”.

Vəkil Mehman Hüseynovun anasının durumunun sabit və ağır olaraq qaldığını bildirib.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər.

Ana səhifəXəbərlərBloger Mehman Hüseynovla bağlı ədliyyə nazirinə müraciət edilib