“Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq”
İyulun 20-də 3 il azadlıqdan məhrum olunan bloger Aleksandr Lapşin barəsindəki hökmdən apelyasiya şikayəti verməkdən imtina edib.
Bu barədə APA-ya blogerin vəkili Eduard Çernin danışıb. Deyib ki, iyulun 26-da İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri jurnalistlə görüşüb:
“O, bizə İsrailə təhvil verilməsini istədiyini deyib. Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq”.
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov isə bildirib ki, blogerin müraciətinə məhkəmə hökmü qüvvəyə minəndən sonra baxılacaq:
“Məhkəmə qərarı qüvvəyə minəndən sonra beynəlxalq müqavilələr, normalar əsasında bu məsələyə baxıla bilər. Qanunvericiliyə uyğun olaraq, hər bir məhkumun belə müraciət etmək hüquq var və ondan istifadə edə bilər”.
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
A. Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.