Bloger 7 il azadlıqdan məhrum edilib

Foto: Arzu Sayadoğlunun şəxsi arxivindən

O, Tovuzda mədəniyyət işçilərinə küçə təmizlətdirilməsi barədə video ictimailəşəndən sonra DTX tərəfindən saxlanılmışdı

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bloger Arzu Sayadoğluna (Məmmədova) 7 il həbs cəzası kəsilib.

O, Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İddiaya görə, bloger əlindəki videonu yaymaqdan ötrü Tovuz rayon Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımovdan 6 min manat istəyib və direktor həmin pulu verməyincə A.Sayadoğlu bu videogörüntüləri yayıb.

Sözügedən videoda Tovuz Mədəniyyət Mərkəzinin tabeliyindəki qurumlarda çalışan şəxslərin iməciliyə cəlb olunmasından bəhs edilir. Həmin görüntülərdə mədəniyyət işçiləri Nizami adına Abdulbəyli kənd folklor evinin həyətyanı sahəsini, küçələri təmizləyir, ot-alaq yığır.

İddia edilir ki, onlara nazirin gələcəyi deyilib, imtina edənlər işdən çıxarılmaqla hədələnib.

Hadisə 2023-cü il avqustun 7-də baş verib, görüntülərsə iki həftə sonra yayılıb.

Zərərçəkmiş qismində tanınan Tovuz rayon Mədəniyyət Mərkəzinin direktoru  Asif Qasımov beş ay sonra – ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə yazaraq şikayətçi olub. O iddia edir ki, iməcilik olan günün ikinci yarısında A.Sayadoğlu mədəniyyət işçilərinin küçəni təmizlədiyini əks etdirən görüntüləri göstərib və yaymamaqdan ötrü 6 min manat istəsə də, pulu verməkdən imtina edib.

Təxminən yarımay sonra dost-tanışından həmin görüntülərin internet kanallarında yayıldığını eşidib, özü də baxıb:

“Ondan sonra işçilərin ailə üzvləri də zəng edib mənə irad tutublar. Tabe olduğum mədəniyyət idarəsi və nazirlik səviyyəsində də həmin videoya görə sorğu-sual olundum”.

A.Sayadoğlu bildirib ki, A.Qasımov yalan danışır, ondan 6 min manat tələb etməyib. Siyasi sifarişlə həbs edildiyini vurğulayan boqerin sözlərinə görə, bu şəxsdən də vasitəsi kimi istifadə olunur. O bildirib ki, sözügedən video ilk dəfə “Kanal 13″də yayımlanıb.

“Mən də oradan götürüb öz kanalım üçün videoçarx hazırlamışam. Mən bu adamla görüşməmişəm, harada ondan 6 min manat tələb elədim? Tovuzda mədəniyyət işçilərinə küçə təmizlətdirdiyi gün günortadan sonra mən, ümumiyyətlə, Tovuzda yox, Bakıda olmuşam. Bu adam başdan-ayağa yalan danışır”, – A.Sayadoğlu məhkəmədə belə deyib.

Yaxınları məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini bildiriblər.

“Youtube” kanallarında hökuməti tənqid edən bloger Arzu Sayadoğlunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ötən ilin yanvarında saxlamışdı. Yaxınları onun haqqında 3 gün məlumat ala bilməmişdilər.

Onu saxlayanlar DTX əməkdaşları olduğu üçün həbs qətimkan tədbiri ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində verilmişdi.  

O, “Youtube”dakı “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olaraq, ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığını kəskin tənqid edirdi.

Həbsindən əvvəl sonuncu dəfə Arzu Sayadoğlu öz kanalında yox, “Azad söz” kanalında çıxış edib, tənqidi fikirlərlə yanaşı, həm də insanları susmamağa, dinc etirazlara səsləyib. Bundan sonra isə o, yoxa çıxıb.

Arzu Sayadoğlu həbsindən əvvəl “Xalqa xidmət hərəkatı” yaradıldığını və bu təşkilatın rəhbəri olduğunu bəyan etmişdi.

Ana səhifəSiyasətBloger 7 il azadlıqdan məhrum edilib