“İllüziyayla yaşamayaq ki, Qərbdən bizə qarşı yalnız xoşniyyətlər mövcuddur”
“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmaq çağırışı humanitar məqsəd daşıyır”.
Bu fikirləri Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Entoni Blinkenlə İlham Əliyevin telefon danışığını Meydan TV-yə şərh edərkən səsləndirib.
Natiq Cəfərli güman edir ki, Xankədidə yerləşən mağazaların və yaxud ticarət şəbəkələrinin başqa mərkəzlərlə müqavilələri var:
“Həmin müqavilələrə əsasən mal satmalı və almalıdırlar. Yəqin ki, o müqavilələrin yerinə yetirilməsi də nəzərdə tutulur. İlkin hüquqi-iqtisadi dildə baxdıqda məsələ bundan ibarətdir”.
Yanvarın 23-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevi Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırıb.
E.Blinken “Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb”, – deyə Dövlət Departamentinin məlumatında vurğulanıb.
Bildirilib ki, ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib:
“Entoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini söyləyib. Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib“.
Natiq Cəfərlinin qənaətincə, Blinkenin həmin çağırışı həm də ona işarədir ki, onlar dəhlizdən hərbi yüklərin keçirilməsi ehtimalının olduğunu da anlayırlar:
“Azərbaycan buna görə bəzi addımlar atmalıdır və atır. Amma bunlar kommersiya yüklərinə aid edilməməlidir”.
“Əliyevin Blinkenə cavabına gəlincə, Azərbaycan rəsmi şəkildə hər gün neçə maşının keçməsi barədə məlumatlar yayması da yetərli deyil. Məsələni birdəfəlik bağlamaq üçün Bakı 3-4 ərzaq dolu maşını humanitar yardım kimi göndərər və bununla da söhbət bağlanar”, – deyə Cəfərli fikrini yekunlaşdırıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Blinken bununla demək istəyr ki, dəhliz hərbi məqsədlərə xidmət etməyən yüklər üçün açılsın. Ancaq Tofiq Zülfüqarlı Qərb ölkələrinin, konkret olaraq, Avropa Parlamentinin qətnaməsini və digər açıqlamaları Azərbaycana təzyiq olduğunu bölüşür.
O deyir ki, bütün bunlar münaqişənin davam etməsində maraqlı tərəflərin olduğunu göstərir:
“Onlar münaqişədə özlərinə mövqelərini tutmaq istəyirlər. Çünki Rusiyanın artıq regionda mövqeyinin olduğunu görüb bu və digər formalarda təsirlərini artırırlar. Burada problemin həllindən söhbət getmir. Sadəcə, konfliktlər vasitəsilə bölgəni idarə etmək üsulu tətbiq olunur. İranın da, Rusiyanın da, Qərbin də belə maraqları var. Yəni illüziyayla yaşamayaq ki, Qərbdən bizə qarşı yalnız xoşniyyətlər mövcuddur. Bu, geopolitik oyundur!”.
Sabiq nazir hesab edir ki, Azərbaycan həm Rusiyanın, həm də başqa qüvvələrin müdaxiləsinə imkan verməməlidir:
“Çünki xarici müdaxilələr ölkənin bütövlüyünə və suverenliyinə istər-istəməz problemlər yaradır. Biz bu səhvi 90-cı illərin əvvəlində etmişik. O vaxt inanırdıq ki, Minsk Qrupu və digərləri beynəlxaq hüquq əsasında siyasət yeridəcəklər. Amma heç bir fayda görmədiyimizdın təcrübəyə uyğun olaraq hamıdan azad olmaq lazımdır”.
T.Zülfüqarov bildirib ki, de-fakto Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir:
“Praqa sənədlərinə görə, guya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Yerevan buna getmir və separatçılara maliyyə-hərbi dəstək verir. Bu, de-fakto işğalın davam etməsi deməkdir. Azərbaycanın da bunun qarşısını alması konstitusion borcudur”.
“İndidən Vardanyan deyir ki, biz heç bir halda Azərbaycanın tərkibində olmayacağıq, o zaman danışıqların mənası nədir?! Danışıqlar isə xarici qüvvələrə bölgəni idarə etmək üçün bir vasitədir. Necə ki Rusiya münaqişə vasitəsilə bölgədə öz təsirini saxlayırdı, indi də Qərb həmin yolu seçir. Fransa avtobuslarının Bakıda sayı artıb, Paris də iqtisadi maraqlarını bu yolla təmin edir. Ona görə Azərbaycana xarici müdaxilə lazım deyil. Rusiya sülhməramlılar missiyalarını bitirəndən sonra Azərbaycan öz tədbirlərini görəcək”, – deyə Zülfüqarlı əlavə edib.
Yekun olaraq, T.Zülfüqarov deyib ki, Avropa Birliyinin missiyası Ermənistana gəlirsə, Yerevan da, Qərb də “Zəngəzur münaqişəsi”nin olduğunu qəbul ediblər:
“Onların hazırda nə bəyan etmələri vacib deyil. Minsk Qrupunun çıxışlaını yada salın, deyirdilər ki, Laçın və Şuşanın azad olunması üçün vasitəçilik edirlər. Amma nəticədə digər rayonlar işğala məruz qaldı. De-fakto Rusiyadan başqa regiona Avropa İttifaqının missiyası gəlir. Deməli, “Zəngəzur münaqişəsi” beynəlxalq səviyyəyə çıxır və Qərb bunu tanıyır”.
Ötən həftə Ermənistan mediası Arayik Arutyunyana istinadən Azərbaycanın Laçın dəhlizinin açılması üçün bir sıra tələblər irəli sürməsi barədə məlumat yaymışdı.
“Hraparak” qəzetinin yazdığına görə, tələblərdən biri Ruben Vardanyanın tutduğu vəzifədən azad edilməsi, digəri isə “Kaşen” (“Dəmirli”) mədəninin fəaliyyətinin dayandırılmasıdır:
“Rəsmi Bakı Laçın dəhlizində Rusiya sərhəd-keçid məntəqəsində rentgen skanerlərinin quraşdırılması və Azərbaycan nümayəndəsinin orada olmasını da tələb edib. Məqsəd Ermənistandan Qarabağa və əksinə yüklərin daşınmasına nəzarət etməkdir”.
Laçın dəhlizində nə baş verir?
Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.
Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.
Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.
Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.
Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.
Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.
Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.
Tarixçə
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.