Blinkendən sonra Ursula von der Leyen Əliyevlə danışıb

Ursula Fon der Lyayen və İlham Əliyev. Foto: president.az

Telefon danışığında ikitərəfli münasibətlər və Brüssel görüşü müzakirə edilib

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı olub.

“President.az”ın yazdığına görə, tərəflər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər:

Bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub”.

Söhbət zamanı 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun, həmçinin Bakıda keçiriləcək “COP29” iqlim dəyişikliyi konfransının əhəmiyyətinə toxunulub.

Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Həmçinin aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışılıb:

Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib”.

Dünən Azərbaycanın Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Azərbaycanın rəsmi və hökumətyönlü mediası ABŞ Dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə telefon danışığının yalnız Bakı ilə Yerevan arasındakı münasibətlərlə bağlı olduğunu yazsa da, Vaşinqton tərəflər arasında insan haqlarına da toxunulduğunu bildirib.

Ana səhifəSiyasətBlinkendən sonra Ursula von der Leyen Əliyevlə danışıb