Əliyevlə Blinken Laçın dəhlizindən danışdı

Foto: Azərtac

İlham Əliyevin sülh gündəliyinə sadiqliyini ifadə etdiyi deyilir

İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev telefonla danışıb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Blinken Əliyevə zəng edib.

Bildirilir ki, Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini vurğulayıb:

O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini qeyd edərək dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub”.

Danışıq zamanı Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini deyib:

İlham Əliyev Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib”.

“Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb”, – deyə mətbuat xidməti əlavə edib.

Ağ Evdən bu telefon danışığı ilə bağlı açıqlama yoxdur.

İyunun 26-29-da Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında münasibətlərin nizamlanmasına dair saziş üzrə növbəti müzakirələr raundu keçirilib.

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqton görüşü barədə bildirib ki, inkişaf var, lakin qarşıda xeyli çətin işlər gözləyir.

E.Blinkenin sözlərinə görə, görüşlər səmimi və açıq şəkildə keçib:

Hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib”.

Mayın 1-4 tarixlərində də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətƏliyevlə Blinken Laçın dəhlizindən danışdı