Dövlət katibi Azərbaycanla münasibətlərdə narahatlıq doğuran məqamlara da toxunub
ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb.
O, hər iki ölkənin rəhbəri ilə davamlı və ləyaqətli sülhün əldə olunmasını müzakirə edib.
Xəbəri “Turan”ın Vaşinqton müxbiri yayıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ sülhü region üçün faydalı sayır:
“Dövlət katibi Prezident Əliyevin Azərbaycan və Ermənistan arasında davamlı və şərəfli sülh sazişi bağlamaq istəyini alqışlayıb. Dövlət katibi bu uzanan münaqişənin həm azərbaycanlılara, həm də ermənilərə iztirab səbəbi oldugunu qeyd etdi və sülhün regiona gətirəcəyi faydaları vurğuladı”.
Onun sözlərinə görə, Blinken son günlər ABŞ-la Azərbaycanın münasibətlərindəki narahatlıq doğuran məqamlara da toxunub.
“Blinken həmçinin Azərbaycanla güclü əlaqələrimizi müzakirə edərək münasibətlərdə son zamanlar narahatlıq doğuran sahələri qeyd edib”, – deyə Miller qeyd edib.
Ermənistanın Baş naziri Paşinyanla telefon danışığı zamanı isə Blinken ABŞ-ın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.
Miller bildirib ki, onlar ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və şərəfli sülh sazişinə nail olmaq səylərinə dəstəyini müzakirə ediblər.
“Dövlət katibi ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və Ermənistanla ikitərəfli əməkdaşlığı genişləndirmək üçün səyləri qeyd edib”.
Blinkenin çağırışları Dövlət Departamentinin yüksək səviyyəli rəsmilərinin sülh üçün “real imkan”ların olmasına dair nikbin açıqlamaları ilə eyni vaxta təsadüf edir.
Dövlət katibinin köməkçisi Ceyms O’Brayn bazar ertəsi səhər “Turan”a deyib ki, hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi həvəsləndirir.
O, Vaşinqtonla Bakı arasında mövcud fikir ayrılıqları və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimlə son görüşün məzmunu barədə açıqlama verməyib.
Ermənistanla bağlı O’Brayn deyib ki, Baş nazir Paşinyan çox cəsarətli və açıq şəkildə bildirib ki, sərhədlərini və Qərblə münasibətlərini açmaq istəyir.
Onun sözlərinə görə, Ermənistanın əvvəlki kimi Rusiyadan tamamilə asılı olmasını istəmir.
“Paşinyan həmçinin Ermənistana öz iqtisadi inkişafına diqqət yetirmək, təhlükəsizlik əlaqələri qurmaq və Mərkəzi Asiyadan Türkiyəyə ticarəti genişləndirmək imkanı vermək üçün Azərbaycanla sülh sazişi istəyir. Bunların hamısı “görmək istədiyimiz şeylərdir”, – O’Brayn qeyd edib.
Diplomat bildirib ki, ABŞ və Avropa Ermənistanla işləməkdə israrlıdır:
“Biz Avropalı tərəfdaşlarımızla və Ermənistan hökuməti ilə işləməyə sadiqik ki, Ermənistan xalqı Paşinyan hökumətinin islahatlar siyasətindən faydalana bilsin”.
ABŞ-la Azərbaycan arasında nə baş verir?
Noyabrın 15-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələr keçirilib.
Tədbirdə Dövlət Departamentinin Avropa və Avrasiya üzrə rəsmisi Ceyms O’Brayn deyib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq.
Konkret addımlara gəlincə, Ceyms O’Brayn bildirib ki, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq.
Bundan sonra, son bir neçə həftədə Azərbaycanda hökumətə yaxın mediada Qərbə, xüsusilə ABŞ-a qarşı məqalələr dərc olunur.
ABŞ səfirliyi isə noyabrın 27-də Bakıda planlaşdırılan məzun görüşünü təxirə salıb.
Bundan öncə yerli mediada Birləşmiş Ştatların həmin tədbiri əslində ölkədəki “agentura”sı ilə görüşmək məqsədilə keçirdiyi iddia olunurdu.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda anti-terror əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb.