ABŞ sülhün mümkünlüyünə inanır
Aprelin 30-da ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycanın Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə “president.az” məlumat yayıb.
Bildirilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini və ABŞ-ın dəstəyinin davam edəcəyinin vurğulayıb:
“ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub”.
“İlham Əliyev sərhəd-buraxılış məntəqəsinin Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun şəkildə təmin olunduğunu qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir”, – deyə məlumatda bildirilir.
Eynu zamanda, İlham Əliyevin sülh gündəliyini dəstəklədiyi qeyd olunub:
“Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib”, – deyə rəsmi sayt prezidentə istinadən yazır.
Məlumatda deyilir ki, telefon danışığı zamanı Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının Azərbaycanın Konstitusiyası və Bakının tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı bildirilib.
Aprelin 29-da ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefon danışıb.
A.Blinken Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının vacibliyini vurğulayaraq, ABŞ-ın davamlı dəstəyinə söz verdiyi qeyd olunub.
Ermənistan hökumətinin məlumatına görə, Nikol Paşinyan vurğulayıb ki, Azərbaycanın Laçın dəhlizində atdığı addımlar Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə yönəlib:
“Həmçinin Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiyası və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası üçün təsirli addımların atılmasının vacibliyini vurğulayıb”.
Mayın 1-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın dövlət katibi Entoni Blinkenin dəvəti ilə görüşəcəyi gözlənilir.
Dövlət Departamentinin sözçünün müavini Vedant Patel ötən həftə brifinqdə bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında davamlı sülh axtarışları ilə fəal məşğul olmağa davam edir.
Laçın dəhlizində nə baş verib?
Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.
Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:
“Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.
“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.