“Blef” edən məhbuslar

Bazarlıq lovğalıgı və idman kostyumu…

Source:

Təcridxanada dustaqların sevimli zarafatlarından (əslində “zarafat” sözü dustaqlar tərəfindən o qədər də qəbul olunmur, əvəzində “mehribançılıq”, “dilxoşluq” kimi sözlər işlədilir) biri “bazara getmək” İfadəsidir. Yeni gələn dustağa təlqin edirlər ki, guya kameranın ehtiyaclarını təmin etmək üçün hər həftə bir nəfər iltizamla və kamera yoldaşlarının zəmanəti ilə bazara getmək hüququna malikdir. Təbii ki, növbəti bazar bu vəzifəni yerinə yetirməyi yeni dustağa təklif edirlər. Guya özləri artıq bazara getməkdən beziblər, hava çox istidir (və ya soyuqdur) və s. və i.a.

Aydındır ki, hər dustağı buna inandırmaq olmur. Əvvəla, ilk dəfə məhbəs həyatı yaşamalıdır, ikincisi də çox sadəlövh olmalıdır. Kürdəxanıdakı 6 nəfərlik kameramıza da bir dəfə beləsi gəlmişdi. O gələrkən özüm Lənkəranda etapda olmuşdum. Əhvalatı mənə qayıdanda danışdılar.

Yeni yoldaşımızın yaşı 40-ı ötsə də, son dərəcə sadəlövh insan idi. Kameradakı digər 4 nəfər onu bazar alış-verişinin gerçəkliyinə inandırmış, növbəti dəfə bazarlığa getməyə razı salmışdılar. Oturub alınacaq şeylərin siyahısını tutmuş, 3 nəfər də zəmanətçi kimi qol çəkmişdi. Dördüncü isə guya irad etməyə başlayıb ki, gözüm bundan su içmir, qaçacaq, biz cavab verməli olacağıq, qol çəkmirəm.  Məhbus da başlayıb and-aman etməyə ki, vallah-billah heç yana qaçan deyiləm, sizi pis vəziyyətə qoymaram, filan-filan. Nəhayət, sonuncu “zəmanətçi” də qol çəkmişdi.

Bazar günü yeni kamera yoldaşımız səhər tezdən qalxıb, üzünü qırxıb, geyinib, keçinib və gözləməyə başlayıb. Saat 9-da həm gəzinti yerinin qapısını açmaq, həm də məhbusları saymaq üçün kameraya nəzarətçilər daxil olur. Onlardan bazara nə vaxt gedəcəyini soruşan yoldaşımız yalnız o vaxt aldadıldığını bilmişdi.


*  * *

Məhbəsdə tez-tez rast gəldiyim hallardan biri də lovğalıq, daha yayılmış şəkildə desək, “risovka”dır. Müxtəlif variantlarda təzahür edir bu hal. Məsələn, kimisi guya azadlıqda qoyub gəldiyi villadan və bir neçə bahalı maşınlarından danışır. Villası və heç velosipedi də olmayan, bundan da heç bir diskomfort yaşamayan mənim üçün bu variant tamamilə anlaşılmaz və ən qıcıq yaradanıdır. Çünki bununla təəssürat yaratmaq istəyirlərsə, deməli, məndə nə səbəbdənsə merkantil potensial görmüşlər.

Həbsxanada “yaxşı oğlan” ehtiyacı olan məhbuslarla paylaşmağı bacarmalıdır. Bu qaydadan doğan lovğalıq tipinə də tez-tez rast gəlinir. Həmsöhbətim iddia edir ki, Hatəm səxavətli birisidir, məhbəsdə işi-gücü ehtiyacı olan məhbusları yeyəcək-içəcək-çəkəcək-geyinəcəklə təmin etmək olub. Adətən, belə söhbət də tez-tez “siqaretindən birini ver, çəkim” istəyi ilə müşayiət olunur.

Ümumiyyətlə, siqaret dustaqların ən ciddi ehtiyacıdır. Təcridaxanada tez-tez biri kamera nəzarətçisi vasitəsilə digərindən siqaret istəyir. Ertəsi gün isə əks proses baş verir. Və ya sovqat alan kamera tez-tez siqaret aldığı kameraya 2-3 qutu göndərir. Təbii ki, “burjua” məhbusları istisna olmaqla əsas kütlə ucuzvari, 50-80 qəpik qiymətində olan siqaretlər çəkirlər. Adi halda belə siqaretlərdən kiməsə pay göndərmək böyük jest sayılır, amma və lakin… Bir də görürsən ki, qapının yemək verib-almaq üçün nəzərdə tutulmuş yeri (dustaq dilində “kormuşka”) açıldı və nəzarətçi söyləyir:

– Filan kameradan suda (deyildiyi kimi yazıram) getməli siqaret istəyirlər.

Yəni söhbət artıq 50-80 qəpiklik siqaretlərdən getmir. Bir kamera yoldaşım təsadüfən əlinə keçən “Kent” siqaretini düz bir ay saxladı ki, məhkəməyə çıxanda cibinə qoysun. “Risovkalığ”ın bax belə növü də var.

Bir növü də var ki, kart oyunlarındakı fənlə uyğunlaşdırıb adını “blef” qoymuşdum. Yəni boş əllə hap-gop eləmək, basıb-bağlamaq. Bunun ən bariz nümunəsinə Lənkərandan qaytarılarkən dustaq vaqonunda rast gəldim.

Küdrəxanıda mənimlə kamera yoldaşı olan birisi də vaqonda idi. Ağcabədi rayonundan idi. Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılırdı. Vaqonda mənim salındığım kupe-kamera ilə yanbayan qadınlar üçün nəzərdə tutulmuş kamerada idi. Adının baş hərfi “S” olan ağcabədili yoldaşım bir qədər uzaq kameraya salınmışdı. Lakin yola düşməyimizdən az sonra “yaxşı oğlan” davranışına uyğun olaraq qadınlar kamerasına yaxınlaşaraq nəyə ehtiyacları olduğunu soruşdu. Qadınlardan “heç nəyə, çox sağ ol, qardaş” cavabını alsa da, yenə təklifində israr etdi, lakin eyni cavabı aldı. Sonda:

– Filan kameradayam, adım da S-dır. Nəyə ehtiyacınız olsa, xəbər eliyərsiniz. Çəkinib eləməyin, – deyərək ayrıldı.

Kamera yoldaşımın inadkarlığına təəccübləndim. Təcrübəmdən bilirdim ki, adətən bölgə rayonlarından olan dustaqlar geriyə pay-puşla, dolu çanta ilə qayıdırlar. Uzaq rayonlardan olanlarda bu imkan yox idi. Elə Ağcabədidən dustağın yanına uzağı bir dəfə gələrdilər ki, o da özünə ancaq yetərdi. Amma həmin gün məhkəməm olmuşdu, yorğun idim, bu kimi fikirlərlə özümü məşğul etməyib yatdım. Gecə təxminən 2-də kameranın qapısının səsinə oyandım, lakin gözlərimi açmadım. Başımın üstündə S-in səsini eşitdim.

– Müəllim, ay müəllim…

Gözlərimi açdım.

– Bağışla, oyatdım. Amma möhkəm acımışam, atışdırmağa bir şeyin olar.

Ona hər hansı cavab verməmişdən öncə, heç nəyi olmadığı halda bayaq niyə “blef” etməsini soruşdum. Bir az qısnayandan sonra həqiqi cavabı aldım:

– Düzünü bilmək istəyirsənsə, məndən qabaq biri onlardan soruşmuşdu, heç nə istəməmişdilər. Bilirdim ki, məndən də istəməyəcəklər.

Bax, belə!. “Blef” edən yoldaşım, sən demə, qarşı tərəfin kartlarını bilirmiş.


*  * *

Növbəti əhvalatı bəlkə də bəziləri mənim lovğalığım, “yaxşı oğlan” olduğumu isbat etməm ki, dəyərləndirəcəklər. Amma bu hadisə indiyə qədər məhbəsdəki ən yaddaqalan xatirələrimdəndir. Bir az tərəddüd etdikdən sonra onu da oxucularla bölüşmək qərarına gəldim.

Əhvalatın qəhrəmanı Lənkəranın kəndlərindən birindən olan, təxminən 55 yaşlı məhbus idi. Əvvəlki həbs müddəti bitəndən 9 gün sonra yenidən tutulmuşdu. And-aman edirdi ki, düşməni var, o şərləyib. Nə qədər gerçəkçi olduğunu deyə bilmərəm, amma azadlıqda cəmi 9 gün qalması istər-istəməz adamda mərhəmət hissi oyadırdı. Noyabr ayında məhkəməsi başa çatdı, yenə məhkum edildi. Artıq ertəsi gün Kürdəxanıya, ordan da cəzaçəkmə müəssisəsinə göndəriləcəkdi. Əynindəki paltarlar isə çox nazik idi. Aydın idi ki, başqa geyəcəyi yoxdur. Allahdan boy-buxunu mənimlə eyni idi. Evə xəbər yolladım, qalın paltarlarımdan gətirilməsini, bir də imkanlar çərçivəsində idman kostyumu alınmasını istədim. Ertəsi gün dediklərim gəldi. Paltarları alan ağsaqqal (onun da adı “S” ilə başlayrdı) çox təsirləndi, xeyli minnətdarlıq etdi. O qədər ki, özümü artıq narahat hiss edirdim.

Gecə qatara minərkən idman kostyumu artıq ağsaqqalın əynində idi. Yola düşəndən təxminən 2 saat sonra evdən göndərilmiş yeyəcəklərdən çantadan çıxararkən  “S” də yadıma düşdü. Konvoydakı əsgərlərdən birini səsləyib:

– Filan kamerada bir ağsaqqal var, adı “S”. Idman kostyumu geyinib. Ona söylə, müəllim deyir ki, çıxıb gəlsin mənim yanıma.

Bir neçə dəqiqə sonra “S” kamerama yaxınlaşdı. Artıq yeyəcəkləri oturacağın üstünə düzmüşdüm (dustaq vaqonlarındakı kupe-kameralarda stol olmur). Əsgər qapını açdı, kişi içəri girdi. Nəsə pərt idi. Fikir verməyib yeməyə dəvət etdim. O da dəvətimə fikir verməyib məndən soruşdu:

– Müəllim, idman kostyumunu istəmisən?

– Kostyumu neyləyirəm, səni yeməyə çağırmışam.

– Bəs konvoy söylədi ki, müəllim deyir, idman kostyumunu çıxarıb gətirsin…

Sən demə, əsgər mənim “idman kostyumundadır… çıxıb gəlsin” sözlərimi “idman kostyumunu çıxarıb gətirsin” formasında çatdırıb. Belə sözün kişini necə pərt edəcəyini anladığımdan çox pis oldum. Yalnız bir müddət ötəndən və pərtliyi keçəndən sonra “S” özü hadisəyə gülməyi başlayanda mən də ona qoşuldum.

İndi bu sətirləri yazarkən fikirləşirəm ki, bəlkə heç əsgərdə də günah olmayıb? O, mənim dediklərimi olduğu kimi çatdırıb, “S” özü səhv anlayıb? Hər nəsə, artıq keçib.


*  * *

Təxminən 15 ay ərzində başıma gələn hadisələrin bir qismini paylaşdım. Yeni əhvalatlar olanda yenə paylaşacağam. Necə deyərlər, bizdən ayrılmayın…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəXəbərlər“Blef” edən məhbuslar