Bla-bla-bla, amma…

“Dünənin dünyası”. Daim təbliğ olunmalı, oxunmalı əsərdir.

Source:
Zaur Qurbanlı
Zaur Qurbanlı

Stefan Sveyq (Stefan Zweig ): “Dünənin dünyası”. Daim təbliğ olunmalı, oxunmalı əsərdir. Sveyq (Zweig) bizim indi kütləvi nitqdə qəbul etdiyimiz anlamda humanist adam idi. O, I Dünya müharibəsinin baş verməsini həzm edə bilmirdi. Əvvəl-axır elədi. Amma bu müharibənin davamı olan II Dünya müharibəsini həzm edə bilmədi və 1943-cü ildə intihar etdi.

Avtobioqrafik “Dünənin dünyası” əsərində Avropanın I Dünya müharibəsinə qədərki “49 müharibəsiz il”i və müharibə haqqında maraqlı informasiya ləzzətlə sinirəcək üslubda təqdim olunur. Əvvəla onu deyim ki, bu 49 il Avropada, daha doğrusu, Qərbi Avropada müharibəsiz olub.

Məsələn, 1884-85-ci illər Berlin konfransında avropalı idarəçilər yığışıb Afrikanı böldülər. Efiopiyadan başqa bütün Afrika Britaniya, İspaniya, Portuqaliya, Fransa, Almaniya və İtaliya arasında bölüşdürüldü. Həmin “49 müharibəsiz il”də Almaniya bu bölüşdürmə nəticəsində payına düşən Tanqanikaya hücum edib 120 min yerli sakini qırdı. Qırğınlar başqa yerlərdə də davam edirdi. Amma avropalılar bir-birlərini qırmırdılar.

Nəticədə maraqlı vəziyyət yaranmışdı (həmişə bu vəziyyət olub, onda da davam edirdi): Avropada müharibəsiz, texniki, mədəni inkişaf şəraitində yüksək elit, etik qaydalarla davranan viktorian avropalılar dünyanın əksər yerində insanları qırırdılar. Özü də qırğını edən adamlar bu elit, etik təbəqədən olan adamların şəxsən özləri idilər. Təsəvvür edin, bir nəfər balda hansısa xanımın geniş ətəkli donunun kənarını əzdiyinə görə ard-arda mərtəbəli ifadələrlə üzr istəyir, eyni adam bir neçə gün sonra Afrikada on minlərlə insan öldürürdü.

Bu, “bizimkilər və onlar” ayrı-seçkiliyinin nəticəsi idi ki, ibtidai icmadan əvvəl də olub, ta bizim təkhüceyrəli vaxtımıza qədər gedib çıxır. Orta əsrlərdə Qərbi Avropada əcnəbiləri itbaşlı, donuzsifət təsəvvür və təsvir edirdilər. Bu, təkcə avropalılara yox, bütün insanlara, daha doğrusu, bütün canlılara xas xüsusiyyətdir. İnsanlar isə canlıların elə bir növüdür ki, özü bəzi sistemlər uyduraraq, digər canlı növlərindən daha fərqli davranır. Məsələn, barəsində danışdığımız humanizm. Uydurma bir şeydir. Şirizm, pələngizm, hörümçəkizm yoxdur. Antilopu parçalayan şir barədə heç o antiloplar özləri də “qaniçən, qəddar” deyə düşünmür.

Bir sözlə, “təbii olan şeylər gözəldir” təbliğatı yanlışdır. Pedofiliya da təbiidir, amma uşaqların hüquqlarına ziddir deyə biz buna yaxşı baxmırıq. Uşaqların hüquqları nədir? Uydurma bir şey. Şirin balasının hüquqları yoxdur, hansısa heyvan onu nəinki zorlaya, gücü çatsa, basıb-yeyə də bilər. Biz heyvanlar aləmindən uzaqlaşa bildiyimiz qədər insanıq. Kim bu uzaqlaşmanı bəyənmirsə, onu özündən güclü adam zorlasa, öldürmək istəsə, gərək polislə, dövlətlə işi olmasın, özü öz müqavimətini təşkil eləsin. Heç kim bunu istəmir, çünki hamımız humanistik əslində.

Bir sözlə, biz heyvanlardan uzaqlaşa bildikcə, insanıq. İnsanlıq dediyimiz mərhəmət, empatiya kimi hisslər heyvanlardan uzaqlaşmağımızı tələb edir. “Biz – onlar” bölgüsünü bütün ibtidailiyi ilə tətbiq etmək heyvani bir şeydir. İnsan cəmiyyətində bu, bəzən gülünc hala düşür. Sveyq (Zweig) I Dünya müharibəsi haqqında maraqlı bir epizod təsvir edir. Deyir, İtaliya əvvəl Almaniya, Avstriya-Macarıstan və Osmanlı ilə müttəfiq idi. O zaman italyan “alimlər” belə təbliğat aparırdılar ki, italyanlar və almanlar eyni keçmişə malik qohum xalqlardırlar, onların genləri bir-birinə uyğun gəlir, ingilislər və fransızlar isə bu genetik quruluşa yaddır. Alman bəstəkarlar əsərlərinin Milandakı La Skala teatrında səhnəyə qoyulması ilə qürur duyardılar. İtaliya Antanta tərəfə keçib Almaniya və Avstriya-Macarıstana müharibə elan edəndən sonra isə həmin “alimlər” belə “araşdırma” ortaya qoydular ki, italyanlarla ingilislərin və fransızların genləri uyğundur, almanlar “pis uşaqlardır”. Alman bəstəkarlar isə La Skalada əsərlərinin səhnəyə qoyulmasını biabırçılıq hesab etdilər.

Ümumiyyətlə, müharibə təbliğatı elə bir şeydir ki, bu təbliğatın işlədiyi cəmiyyətlərdə onun təsir dairəsinə düşməyən çox az adam qalır. O qədər az ki, səslərini çıxarda bilmirlər. Səsi çıxanı söyürlər, hədələyirlər, evinə yürüş etmək istəyirlər, adına saxta profillər açıb, biabır etmək istəyirlər… Bu, hakimiyyətin çaldığına ən şıdırğı oynayan kütlədir. Kütləni hakimiyyət düzəldir, maarifçilik yox. Bir quranlıq ifadə azadlığından danışıb, sonra bir “amma” yazaraq, kütlənin dediyini təkrar edənlər də elə kütlədəndirlər – savadının dərəcəsindən, “amma”dan əvvəl nə yazmalarından asılı olmayaraq. “Amma”ya qədərki hissə riyakarlıq, “amma”dan sonrakı hissə onların simalarıdır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBla-bla-bla, amma…