Biznesmenin azyaşlı oğlunun qəza törətdiyi bildirilir

Fizuli Fərəcov: “14 yaşlı uşağı həbs edərlər?”

Source:
Ağaəli Fərəclinin istifadə etdiyi avtomobil – Foto: Auto.az
Ağaəli Fərəclinin istifadə etdiyi avtomobil – Foto: Auto.az

Mayın 3-də saat 17 radələrində Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, “Porche” markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub. Sürücü avtomobillə hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən X.Məmmədova orada ölüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub.


Faktla əlaqədar cinayət işi başlanılıb.

Hadisəni törədənin iş adamı biznesmen və gecə klublarının sahibi Fizuli Fərəcovun oğlu olduğu bildirilir. “Sputnik”in məlumatına görə, həddi-buluğa çatmamış, 2001-ci il təvəllüdlü oğlu Ağaəli Fərəcli “Porsche Cayenne Magnum” markalı, “99 BS 999” dövlət nömrə nişanlı avtomobili sənədsiz idarə edib. Azyaşlı olduğundan sürücülük hüququ yoxdur.

Həyatını itirən 1992-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Məmmədova Xəyalə Ənvər qızının iki uşaq anası olduğu bildirilir. O, hadisə yerinin yaxınlığındakı gözəllik salonlarından birində işləyib.

Polisdən “Sputnik”-ə bildiriblər ki, maşın yeniyetmənin atasının adınadır. A.Fərəcli həddi-buluğa çatmadığı üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək. İşin materialları araşdırma üçün DİN-in ali istintaq orqanına göndərilib.

Məlumata görə, F.Fərəcovun gənc qadının ölümünə səbəb olan avtomobilinin satış qiyməti 200 min manatdan başlayır.

F.Fərəcov “unikal.org”-a açıqlamasında hadisəni törədən oğlunun hələ 14 yaşında olduğunu deyib:

“Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?…”-deyə qeyd edib.

“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Ana səhifəXəbərlərBiznesmenin azyaşlı oğlunun qəza törətdiyi bildirilir