Biznes sirrinin qanunsuz yayılması barədə cəzalar ağırlaşdırılır

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq

Source:


Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq

Azərbaycanda sahibkarın razılığı olmadan kommersiya və bank sirrinin qanunsuz istifadə edilməsi, o cümlədən ixrac nəzarətinə aid sənəd və məlumatların yayılması ilə bağlı cəzalar ağırlaşdırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 202.2 və 202-1.2-ci maddələrinə dəyişikliklər edilir.

Məcəllənin 202.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda qüvvədə olan maddə isə belədir: 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası.

Məcəllənin 202-1.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə isə ixrac nəzarətinə aid sənəd və məlumatları yayma külli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Hazırda qüvvədə olan müddəyə görə isə cəza belədir: Beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə.

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərBiznes sirrinin qanunsuz yayılması barədə cəzalar ağırlaşdırılır