Әkrəm Həsənov: “Sahibkarlar təminat əqdlərinin etibarsızlığı məsələsini qaldırsa, banklar təminatsız qalacaq”
“Bəzi bankların iriməbləğli biznes kreditləri təminatsızdır. Ona görə yox ki, təminat müqavilələri (zaminlik, girov, ipoteka və s.) mövcud deyil. Ona görə ki, həmin müqavilələr qanuna ziddir, etibarsızdır. Bu isə həmin kreditlərin qaytarılmaması təhlükəsini artırır”.
Bunu bank işləri üzrə ekspert, hüquqşünas Әkrəm Həsənov öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, həmin banklar işlərini rahatlaşdırmaq üçün sahibkarlarla ümumi kredit müqaviləsi (adını bəzən kredit xətti müqaviləsi də qoyurlar) bağlayır, sonra da həmin müqaviləyə uyğun ayrı-ayrı kredit razılaşmalarına əsasən kreditlər verirlər.: “Bu kreditlər üzrə təminat əqdləri (girov, ipoteka, zaminlik və s.) həmin ümumi kredit müqaviləsinə bağlanır (hər dəfə bu işi etməmək üçün). Yəni təminat əqdlərinə münasibətdə əsas öhdəlik qismində ümumi kredit müqaviləsi çıxış edir. Konkret kredit öhdəlikləri üzrə təminat əqdləri bağlanmır.
Lakin həmin ümumi kredit müqaviləsi əslində əqd (müqavilə) deyil. Hüquqi əhəmiyyəti olmayan boş kağız parçasıdır! Həmin müqavilə tərəfləri üçün heç bir öhdəlik yaratmır. Çünki bank üçün kredit vermək öhdəliyi yaratmır.
Mülki Məcəlləsinin 324.1-ci maddəsində deyilir: “Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”. Ümumi kredit müqaviləsində isə hər hansı mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsi mövcud deyil. Həmin müqavilə əsasında mülki hüquq münasibəti əmələ gəlməyib, dəyişdirilməyib və ya ona xitam verilməyib. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir; uydurma əqd əhəmiyyətsizdir.
Mülki Məcəllənin 385.1-ci maddəsində deyilir: “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Sözügedən müqaviləyə əsasən isə heç bir tərəfin hər hansı hüququ və ya vəzifəsi yaranmır. Deməli, öhdəlik mövcud deyil”.
Ekspert deyir ki, öhdəlik mövcud deyilsə, sadalanan ipoteka, girov və zaminlik müqavilələri üzrə də öhdəlik mövcud deyil, həmin müqavilələr etibarsızdır. Çünki Məcəllənin 460.3-cü maddəsinə əsasən əgər Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə (Məcəllənin 480-cı maddəsi ilə ayrı qayda yalnız qarantiya üçün müəyyən olunub), əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur:
“Yeri gəlmişkən, həmin ümumi kredit müqaviləsi heç Mülki Məcəllənin 402-ci maddəsinə uyğun olaraq ilkin müqavilə də deyil. Məcəllənin 402.6-cı maddəsində deyilir: “Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur”. Deməli, sözügedən müqavilə yalnız niyyət razılaşmasıdır.
Təbii, sahibkarlar sözügedən təminat əqdlərinin etibarsızlığı məsələsini qaldırsa, banklar təminatsız qalacaq”.