Bizim Zəfər Tağımız

Elə bilirdim, serrozdan öləcək…

Source:

Oxuduğumuz kitablara mütaliə dövründə nə qədər bağlanırıqsa bizlərə təsiri o qədər çox olur. Bu yaxında almaniyalı yazıçı Erich Maria Remarque (Eriya Mariya Remark)-ın “Trimpual Arch” (“Zəfər Tağı”) kitabını bitirdim. Bu kitabı o biri oxuduğum kitablara görə gec bitirdim. Səbəb o idi ki, çox ağır və ağrılı təsir bağışlamışdı. Hətta kitabı bir neçə dəfə yarımçıq saxlayıb, kənara qoydum. 1 həftə sakitləşib, özümə gəlir sonra yenə mütaliəyə davam edirdim. Əslində “Zəfər Tağı” o qədər də ağır əsər deyil və etiraf edim ki, ümumiyyətlə mən ağır əsərləri daha çox sevirəm. Hətta onları birnəfəsə oxuyuram.

Sadəcə “Zəfər Tağı”-nı oxuduğum ərəfədə bəzi psixoloji gərginliklər yaşayırdım. Ona görə əsərin qəhrəmanın yaşadığı iztirabları mən də yaşadım. Həm də kitabda baş verənlər 2-ci devalvasiyadan sonra depresiyyaya düşmüş Azərbaycan cəmiyyətinin indiki durumuna çox oxşayır. Birinci Dünya Müharibəsini yaşamış böhran vəziyyətində olan Avropanın əsərdə təsvir olunmuş vəziyyəti bu günki cəmiyyətimizin ruh halına çox oxşayır. İnsanların üzü gülmür, hər addımbaşı ümidsizlik gözə dəyir. Hər tərəf bom-bozdur. İnsanlar artıq rahat şəkildə qocalıb öləcəklərinə inanmırlar, onları qabaqda aclıq, yoxsulluq, xəstəlik, qəfil ölüm gözləyir.

Hətta bu sətirləri yazdıqca yenə əsərin baş qəhrəmanı Ravikin iztirabları sanki yenə könlümə dağ çəkdi. Qəhərləndim.. Ravik almandır, ixtisasca həkimdir, iki yəhudunin qaçmasına yardım etdiyi üçün Gestapo zabiti Haake ona işgəncə verib. Ravikin işgəncələrə dözməyən qadını isə düşərgədə intihar edib. Ravik lagerdən qaçır və mühacirlərin ən sevimli ölkəsi Fransaya gəlib. Pasportu və şəxsiyyəti təsdiq edən başqa heç bir sənədi olmadığı üçün Parisdə gizli yaşayır, artıq dörd dəfə tutulub, deportasiya edilib. Hər dəfə yeni adlarla Parisə qayıdır. Mahir cərrah olan Ravik burada gizli şəkildə həkimlik edir, ən çətin təşrihlərin öhdəsindən gəlir.

Onun həyatdan umacağı bir şey yoxdur. Qazandıqlarını içkiyə və qadınlara xərcləyir.

Ravik özünü körpüdən atmaq istəyən bir qadını xilas edir. Daha sonra o həmin Joan Mado adlı qadına aşiq olur. Joan onun həyatına xoş anlar gətirsə də, həm də onu geri atır. Qadının aşırı diqqət istəməsi qayğılarla dolu Raviki ziddiyətli duruma salır.

Ən çox xoşuma gələn yazıçının Ravikin daxili dünyasını ustalıqla qələmə almasıdır. Məhz yaradılmış həmin psixoloji portret, qəhrəmanın daxili dünyasının genişliyi Remarkın necə möhtəşəm yazıçı olmasını deməyə əsas verir.

Etiraf edim ki, romanın əvvəli mənə xoş təsir bağışlamamışdı, çünki Ravikin dayanmadan alkoqollu içki içməsi məni qıcıqlandırırdı. Elə bilirdim, adam bu gedişlə içki düşkününə çevirilib, serrozdan öləcək. Daha sonra buna bir növ alışdım. Həm də Ravikin sevdiyi qadın Joanla olan dialoqları həmin içki məclislərini rəngləndirdi. Raviklə Joan arasında olan dialoqlar əsrlər boyu kişi və qadınların mücadiləsini tərənnüm edir.

Raviklə rus mühacir Borisin dostluğu da çox gözəl təsvir olunub. Onlar bir yerdə şahmat oynaya-oynaya dərdləşir, məsləhətləşir və birgə vacib qərarlar verirlər. Ən pis təsir edən məqam isə Joanın boyun fəqərəsindən zədə alması oldu. Boyununda ilişib qalmış gülləni çıxara bilmədiyi üçün xəstəxana palatasında ölən sevgilisini qurtara bilməməsi Ravikə pis təsir edir. Joanın həmin ərəfədəki yalvarışları adamı məhv edir.

Əsəri oxuduqca ölkəmizin bu günlərdə keçirdiyi ağır durumla paralellər aparacağınıza əminəm. Xoş mütaliələr..


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir

Ana səhifəMənim FikrimcəBizim Zəfər Tağımız