Bizim və sizin həbsiniz…

Dünən Əfqan Muxtarlını 3 aylıq həbs etdilər

Aynur Elgünəş
Aynur Elgünəş

Dünən Əfqan Muxtarlını 3 aylıq həbs etdilər. Əslində hakimiyyət üçün biabırçı olay olsa da, bizim üçün faciəvi bir şey baş vermədi. İçi mən qarışıq, bu yolu seçənin hər biri bilir ki, onu xoş nəsə gözləmir. Yolu biz seçmişiksə, deməli, bunları da gözə almışıq. Nə kimdənsə umacağımız, nə də başımıza gələnlərə görə minnət vurmaq fikrimiz var.

Biz jurnalistik, haqq bildiyimiz nə varsa, onu deyirik. Qoy hakimiyyət adımıza nə istəyir yazsın, bizi hansı təşkilata bağlayır bağlasın. Birincisi, bunun belə olmadığını özləri də yaxşı bilir. İkinci, media beynəlxalq fondlardan, reklamdan, satışdan maliyyələşər.

Hakimiyyətin verdiyi isə “sus” payıdır. Necə ki, illərdir yeyib susanları görürük. Reklamdan, satışdan məhrum, amma bəy kefində dolananları görürük. Onların hamısı gerçək media adına ləkədir.

Əfqana məhkəmə qurulanda media adından danışan, əslində isə hakimiyyətin mirzəsi olmaqdan qabağa getməyən bir qrup adam Naxçıvandakı bağlandığı rəsmi elan edilən avtomobil zavodunda selfie çəkdirirdi. Baxanda düşündüm ki, yazıq adamlardılar, hamısı qarnından asılıb, pultla işləyir.

Üzdə əleyhimizə danışıb, arxada “sən haqlısan e, amma… ” ilə cümlə quranlardı. Bu adamların içində bizə qarşı qəzəb var, çünki onlar kimi deyilik. Əksəriyyəti aramızdan gedib. Xoş güzərana satıb özünü. Amma satılmasını həzm edə bilmir deyə bizə qəzəblidir.

Hakimiyyətin yemlədiyi media orqanlarında isə hazırda ev qırğını gedir. Başları özlərinə elə qarışıb ki, dünyada nə baş verdiyindən xəbərsizdilər. 2-3…5 evi olanlardı dalaşanlar. Görünən budur ki, evsizlər yenə evsiz qalacaq.

İllərdir hakimiyyət mediasında işlədiyinə baxmayaraq, müdafiə etdiyim adamlar vardı. Dünən belələrindən birinin əməkdaşı üzümə dedi: “Müəllimə, filankəsin tərəfini çox tuturdunuz, gördünüz ev üstündə necə şərəfsizlik etdi?”

Utanıb yerə girdim, axı o adama məxsus evdə dəfələrlə olmuşdum, şəraitinə də bələdəm, yaşayışına da. Mən heç, susdum, bəs özü necə baxacaq yanındakı evsiz jurnalistlərin üzünə? Bəli, mən jurnalistə ev verilməsinin əleyhinəyəm. Amma bu, hər bir halda verilirsə, o zaman qoyun evsizlər alsın də.

Başqa bir həmkarım da var, evsizlikdən evlənə bilmir. Onun da çalışdığı orqanın rəhbəri özünə ev almaq istəyir, 3-cü evi. Amma o gənc söhbətimizdə çox məntiqli bir söz dedi: “Bilirik harda işləyirik. Əgər mən hər gördüyümü yaza bilmir və buna görə susuramsa, məcburam o adamların istəyi ilə razılaşım”.

Azad mediada isə bu məcburiyyət yoxdu. Azad medianın rəhbəri imkansız əməkdaşının problemlərinə göz yumub özünə sərvət toplaya bilməz. Buna nə vicdanı yol verər, nə də işçilər haqqını tapdaladar. Elə bu azadlıq eşqidir bizi bu gün zərbələr qarşısında sipərə çevirən.

Ev üstündə illərlə çörək kəsdiyi iş yoldaşlarının “quyu”sunu qazanların qəribə məntiqi də var: “Biz sizin mövqeyinizi anlayırıq, siz də bizə qarşı tolerant olun”.

Bu dayaz məntiq sahiblərinə izah etmək olmur ki, biz siyasətçi deyilik, din üstündə savaşmırıq hərəmizin bir platforması, əqidəsi olsun. Hamımız jurnalistik və peşəmizin prinsipləri ümumidir. Və o prinsiplərdə aydın göstərilir: Jurnalist heç bir halda hakimiyyətdən, dövlət orqanlarından və özəl şirkətlərdən hədiyyə, mükafat götürə bilməz! Jurnalisti yalnız fondlar, beynəlxalq qeyri-hökumət təşkilatları mükafatlandıra bilər.

…Əfqanı həbs etdilər. Sabah bizi də həbs edə, döyə, öldürə bilərlər. Ancaq əlimizdən bircə şeyi ala bilməzlər. Sizdə olmayanı – vicdan azadlığını. Siz çoxdan üstündə dalaşdığınız o evlərdə həm vicdanınızı, həm də özünüzü həbs etdirmisiniz…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBizim və sizin həbsiniz…