O əsəri çox prosesə şamil eləmək olar. İsanın, Mehdinin gözlənməsindən tutmuş lokal, daha kiçik miqyaslı proseslərə qədər.
Mənim əsəri oxuduqca ağlımda ən çox 2 proses canlanırdı. Bizim üçün ən ağrılı olanlar…
Bu əsər Azərbaycan müxalifətinin vəziyyətini ən gözəl təsvir edən əsərlərdən biridir. Əbədi gözləmək, təslim olmamaq, özünü həsr etmək və əbədi uğursuzluq haqqında möhtəşəm əsər. Bizim müxalifət Bastion qalasıdır. İnsanları kənardan cəzb edir, mübarizə, möhtəşəm döyüş, şərəfli həyat vəd edir. Bunların bir hissəsi reallaşır da. Amma həlledici çarpışma anı gəlmir.
Söhbət heç qələbədən də getmir, sadəcə döyüşdən gedir.
Adamlar müxalif təşkilatlara üzv olaraq və ya olmadan, özlərini ictimai sektorda hiss edərək, gözləyirlər. Özünü tərki-dünya hesab edənindən tutmuş, ən həssasına qədər hər aktivist və ya prosesin digər iştirakçısı o anı gözləyir. Bununla bağlı hətta “İks günü” anlayışı, romanıda var. Amma o gün gəlmir ki, gəlmir.
Covanni Droqo da gözləyirdi. Hamının inandığı və ya özünü inanırmış kimi göstərdiyi döyüş anına inanmışdı, gözləyirdi. Ömrünün sonuna kimi də inandı. Əsərin sonunda elə hiss olunur ki, nəhayət, düşmən gəldi. Amma Covanni üçün yox. Onu sadəcə qovurlar. Onun qədər saf inanmayanlar, əsl döyüşçü olmayanlar, satılmışlar qovur. Vaxtilə yerdəyişmə haqqında ərizə yazaraq və bunu Covanni kimi gənclərə bildirməyərək, rəhbərliyə satılanlar və ya sadəcə çıxıb gedərək, cəsarətsizliyə satılanlar, ya da ki düşmənin gələcəyinə inamını itirərək, prinsipsizliyə, məğlubiyyətə satılanlar onu qovur. Çünki Covanni qalanın ruhu idi, o ruhla savaşmaq olmazdı. Onu sadəcə qovmaq lazım idi ki, qalanın ruhuna çevrilə bilməyənlər rahat olsun.
Bizdə isə yeni gələnlər məhz Covanni kimi qarşılanır. Kim ictimai sektora gələndə ona deyiblər ki, “biz artıq nə vaxtsa inqilab olacağına inanmırıq”? Məncə heç kimə. Amma bilirsiniz, onların bəziləri artıq bunu qəbul ediblər. Onlar inqilaba inananlara gizlində gülürlər, lağ edirlər. Zaman isə gedir. 92-93-ün kadrlarında parlamentdə döyüşən gənclər indi ağsaqqal babalardır və onlar əmindirlər ki, heç vaxt düşmən gəlməyəcək. Bastian qalasının funksiyası gözləmək, gözlətmək, insanları inandırmaq, o inamdan özlərinin iyrənəcəyi günə qədər bu inamı onlarda qorumaqdır.
Bilirsiniz niyə klassik müxalifət “müxalifət nazirliyi” adlandırılır? Yox, onları hökümətdən pul almaqda qınamırlar bununla. Onlar da digər nazirliklər kimi, dəyişikliyin olmaması uğrunda mübarizə aparır. Funksiyaları status-kvonu saxlamaqdır. Simeonenin Droqonu qovarkən, etdiyi amansız çıxışı xatırlayırsınız? Simeone Droqonu – 30 ildir, Qalada xidmət edən, daim inanan, tatarların gələcəyinə fasiləsiz ümid edən Droqonu ona görə qovurdu ki, onun otağında 3 gənc yerləşəcəkdi. 3 gənc isə inanan, o cümlədən Simeone kimi qocaların da inanmasına inanan yeni sadəlövhlər deməkdir.
Simeoneyə onların cəsarətsizliyə, mübarizəsizliyə satılmasını bilməyən insanlar lazım idi, Droqo kimi inanan və onların inanmadığını bilən insan yox. “Müxalifət nazirliyi”nin də funksiyası budur – kimsə bu nazirliyi idarə edənlərin – müxalifətin qoca qurdlarının inqilaba, dəyişikliyə artıq çoxdan inanmadığını bilməməlidir. Bunu hiss edənlər, bilənlər qovulmalıdır – mühacirətə getməli, “MTN-şik” adı ilə damğalanmalı, təşkilatda seçki varsa, hər vasitə ilə uduzdurulmalıdır.
Droqoya həqiqəti deyənlər Qalanın zirzəmisindədirlər, rütbələri artmır, diqqətdən kənardadırlar. Bizim müxalifətdə də həqiqətləri deyənlər kənara itələnib, hərəsi bir adla damğalanıb, ciddiyə alınmırlar, çünki rəhbərlər, nüfuz sahibləri buna imkan vermirlər. Gözləyənlər axırda Droqo kimi hətta dəyişiklik çatanda da qovulacaqlar. Çünki onlar inamın, ümidin qalib gəlməsinin sübutudurlar, onlar qoca qurdlara lazım deyillər. Həqiqəti yalnız ondan sui-istifadə edən kahinlər bilməli, qalanları məhv edilməlidir.
23 ildir, gözləyən çoxlu droqolar var müxalifətdə. Təslim olmurlar, inanırlar, gözləyirlər, özlərinin döyüşçü, mübariz müxalifətçi kimi lazım olacaqları həlledici anı, o gözəl günü gözləyirlər. Amma o günün gəlməməsini hökumətdən daha çox arzulayan qoca qurdlar həqiqəti bilirlər, sonsuz, ümidsiz yolda olduqlarını bilirlər, amma kahinlik edib, bu həqiqəti heç kimə demirlər. Kabinetlərindən çıxmırlar, vəzifələrindən getmirlər, yeni yaranan gəncliyin isə inamını itirərək, tezliklə onlara qoşulacağını – həqiqəti bilənlərin əclafcasına susacağını, bilməyənlərin sadəlövhcəsinə bu statik yolda ətalət içində sürünəcəklərini səbrlə gözləyirlər.
…Və nail olurlar. Hamı sınır, tez və ya gec. Ya o tərəfdən (hakimiyyət tərəfdən – pulla, qorxu ilə…) sındırırlar, ya da bu tərəfdən(müxalifət tərəfdən – ümidsizliklə, inamsızlıqla, üzücü sürünmələrlə).
Bir də Qarabağ məsələsi Bastian qalasına oxşayır. Aprel döyüşlərində gördük ki, xalq, xüsusən də, əsgərlər necə həsrətlə, səbirsizliklə gözləyirmişlər döyüşü. Elə hey “blindaj”da oturub, onlara molla deyənlərə oturub baxırlar. Həlledici döyüşü, tatar çölündən həmləni və ya “irəli” əmrini gözləyirlər. Amma əmr gəlmir ki, gəlmir. Apreldə nəhayət ki, nəsə başlamışdı. O vaxt nə qədər saf Droqo öldü, öləndə, yəqin, çoxu düşündü ki, “nəhayət, o güngəldi, artıq azad edirik, heyf ki, mən görməyəcəm qələbəni”.
Droqo surətinə aprel döyüşlərində ən çoxuyğun gələn adam polkovnik Raquf Orucov idi məncə. Amma aprel döyüşləri Anqustinanın həlak olduğu mənasız sərhədçəkmə əməliyyatı qədər əhəmiyyətli oldu. Sadəcə çox adam öldü.
Bastian qalası isə həmişə qalır. Sarı divarlar həmişə oradadır. Ora getmək, ordan çıxmaq, orda qalmaq olar. Amma təslim olmamaq hər oğulun işi deyil. Bəzən hakimiyyət bu qalanın (ordunun, müxalifətin və s.-nin) bir hissəsini geri çağırır, sayı azaldır, amma Qala və komendant(lar) daim qalırlar. Ölmüş ümidlərin, məhvedilmiş arzuların, söndürülmüş inamların üzərində…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.