“10 litr neft, cəmi iyirmi dollara – qəlbimdə sevinirəm…”
Bir neçə il öncə əsgərlikdəki dostuma baş çəkməyə getmişdik. Dostumuzun qulluq etdiyi hərbi hissə sərhəd zonasında yerləşirdi. Qatarla gedib rayonlardan birində düşməli, sonra maşınla bir-iki saata hərbi hissəyə çatmalı idik.
Səhər saat beş radələrində rayona çatdıq. Bir sınıq-salxaq taksiyə minib, dostumuzun bu rayonda yaşayan hərbçi qohumunun evinə yollandıq.
Hərbi qulluqdakı dostumuzun qardaşı da bizimlə idi. Məsləhət gördü ki, həmin hərbçinin evində nəfəsimizi alaq, bir az boğazımızı isladıb, dincimizi aldıqdan sonra hərbi hissəyə yola düşək.
Sübh tezdən olmağına baxmayaraq, evin yiyəsi bizi gülərüz, şux qarşıladı. İndicə təraş olmuş yanaqı qızarmışdı, əynində kitel var idi. Çöldə qış, hava soyuq olmasına baxmayaraq yaxası açıq kitelin altından maykası görünürdü.
Ala-yarımçıq tikili, darısqal həyət, zəncirdə qulaqları kəsik it, evin bacasından kasıbçılıq tüstüsü qalxır, aclıq iyi gəlirdi. Evin içərisinə keçdik. Ev əhli artıq yuxudan oyanmışdı. Biz keçib içəridə, sobanın kənarında elə yerdəcə, döşəkçənin üzərində oturduq. Ayaqlarım donurdu. Çox acınacaqlı mənzərə idi. Az qalırdı, ölüm yerə girim. Yol yoldaşımın bura gəlməsinə razılıq verdiyim üçün özümü söyürdüm. İki cağa, bacı və qardaş yorğana bürünüb televizorda “Yeni ulduz” verilişinin təkrarına baxırdı.
Onların arxasında sovetdənqalma, dəmir setkalı çarpayıda cılız qarı, üzərində maral rəsmi olan yastığa bürünüb, uzanmışdı. Önündə taburetkaya dərmanlar düzülmüşdü. Oturaraq söykəndiyim divarda, düz başımızın üstündə çox iri plakat yapışdırılmışdı. Bu plakatı mən elə qapıdan içəri girən kimi gördüm. Plakat az qala evin bütün divarını tutmuşdu. Plakatda sevincli, xoşbəxt, firavan “ata və oğul” bir-birilərinin əlin sıxır, arxada isə Xəzərin üzərindən günəş doğurdu. Sağda neft buruqları, solda neft daşları, taxıl zəmiləri, əllərində prezidentin portreti olan insan kütləsi, prezident nefti üzünə sürtür, yanında qara kostyumlu insanlar gülümsünüb, əl çalır. Bu şəkillərdən kollaj isə plakatın fonun tamamlayırdı.
“Ata və oğulun” başları üzərində böyük çap hərfləri ilə “BİZİM NEFT STRATEGİYAMIZ” yazılmışdı.
Evin xanımı dəmir podnosda çay, pendir, yağ, pesok gətirdi. Çay rəngsiz, soyuq idi. Çörək qurumuşdu. Gözucu televizor qabağındakı uşaqların həsrətləya xmacaya baxdığını görüb udqundum. Boğazım qurumşdu, heç nə yeyə bilmədim. Evin sobası gurultu ilə yansa da otağı isitmirdi. Ev elə bircə bu otaqdan ibarət idi. Divarlar oboysuz, çılpaq idi. Yaydan vurulmuş şpaklyovka artıq saralmışdı. Otağı qısa kabeldən asılmış bircə lampa işıqlandırırdı. Çayım artıq soyudu. Durub, sağollaşdıq.
Gizir bizi stansiyaya ötürdü. Dedi yan-yörədəquduz itlər çoxdu. Əlində fənər irəlidə addımlayır, ordan-burdan danışırdı. Kəndi qaranlıq örtmüşdü. Gecədən çökən duman da bir tərəfdən. Göz-gözü görmürdü. Yolda plakatı niyə divara vurduğunu soruşdum. Gülümsündü, dedi ki, seçkilərdən sonra hərbi hissədən gətirib. İndi aboy almağa imkanı yoxdur, həm də divarın həmən yerində nəmişlikdən böyük bir çat yaranıb. Dedi həm çatı bağlayır, həm də böyük olduğundan divarın yarıdan çoxunu örtüb aboyu əvəz edir. Elə belə də dedi,”Müvəqqəti çətinlikdir, kasıbçılıqdır, səbr edək, düzələr”.
Yaşayışdan danışdı, hərbdən, müharibədən. Otuz beş yaşı olardı. İfrat dərəcədə vətənpərvər idi. Onun kimi vətən sevgisi, geydiyi hərbi paqona hörməti olan ikinci bir şəxs hələ rastıma çıxmayıb. Çox sadə, gülərüz, nurani siması var idi. Optimist, saf, tərbiyəli bir insan.
Beləcə, gəlib çatdıq stansiyaya. Bütün yolu zülmət qaranlıq içində gəldik. Bircə gizirin fənəri işıq saçırdı ətrafa. Stansiya deyilən yerdə Heydər Əliyevin iri şəklinin reklam şitinə yerləşdirmişdilər. Ətrafını işıqlandırmışdılar. Şəkilin altında bir xeyli qadın, əllərində qatıq-süd balonları bazara getmək üçün rayon avtobusunu gözləyirdi. Biz gizirlə sağollaşıb, taksiyə mindik.
160 Litr neft cəmi 20 dollara. Necədü sizin üçün?
İndi az qala hər gün dəyərsizləşən neft, iş yerlərində, zavodlarda, müəssələrdə ixtisarlar haqqında eşidəndə, düşünürəm ki, bizim neft strateqiyamız həqiqətən də həmən divardakı kağız plakata bənzəyir. Ötən iyirmi ildə qara qızılnan ölkəmizdə baş verən çatları, dəlikləri, çılpaq divarları ört-basdır edirdilərsə, indi həmən plakat cırılıb.
Plakatın altında da qara bir dəlik görsənir.
Düzü, orta statistik azərbaycanlı kimi baş verənlərə üzülsəm də, qəlbimdə sevinirəm. Sevincimin səbəbi odur ki, ən azından harınlamış, qudurmuş, başını itirmiş ayıyeyənlərin, ofisiant bıçaqlayanların, “Galenvaqen”lə adam basanların, günün-günorta çağı tapanca atanların səsləri batıb. Forsları yatıb.
İkinci tərəfdən, yenə olan kasıba olacaq. Əvvəl bizi keçid dövrü ilə aldadırdılar, indi deyəcəklər dözün, ekonom dövrüdür. Millət də ki, onsuz da massovka həvəskarıdır. Yəni səsimi ucaldım, ayağımı yerə döyüm, təki kim elədi, bilməsinlər.
Bu illərdə neftən gələn gəlirin hara və necə xərclənməsi haqda yazmaq həvəsim yoxdur. Onsuz da məndən savayı bu haqda min dəfə deyib və yazıblar. Amma bir məsələ var ki, bizlər məişətə bağlı insanlarıq. Ruslar, Gürcülər, Ermənilər soğan-çörəklə dolana bilirlərsə, bizim üçün bu artıq qəbuledilməzdir.
Bu illərdə xalq və hakimyyət iki ayrı qütbdə yaşadı. Yəni millət özün birtəhər dolandırdı, hakimiyyət öz həyatın sürdü. Di gəl, tox azərbaycanlını yola vermək olar, amma vay o günə ki, azərbaycanlının balası ac qala. Ümumi süfrədən xalqa düşən qırıntılarnan az çox dolanmaq olurdusa, indi heç o qırıntılar da olmayacaq. Ekonom rejimdə birlikdə olmalıyıq, bir süfrədən yeməliyik. Bəs, hakimiyyət bizi o süfrəyə oturdacaqmı? Bu illər ərzində kral və xalq arasında olan boşluğu doldura biləcəkmi?
Bu illərdə televiziyaya, idmana buraxılan pullar yalnız beyinlərin formatına gətirib çıxartdı. Əgər sağlam bədəndə sağlam ruh olursa, ac bədəndə sağlam düşüncəli beyin olmur.
İşsizliyin, aclığın isə nəyə gətirib çıxardacağını özünüz düşünün.
Nə isə, ucundan tutub ucuzluğa getmək istəmirəm. Dediyim odur ki, yəqin ki anladınız, heç bir neft strateqiyamız, ümumiyyətlə strateqiya deyilən bir şey olmayıb. Sadəcə kor-koranə, təbii sərvətin, resursların pərakəndə satılıb-talan edilməsindən savayı.
Onsuz da bu gözlənilən idi, neft “coca-cola” deyil ki, yer altından sonsuz sorulsun. Sadəcə dünyada baş verən geo-siyasi hadisələr qara qızılın süqutun tezləşdirdi. İndidə neft iynəsinə oturmuş ölkənin lomkası başlayıb. Ümüdümüz qalıb uca tanrıya.
Cənablar, gəlin yalvaraq ki, qara mayenin qiyməti qalxsın.
Əks halda, gəmidə taxta çəlləyə salınmış siçanlar kimi bir-birimizi gəmirəcəyik.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…