Vahid Məhərrəmov: “Saxtakarlıq hökumətə problemləri görməyə imkan vermir”
2015-ci il Azərbaycanda kənd təsərrüfatı ili hesab olunur. Mütəxəssislər bu ilin kənd təsərüfatı üçün əhəmiyyətindən danışarkən aparılacaq islahatları qeyd edirdilər. Artıq ilin 8 ayı geridə qalıb. Ötən müddət ərzində kənd təsərrüfatı sahəsində hansı dəyişikliklərin olduğunu aqrar üzrə ekspert Vahid Məhərrəmovla müzakirə etdik.
– Vahid müəllim, kənd təsərrüfatı ili hesab olunan 2015-ci ilin ötən 8 ayı hansı yeniliklərlə yadda qaldı?
– Bu il “Kənd təsərrüfatı ili” elan olunanda düşünürdüm ki, hökumət bu sahədə apardığı siyasətdə yenilik edəcək. Uzun müddətdir kənd təsərrüfatında pərakəndəlik, dağınıqlıq, sistemsizlik mövcuddur, investisiya qoyuluşu, istehsal vasitələrinin davamlı şəkildə təminatı ilə bağlı problemlər var. Hətta daxili bazar üçün məhsul istehsal edən fermerlərimiz öz bazarımıza məhsul çıxarmaqda və banklardan vəsait almaqda çətinlik çəkirlər. Adi bir misal, fermerlər üçün bank krediti əlçatan deyil, həm də bank kreditləri alan fermerlər şikayət edirlər ki, əldə etdikləri kreditlərin faiz dərəcəsi yüksəık olduğu üçün onlara sərfəli deyil. Çünki kənd təsərrüfatında rentabellilik təxminən 15 faizə qədərdir, ancaq əldə etdiyi maliyyə vəsaitinin faiz dərəcəsi 35 -ə qədər artır. Belə olduqda onlar məhsul istehsal edib, zərərə məruz qalıb, banka vəsait ödəyəsi deyillər. Bəzi hallarda görürük ki, fermerlər böyük ümidlə vəsait əldə edirlər, ancaq sonra onlar banka işləməli olurlar, yəni bankın təsiri altına düşərək kredit faizini ödəməli olurlar. Uzun müddət sığorta ilə bağlı problemləri gündəmə gətirsək də, yenə dəyişiklik yoxdur, bitkiçik və heyvandarlıq, ümumiyyətlə, sığortalanmır. Bu sahə riskli olduğundan fermerləri çətin duruma salıb. Hesab edirəm ki, hökumət zamanında sadaladığım problemləri aradan qaldırmalıydı. Xüsusən kifayət qədər pay torpağı almış kəndlilər var, onların konsolidasiyası ilə məşğul olan qurum yoxdur. Bu sahə ilə Kənd Təsərrüfatı Nazirliyi məşğul olmalıdır, amma ortada heç nə yoxdur.
– O zaman sual yaranır; prezidentin aqrar sahəylə bağlı imzaladığı sərəncamlar inkişafa təkan verəcəkmi?
– Aqrar sahə olduqca mürəkkəbdir və bu sahədə olan sektorlar bir-biri ilə çox əlaqəlidir. 10 sərəncam imzalansa da, aqrar sahəni inkişaf etdirmək mümkün deyil. Aqrar sahə kompleks yanaşma tələb edir, yəni bütün problemlərin öz həllini tapması üçün müasir tələblərə cavab verən model hazırlanmalıdır. Yalnız maliyyə vəsaitinin ayrılması əhəmiyyət kəsb etmir.
–
Model deyirsiniz, bu baxımdan təklifləriniz nədən ibarətdir?
– Bitkiçilik, heyvandarlıq, emal sahəsi, əldə olunan məhsulun saxlanması, satışı, rayonlar üzrə ixtisaslaşma, peşə məktəbi səviyyəsində kadr hazırlığı, kənd təsərrüfatının elmi müəssisələrlə birgə fəaliyyətinin təşkili, seleksiya məsələlərinin günün tələbinə uyğun qurulması, müasir texnikanın bazasında yeni texnologiyanın tətbiqi-görürsünüzmü, nə qədər işlər var?! Bunların hamısı bir model çərçivəsində bir-birilə əlaqəli olaraq hazırlanıb, ortaya qoyulmalıydı. Artıq bir neçə rayon pilot rayon kimi seçilib, praktiki işlərin həyata keçirilməsinə çalışılmalıydı ki, sonradan bütün respublikanı əhatə etmək mümkün olsun.
– İlin başa çatmasına 4 ay qalıb, ötən müddətdə sadaladıqlarınız istiqamətdə hansısa addım atılmadımı?
– Görünən dağa bələdçi lazım deyil. Hakimiyyət “kağız bumu” yaratdı, sərəncamlar, fərmanlar verildi, qərarlar qəbul olundu, ancaq bunlar heç də aqrar sahəni inkişaf etdirəcək dərəcədə əhəmiyyətli sənədlər deyil. Çünki aqrar sahəyə kompleks yanaşma tələb olunduğu üçün xüsusi dövlət proqramının qəbuluna ehtiyac var. Dövlət proqramında vacib işlərin mərhələli həyata keçirilməsi nəzərə alınmalıydı. İl yekunlaşır, bəzi fərmanlar verilib, məsələn, “Yaşıl Market” yaradılıb. Yaxşı, respublikadakı bütün marketləri yaşıl rəngə boyayaq, bu, kənd təsərrüfatını inkişaf etdirəcəkmi?. Bu gün kənd təsərrüfatının istehsalla, kadrla bağlı problemləri var, aqrar sahəyə elmi yanaşma yoxdur. “Yaşıl Market”in yaranması problemlərin yüzdə birinin həllində yardımçı ola bilər.
– Siz dövlət proqramından danışdınız, bugünlərdə məlum oldu ki, son 10 ildə regionların sosial-iqtisadi inkişafı üçün 51 milyard vəsait xərclənib. Kənd təsərrüfatına nə qədər vəsait xərclənsəydi indiki durum yaranmazdı?
– Bunun üçün hesablamalar aparmalıdır. Birincisi, kənd təsərrüfatında heç bir maliyyə vəsaiti tələb olunmayan sahələr var ki, təşkilati işlərə daha çox ehtiyac var. Fermerlerin, kiçik pay torpağı almış kəndlilərin konsolidasiyasına maliyyə vəsaiti ayırmaq lazım deyil. Bunların birgə marağını təmin edib, ona uyğun iş görülməlidir. İkincisi, bu gün fermerlərin maarifləndirilməsi ilə bağlı xeyli işlərə ehtiyac var, onları informasiya təminatının ödənilməsinə də ehtiyac var. Yəni bunlara az maliyyə ayırıb, nəticə əldə etmək mümkündür. Baxın, bu il kənd təsərrüfatı ilidir, amma heç bir jurnalist, dövlət məmuru və mütəxəssis deyə bilməz ki, hökumət bu sahədə nəyə nail olmaq istəyir? Hökumətin aqrar sahədə hədəfi nədir? Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək-bu. ümumi sözdür. Ərzaq təhlükəsizliyini təmin etmək üçün nə qədər və hansı məhsuldan istehsal etmək lazımdır? Və bunu istehsal etmək üçün hansı tədbirlər həyata keçirilməlidir? Ortada heç nə yoxdur, boş-boşuna söz-söhbət var. Guya son 100 ildə analoqu olmayan taxıl yığımı olub, amma Dövlət Statistika Komitəsinin və Gömrük Komitəsinin məlumatları göstərir ki, son 100 ildə bu ilin 7 ayında olduğu kimi ölkəyə bu qədər buğda idxal olunmayıb. Əgər son 100 ildə rekord səviyyədə buğda istehsal etmisənsə, o zaman nə üçün ölkənin tələbatı üçün buğda idxal edirsən? Nəyə lazımdır analoqu olmayan rekord şişirtmələr? Ümumiyyətlə, pripiska, saxtakarlıq hökumətə problemləri görməyə imkan vermir. Müvafiq qurumlara rəhbərlik edənlərin problemləri görəcək gözləri də yoxdur, çünki bunun üçün mütəxəssis olmalısan. Bizim məmurlar fermalara televiziya çəkilişləri üçün gedirlər, iş görüntüsü yaratmaq naminə. Ümumiyyətlə, kənd təsərrüfatı naziri və müavinləri yalnız bu sahənin mütəxəssisi olmalıdır. Avropa ölkələrində orta məktıb müəllimi hətta kənd təsərrüfatı naziri ola bilər, ona görə ki, inkişaf etmiş ölkələrdə sistem oturuşub, yeni nazir yalnız siyasətdə yenilik edə bilər. Ancaq Azərbaycanda sistem qurulmayıb, parəkəndilik var, aşağı və yuxarı səviyyədə mütəxəssislər yoxdur.
– Keçmiş nazir İsmət Abbasov baş nazirin müavini təyin olundu, Heydər Əsədov isə Hesablama Palatasının sədri vəzifəsində çalışıb. Bu adamlar aqrar sahəni bilirdilərmi? Bilmirdilərsə, niyə təyin olunmuşdular?
– Niyə təyin olunmaları prezidentin səlahiyyətində olan məsələdir. Prezident istədiyi kadrı nazir qoya bilər, hansısa göstəricisinə görə təyin edir, ola bilsin etibar edir, yaxud başqa səbəblər də ola bilər. Ancaq adlarını çəkdiklərinizin hər ikisi aqrar sektoru dərindən bilmirlər, bu sahə olduqca mürəkkəbdir. Bernard Şou deyirdi: “Mən də kənd təsərrüfatına bağlıyam, çünki səhər oyanıb toyuq yumurtasından qayğanaq bişirib yeyirəm”. İndiki və keçmiş nazir bu səviyyədə kənd təsərrüfatıyla əlaqəlidir. Bu sahədə olan adamın bitkiçilik, heyvandarlıqla, torpaqla bağlı bilgisi olmalıdır. Bunları bilmədən aqrar sahəni necə inkişaf etdirmək olar? Sovet dövründə 2 milyon ton üzüm istehsal olunduğu deyilsə də, ən azı 1 milyon ton istehsal olunurdu. Yaxud 1 milyon ton pambıq yığılmasa da, yarım milyon ton var idi. Bu gün həmin səviyyəyə ona görə qalxa bilmirik ki, o zamanistehsal prosesini idarə edənlər mütəxəssislər idi. Onlar praktiki olaraq aqratexniki qaydalara necə əməl etməyi kolxozçulara, fəhlələrə göstərirdi, indi o cür kadrlar sıradan çıxıb, yeni kadrlar da yoxdur. Fermer və kəndlilər suvarmanı, əkin işini primitiv dədə-baba qaydasıyla aparırlar, heç olmasa şumun hansı səviyyədə aparmasını bilməlidirlər. Özünə hörmət edən mütəxəssis bacarmadığı işi üzərinə götürməz. Amma bizdə əksinədir, özü bilmir, bilməyənləri də ətrafına yığır.