Şou, model biznesi dünyasına səbəbi bəlli bir ikrahla baxıram. Bir dəstə hiyləgər işgüzar adam bütün dünyanı dəb iynəsinə otuzdurub. Kimin nə qədərə gücü çatır, o qədərini xərclətdirir. Gün uzunu saytlar, televiziyalar, sosial şəbəkələr insanlara uğurlu və yaraşıqlı insanın necə görünməli olduğu barədə məsləhətlər verir. Bu məsləhətlər bahalı ətir, paltar, zinət, aksesuar brendləri ilə müşayiət olunur. Məsələn, uğurlu qadının sahib olmalı olduğu 10 əşyanın siyahısında “Burberry” trençləri, “Lubuten” ayaqqabıları, “Hermes” çantaları, “Şanel” ətirləri və s. mütləq olmalıdır. Bu informasiyanı oxuyan bir az sadəlövh qadın depressiyaya düşə bilər, axı onun 30 min avroluq “Hermes” çantası, 1200 avroluq “Buberry” trençi, 6 min avroluq “Lubuten” ayaqqabıları yoxdur.
Bunları əldə etməyin yolları isə müxtəlifdir, kimi özünə insaf etmədən işləyib pul yığır, kimi bədənini satır, kimi rüşvət alır. Təki uğurlu qadın kimi görünsün. Nəticədə bu dəb, brend biznesi insanları iş, seks köləsinə çevirir, rüşvətə, oğurluğa sövq edir. Bu zəhərli hörümçək torundan xilas olmağa ancaq fərqli informasiyalara malik, bu dünyanın əslində böyük bir uğur illüziyası olduğunu anlaya bilən insanların xarakteri çatır.
Başqaları isə bizə Corc Kluninin, Anjelina Colinin, Şakiranın siması ilə birlikdə satılan brendlərin düşkününə çevrilir, Şakiranın geyindiyi paltarı geyinməklə Şakira olmağa can atır, nəticədə bütün həyatı bu bahalı əşyaları almaq üçün pul qazanmağa xərclənir. Sadəlövhcəsinə inanır ki, Şakira kimi yaşayır. Daha demir ki, Şakira səhər bir, axşam başqa ölkədə yemək yeyir, saçını bir adam darayır, dırnağın biri düzəldir, paltarın bir başqası geyindirir. Bu həyat tərzi üçün bir paltar, bir ayaqqabı, bir boyunbağı bəs deyil axı, o sizə reklamı edilən paltar, ayaqqabı, boyunbağı Şakiranın sahib olduğu qarderobun cüzi bir hissəsidir, ya da sadəcə reklam üçün geyinib, ona bunlar heç lazım deyil.
Dediyim odur ki, dünyadakı şou, model, dəb dünyası birləşib bizi soyur, qula çevirir, müasir əsirlər kimi öz əsarətində saxlayır…
Bütün bu zırıltı problemin fonunda biz bu problemə fikir vermək, dəb, brend əsiri olmaqdan xilas olmaq və başqalarını xilas etmək haqqında düşünmək yerinə, neçə ildir bu dünyanın bəsit bir hissəciyi – Kim Kardaşyanla mübarizə aparırıq.
Təsəvvür edin ki, iki ölkə savaş aparır. Bu savaşa heç bir dəxli olmayan, amma damarlarında bu iki ölkədən birinin nümayəndələrinin qanını daşıyan bir model də dünyanın tamam başqa bir ölkəsində yaşayır, pul qazanır, şou aparır. Prezidentlərdən tutmuş, evdar qadınlara qədər bu modelin fanatı, izləyicisi var. Onun millətindən olmayanlar da savaş apardıqları xalqa acıq vermək üçün heç nəyə dəxli olmayan modeli pornoulduz elan ediblər. Düşməndən acıq çıxmaq üçün.
İlahi, dünyada bundan cılız, bundan mənasız, bundan daha gülməli bir mübarizə üsulu ola bilərmi? Biz təbii ki, başqa planetdən gəlməmişik, insanlarımızın dəyərlərindən, mentalitetindən də az-çox xəbərimiz var. Gözümüzü açandan görmüşük ki, iki kişi dava edəndə o birisindən acığını onun ailəsindən olan bir qadının namusunu alçaltmaqla çıxır. Bəlkə fərdlər səviyyəsində qəbul olunmasa da, anlaşıla biləcək bu hərəkəti bir xalq, bir toplum şəklində eləmək həm komik, həm faciəvi, həm də ucuz hərəkətdir.
Saytlarımız Kim Kardaşyanı model yox, pornoulduz kimi təqdim etməklə sanki Qarabağ savaşından qalib çıxır, siyasətçilərimiz Kim Kardaşyana pornoulduz deməklə sanki necə vətənpərvər olduğunu nümayiş etdirir, jurnalistlərimiz də informasiyada dəqiqlik kimi bir dəyərə tüpürüb modelə inadla pornoulduz deyirlər. Ayıbdır, vallah, ayıbdır.
Ən gülməlisi də budur ki, bizimkilərin Kim Kardaşyanı pornoulduz, fahişə, əxlaqsız çıxarması onun soydaşlarının heç vecinə də deyil. Onlar öz Kimlərini sevir, dəstəkləyir, heyran olurlar.
Bir müddət əvvəl Ermənistana səfər eləmişdi, az qala bütün erməni xalqı küçələrdə gül-çiçəklə öz ulduzunu qarşılayırdı. Prezidentdən tutmuş, yeniyetmə qızlara qədər…
Dərd orasındadır ki, Kim Kardaşyan Kim Qardaşzadə olsaydı, azərbaycanlı olduğunu elan etsəydi, bu uğuru və şöhrəti azərbaycanlı kimliyi ilə qazansaydı, ona heç birimiz nə pornoulduz deyəcəkdik, nə əxlaqsız adlandıracaqdıq. O səfəri də Ermənistanda deyil, Azərbaycana eləsəydi, bizdə də hamı küçələrə töküşüləçəkdi.
P.S. Bilmirəm, nə qədər yerinə düşür, amma yadıma bir gənc bloqqerimizin Kim Kardaşyan xatirəsi düşdü. Gənc bloqqer Polşada bir erməni yaşıdı ilə tanış olur. Zarafatla deyir ki, nə gündəsiniz, Kim Kardaşyanın dalı ilə fəxr edirsiniz. Erməni də sakitcə deyir: “Vallah, elə ölkələr var ki, Kardaşyanın dalı dünyada o ölkələrdən daha çox tanınır…”