Məmur, polis, rüşvətxor, “şapka alanlar”, “otkat edənlər”, prokuror, üzəduran, şəratan, torba tikən vəkil, hakim deyəcək ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
2011-ci ilin payızının sonu olardı, kiçik bir dəstə dinləyici Dövlət Filarmoniyasından simfonik musiqi konsertindən çıxdıq, hava yaxşı olduğu üçün bir qədər gəzişmək, konsertdəki əsərlər və ifaçıları, həmişəki kimi ictimai-siyasi hadisələri müzakirə etmək isəyirdik. Dəstəmiz arasında professor Rəhman Bədəlov da vardı, bir qədər əsərləri müzakirə etdikdən sonra qəflətən “Baksovet”dəki yolda dayanmalı və dönməli olduq, çünki hansısa növbəti binanı “potyomkin kəndləri” layihəsi çərçivəsində yonurdular, hər yer bağlı idi. Bir qədər əsəbi görünən professor üzünü mənə tutaraq sordu:
– Yaxşı, səncə bütün bu nə zaman bitəcək?
Sualın məğzini haman tutmayıb, elə sualla da cavabladım:
– Nə, professor? Binaların yonulmasımı?
– Yox. Ümumiyyətlə bu. Gördüyün bu. Hamısı yəni. Nə zaman bitir səncə bu?
Düşündüm. Bir qədər sonra:
– Yəqin üç ilə… – dedim.
– Məncə isə 10 ilə… – cavabını aldım.
O zaman professorun bu sözü mənə nəsə çox-çox uzaq bir tarix kimi gəldi. Görünür, o zaman hələ daxilən çox gənc idim. Sadəlöhvlüyə görə yox, ümidlərə görə…
İndi o zamanın (professor dediyi vaxtla mənim düşündüyüm məsafənin) təxmini ortasındayıq, gələn il ekvatorunda olacağıq. Bu keçən il həm çox böyük ziqzaqlarla keçdi, həm də çox ağır nəticələrlə başa çatdı. Doğrusu, belə olacağını anlamaq üçün nəsə bir dahi-filan olmağa da böyük ehtiyac yox idi. Lap əslinə qalarsa, hamı bunu bilirdi. Lakin bizim cəmiyyətdə dominant olan davranış tərzi “dəvəquşu” alleqoriyası idi – başını torpağa salıb yaşamaq və ətrafı mümkün qədər görməmək…
İndi, bu kiçik bir yazıda bütöv bir eranın təhlilini vermək fikrim yoxdur, bu mümkün də olmazdı. Sadəcə yadıma ilk gələnlər bu uzun-uzadı və biabırçı-rəzil eranı rəmzi ifadə edən deyimlər oldu. Fəlakətlərlə dolu bu illər göz önündən sanki bir kino lenti kimi keçərkən, ordan-burdan, müxtəlif yağlı-zağlı personajlara məxsus bu ilginc-müdhiş ifadələr çıxır və öz arxasınca o zamanın qoxusu-atmosferini, eyni zamanda bu illər ərzində yaşadığımız dəhşət-vəhşət-rəzalətləri yada salırdı:
•
Qurtarın bu komediyanı, öldürərəm özümü!
• Ataram pencəyimi çiynimə, gedərəm…
• Jak Şirak qudurub!
• O pulun içində gömrük də gedir də…
• Əəə, bir-bir!
• Hörmətli vətəndaşlar, bildiyiniz kimi 20 ildir müstəqilliyə məruz qalmışıq…
• Ала, ты кто такой, давай, дасвидания!
Bunlar hər biri şahanə ifadələr idi, amma hissə-emosiyaya qapanmadan, dəqiq demək mümkündür ki, bu frazalar içərisində ən yığcam, dərin məna yüklü və indiyədək aktual olan bircəsi var, o da ölkəmizə kiçik bir dövrdə rəhbərlik etmiş “dollar Yaquba” məxsusdur: Biz böyük oyunun peşkalarıyıq!
Bəli, Azərbaycan iqtidarı, “siyasiləri”, “ziyalıları”, “generalları”, şair-mair tayfası, jurnalistləri, qoçuları, camaatı sanki bu fraza ilə hipnoz edilmiş kimi, sonunacan, amma lap sonunacan bu müdhiş ifadəyə uyğun hərəkət etdi.
İnanın ki, indi o “padvallarda” yatan keçmiş MTN generalları, elə o Çovdarov(luqda uçurumdan qoruyan), lap keçmiş nazirin özü indi deyir: Biz böyük oyunun peşkalarıyıq!
İnanın ki, Elman Rüstəmov, nə bilim “iqtisadçılar”-zadlar, “maliyyəçilər”, o biriləri, hamısı deyir ki: Biz böyük oyunun peşkalarıyıq!
Hətta ölkənin başçısının televiziyadakı çıxışından belə bir nəticə çıxır ki: Biz böyük oyunun peşkalarıyıq!
Və əsla şübhə etməyəsiniz, sabah nəsə olsa-olmasa, mütləq həmin o ifadəni yenidən hamısı tutuquşu kimi təkrar edəcək: Biz böyük oyunun peşkalarıyıq!
Nazirlər, prezident aparatı, “tamojna”, deputatxana, yüz ildə yüz dəfə “seçilib” iki kəlmə danışa bilməyənlər, milyon verib icra başçısı olanlar, səkkiz milyardı “Avropa oyunlarına” xərcləyənlər, otuz milyona 3 kilometr yol çəkənlər, kosmik gəmi qiymətinə körpü tikənlər deyəcək ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
Anarla AY(ı)B, “ziya(n)lılar, şairlər, aşıqlar, ittifaqlar, jurnalistlər deyəcək ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
Müğənnilər, meyxanaçılar, yaltaqlar, təlxəklər, “zəhmətkeşlər” deyəcək ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
Cəlladlar, inkvizitorlar, sümükqıranlar, şilləvuranlar, idmançılar, qoçular, mülki geyimlilər, “bandaddel” deyəcək ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
JEK müdürü, professor heyəti, “kitayski müxalifət”, seçki saxtalaşdıran müəllimlər, süpürgəpuluyığan, massovkada iştirak edən tələbələr, “Avropa oyunlarına” əl çalanlar deyəcək ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
Məmur, polis, rüşvətxor, “şapka alanlar”, “otkat edənlər”, prokuror, üzəduran, şəratan, torba tikən vəkil, hakim deyəcək ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
Bəli. Belə də olacaq. Bizimsə toplum kimi yeganə təsəllimiz onda ola bilər – əgər bu yaxınlarda qiyamət günü olarsa və onda hər birimizə nədən belə yaşadıqlarımızın haqq-hesablını sorsalar, hamımız bir yerdə deyərik ki: Biz böyük oyunun peşkalarıy(d)ıq!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…