Nərmin Kamal: “Ədəbiyyatda öz kiçik yerimin dəqiq koordinatlarını bildim”
Gənc ədəbi nəsil nümayəndələrinin adı sadalananda onun adı ilk beşlikdə çəkilir. Fərqli yanaşması, yazı üslubu, şeirləri, bloq yazıları ilə tanınır Nərmin Kamal. Meydan TV bu dəfə sualları ilə yazarın baxış bucağına işıq tutmağa çalışdı…
– Nərmin, əslində mətbuata elə də gec-gec müsahibə vermirsiniz. Amma bu söhbətdə mən bu günün deyil, on-on beş il əvvəlin Nərmin Kamalı ilə nələrisə müzakirə etmək istərdim. Gəlin, parlaq təmsilçilərindən olduğunuz 2000-cilər nəslindən başlayaq. Siz həmin illərin üsyan, etiraz, bir az epataj dolu ədəbi trendləri ilə razı idinizmi? Bu tərz müasir Azərbaycan ədəbiyyatına nəsə verdimi?
– Fəxr edirəm ki, gəncliyim belə bir mübariz ədəbiyyat hərəkatıyla bağlı olub. Bizim ədəbi nəslin ortaq dəyərləri var idi. Həm estetik baxışlarımız, həm ictimai fikirlərimiz oxşar idi. Qeyri-rəsmi ədəbi platformamızda əsasən 3 maddə var idi.
1. Deyirdik ki, ədəbiyyat “ədəbli yat” yox, “literatura” olmalıdır. Həyati, bəşəri, siyasi, cinsi, könlümüzdən nə keçsə yazırdıq, yeni formalar axtarırdıq. Cəsur, həvəsli və iddialı idik. Mən də həmçinin. Yadıma gəlir, 2001-ci ildə “Allahla cinsi əlaqə” adlı şeirə oxşar bir şey yazmışdım, “Alatoran” qəzet əlavəsində çıxmışdı, onun ətrafında çox söz-söhbət olmuşdu. O vaxt bu, özümə qəhrəmanlıq kimi görünürdü. Hələ də baxıram ki, bu kimi mövzularda yazmaq bizim ölkədə meynstrimə qarşı getməyin əsas üsulu kimi qalır, bizim ədəbi nəsil isə o mərhələni artıq keçib. İkinci maddəmiz o idi ki, bir xalq kimi öz dəyərlərimizi yenidən dəyərləndirməliyik. Üçüncüsü, Sovet yazıçılarının hakim siyasətə yaltaqlanmaq təcrübəsindən imtina edək, heç bir siyasətçiyə və siyasətə alət olmayaq… Müasir Azərbaycan ədəbiyyatına nə isə verdimi, – istənilən mədəni ölkənin ədəbiyyat tarixinə baxsaq, ədəbi-estetik baxışlarına görə fərqlənən cərəyanlar, məktəblər var, şeir və ya nəsr yazmağın birdən daha çox yolu var, biz də bura belə bir rəngarənglik gətirdik. Mən 1997-ci ildə Yazıçılar Birliyinin “Gənclər Günü”nə gedirdim, hər ayın ilk cümə axşamı, o tədbirlərdə heca vəznində “daş”, “ölüm”, “yol”, “karvan”, belə-belə obrazlı şeirlər oxuyurdular, mən şeirlərimi oxuyanda isə deyirdilər, ədəbi eksperiment. Guya bir əsas yol var, bir də eksperiment. Bizim ədəbi nəslin sayəsində hər üç maddə üzrə söhbətlər genişləndi, bizim çevrəmizi aşdı. Həm də açıq cəmiyyətdir, İnternet də dadımıza çatdı, kənardan da kitablar gəlir, tərcümələr edilir. Yaxşı ədəbi nəsil idi.
– Bu uzun illər ərzində dəyişikliklər çox oldu. Həmin ədəbi nəsildən həddən artıq siyasiləşənlər də oldu, uduzanlar da, depressiyaya düşənlər də, intihar edən də… Sizə elə gəlmir ki, bizim nəslin yaradıcılığı, ümumiyyətlə, siyasətdən, ölkənin durumundan həddən artıq asılı oldu, kənarda özünə “sənət mağarası” yarada bilmədi…
– Elə oldu. Bu, həqiqətdir. Amma bir məsələ var ki, kənarda sənət mağarası yaratmaq, ya ortalıqda olub ictimai məsələlərə həssas olmaq məsələsində əvvəldən dəqiq seçimimiz yox idi. Biz sanki sırf sənət və köşə yazmaq, xalqı maarifləndirmək arasında balanslı olmaq istəyirdik. Qarışıq məsələdir. “Alatoran” jurnalında bir ədəbiyyat nəzəriyyəçisi kimi Roland Barthes’ı təbliğ edirdik, amma baxın, o, 2 yaşında atasını müharibədə itirsə də, özü İkinci Dünya Müharibəsi dövründə yazıb-yaratsa da, əsərlərində bircə dənə də “müharibə” sözü yoxdur. Yəni ictimai həssaslığı olmayıb bu adamın… Hər halda bizim aramızda o yazıçılar dəyərli hesab edilirdi ki, həm sənət məsələlərilə məşğul olsun, həm də ictimai-siyasi məsələlərdə mövqeyini müstəqil saxlasın. Görünür, bu balansı qorumaq asan məsələ deyil, ona görə də çoxumuz ya bundan məhrum olduq, ya ondan, ya da hər ikisindən.
– Adda-budda çap, tərcümə olunsaq, müxtəlif festivallarda iştirak etsək də, nədənsə hələ də Azəbaycandan kənarda bir ciddi uğur qazanan da yoxdur aramızda. Sizcə, biz ədəbi trendləri bilmirik, yoxsa yazdıqlarımıza ədəbi menecer, tərcümə dəstəyi çatmır?
– Kənarda uğur qazanmaq təkcə bizim məsələmiz deyil, bizdən əvvəlki nəsillərdən də heç kim ölkədən kənarda ciddi uğur qazanmayıb. Bizdən əvvəlki nəsillər də elə Qərb dillərinə adda-budda tərcümə olunublar, adda-budda nələrsə olub. Bu gün ədəbiyyatda ciddi uğur qazanmaq çox konkret sözdür. Misal üçün, 20 ən yaxşı ədəbiyyat jurnalının siyahısı var. Konkret jurnallardır, olduqca nüfuzlu jurnallardır, o jurnallarda əsərin qəbul edilib çap olunmasına ciddi uğur deyərəm. Konkret bir neçə mükafat var ki, onların siyahısına düşmək uğurdur. Başqa mükafatlardan, başqa jurnallardan lap yüz dənəsi olsun, onlar vacib deyil, məhz müəyyən jurnallar, məhz müəyyən mükafatlar ciddi uğurdur, məhz onlara çıxmaq dünya ədəbiyyatına çıxmaqdır. Tərcümə də çox ciddi amildir. Azərbaycan yazıçıları Azərbaycan dilində yazırlar. Onların arxasında dövlətin standart, dünya praktikasından bildiyimiz, yazıçılar arasında ayrı-seçkilik etməyən Tərcümə Fondu dayanmalıdır. Ötən il Norveçin NORLA təşkilatının ikinci adamıyla müsahibəm çap olunmuşdu. o, konkret dedi ki, əgər verdiyimiz tərcümə və nəşr qrantları olmasaydı, Norveç ədəbiyyatından son illər düyada bu qədər kitab çap oluna bilməzdi…
Bəzilərimiz Azərbaycan dövlətinin köməyi olmadan bu körpüdən keçməyə çalışırıq, məsələn, mən müstəqil surətdə yazıb, tərcümə edib ildə bir-iki dəfə göndərirəm o ədəbiyyat jurnallarına. Nəticəsi olacaqsa, olacaq. Amma o biri tərəfdən baxanda, biz ona görə yazmırıq ki, uğur qazanaq. Şübhəm yoxdur ki, bununla razısan. Yazıçının, şairin ədəbiyyata, yazmağa mənəvi ehtiyacı var. Ədəbiyyat bizdən ötrü həyatdan qorunmaq vasitəsidir.
– Qlobal məsələlərdən bir az yerə qayıdaq. Yadımdadır ki, on il əvvəl heç birimiz ailə qurmaq istəmirdik, bu instituta lağ edirdik, amma nəticədə Seymur Baycandan başqa hamımız ailə qurduq, övlad dünyaya gətirdik. Oğluma hərdən baxaraq, düşünürəm ki, övlad dünyaya gətirmək yaradıcı insanın özünə edə biləcəyi ən böyük pislikdir. Həm də, fikirləşirəm ki, deməli, biz dünyagörüşlərimizdə, prinsiplərimizdə, sənətə qarşı münasibətimizdə yetərincə səmimi olmamışıq. Nə qədər bağlı olduğumuzu düşünsək də, niyə ədəbiyyat bizə bütöv olmağa yetmədi, bötüvləşmək, təsdiqlənmək üçün ana, ata, arvad, ər olduq? Oxşar düşüncələr sizdə də olurmu?
– Seymur Baycan həqiqətən də səmimi insandır, o, yalnız yaradıclığa, öz azadlığına sadiq qaldı. Biz ona çox hörmət edirik. Bizim çevrədə ailə qurmağa o qədər pis baxırdılar ki, hətta yadıma gəlir, bir dəfə bir yaxın dostum mənə mərhəmətlə baxıb dedi ki, “Elmar Hüseynovu öldürən mənəm” şeirini yazan qızı gör cəmiyyət necə bir məsələ ilə üzbəüz qoydu, ərə getmək.
Amma mən özümü peşman hiss etmirəm buna görə. Mən elə bir ailədə böyümüşəm ki, bacım-qardaşım yox idi, tək övlad idim. Qohumlarımda neçə adam var ki, öz karyerasında çox uğurlu insanlardır, amma ailə qurmayıblar, indi onlar hərəsi öz evində tək yaşayır. Mən bir çox tək qocalan bakılıları müşahidə edərək böyümüşəm. Yox, mən elə demirəm ki, adam gərək qocalanda tək ölməsin deyə cavanlığında evlənsin, onu demək istəmirəm. Əksinə, nəzərə alsaq ki, Sartre demişkən, “Cəhənnəm – başqa adamdır”, onda bəlkə də o tək adamlar xoşbəxtdirlər. Onu demək istəyirəm ki, bunun əksi olan mənzərəni də görürdüm. Ata, ana və uşaqlardan ibarət bir avtomobil dolusu şən, zəngin, xoşbəxt ailələri görürdüm. Babam C.Cabbarlı adına kinostudiyada işləyirdi, məni çox maraqlı ailələrə qonaq aparırdı, özgələrin evlərinin bizim evdən daha maraqlı, daha şən olduğunu görüb fikirləşirdim ki, onlar bizdən yaxşıdır. Axırda həmin babam da “İskra” küçəsindəki kupe boyda evində tək öldü… Sadəcə mən öz həyatımı özgələrin xoşbəxt həyatına bənzətmək üçün ailə qurdum. İndi mənim beş yaşlı bir uşağım var, elə bil ki, özümə bacı düzəltmişəm.
– Ümumiyyətlə, ailə, uşaq Sizə sırf yazıçı olaraq, mane olurmu?
– Uşaq hə, pis çıxmasın, uşaq yazı işlərimə çox mane olur. Yoldaşım mane olmur, o, mənim dissiplinli yazıçı olmağımı arzulayır, deyir ki, hərdən yazmaqla yazıçılıq olmaz, hər gün yazmalısan, özü də vaxtımı düzgün bölə bilmədiyimə görə məni ittiham edir. Uşaq isə daimi diqqət istəyir, deyir, mənimlə oyna.
– Sizin təklikdə, ya bizim ədəbi nəsil olaraq, təəssüflənməli olduğumuz şeylər nələrdir? Nəyi doğru etmədik, nədə tələsdik, nədə itirdik, nədə gücsüz olduq?
– Bizim ədəbi nəsildən bəzilərinin taleyi üçün təəssüflənirəm, aramızda böyük ruhlu, istedadlı yazıçı və şairlər vardı, nə gözəl yazırdılar, daha yazmırlar və ya daha elə yazmırlar. Bunu sadəcə gənclik enerjisilə də izah etmək olar. Amma başqa cür də izah etmək olar. Bir Azərbaycan nağılı var, oğlan iblislə dalaşır, iblisi yıxır. Oğlan iblisi öldürmək istəyəndə iblis deyir ki, sənə hər gün bir qızıl verəcəm, məni öldürmə. Doğrudan da, hər gün gəlib oğlana bir qızıl verir. Sonra qızılı kəsir. Oğlan yenə iblislə dalaşır, deyir, mənim qızıllarımı niyə kəsdin? İblis deyir, yaxşı elədim kəsdim. Dalaşırlar, bu dəfə iblis oğlanı yıxır. Oğlan deyir, bəs necə oldu məni yıxa bildin? İblis deyir, çünki birinci dəfə sən haqq uğrunda savaşırdın, indi isə qızıl uğrunda…
Bir də, istəməzdim özümüz haqda keçmiş zamanda danışaq. 6-7-8 yaşlarımda anama deyirdim ki, uçmaq istəyirəm, niyə biz quşlar kimi uça bilmirik. Bütün uşaqlar belə suallar verirlər. Hikmət isə cavabdadır. Anam deyirdi, adamlar ona görə uça bilmirlər ki, uçmağı çox, lap çox istəmirlər. Deyirdi, əgər sən çox istəsən, həqiqətən də istəsən, uça bilərsən. Mən də bu cavabdan sonra, yadıma gəlir, bədənimi gərirdim, özümü yerdən qaldırmaq üçün bədənimi tarımlaşdırırdım, çiyinlərimi oynadırdım, tövşüyürdüm, özümü min hala salırdım, çox əziyyət çəkirdim. Anam deyirdi, alınacaq, yəqin lap çox istəmirsən. Heç demirdi ki, ay uşaq, sənin bədənin o iş üçün qurulmayıb, sənin təbiətin başqadır, nə qədər istəsən də, uça bilməzsən. “Yox” demirdi, deyirdi bacararsan, uça bilmirsənsə, təqsir özündədi. İndi fikirləşirəm ki, çox faydalı olub onun bu cavabı mənim üçün. Hər şeyin öz əlimdə olduğuna inanmışam. İndinin özündə də elə bilirəm hər şey öz əlimdədi, hələ hər şey irəlidədir.
– Nərmin, bir neçə il Britaniyada yaşadınız. O ərəfədəki yazılarınızı da izləyirdim. O müddət, fərqli mədəniyyətlə təmas yaradıcılığınıza necə təsir elədi?
– Bir müddət, aktiv ədəbi həyat yaşadım. Çoxlu ədəbiyyat tədbirlərinə getdim, çoxlu söhbətlər, çoxlu kitablar, adamlar… Nəticədə ədəbiyyatda öz kiçik yerimin dəqiq koordinatlarını bildim.
– Hazırda yeni nəsr və ya şeirlər, tərcümə üzərində işləyirsinizmi, sizdən hansı yeniliyi gözləyək?
– Növbədə hekayə kitabım var, 20 hekayəlik. Hazırdır, indi gözləyirəm “Küçədən keçən adam” kitabım müəyyən qədəri satılıb bitsin, sonra bunu çapa verək.